Masallıda məşəlin gəlişini necə pula çevirirlər?
2-05-2015, 08:16
Rayon büdcə təşkilatlarında çalışanlara keçiriləcək konsertdə iştirak etmələri üçün məcburi qaydada 2 manatdan bilet satılır
Məlum olduğu kimi, Azərbaycan ilk dəfə Avropa Yay Oyunlarına ev sahibliyi edəcək. Yaydan etibarən 21 gün davam edəcək olimpiadanı bəzi rayonlar büdcə hesabına yola verməyə hazırlaşsalar da, bəzi rayonların rəhbərləri yaranmış fürsətdən istifadə etməyi də əldən buraxmayırlar.
JAM.AZ xəbər verir ki, Füzuli rayon icra başçısı Alı Alıyevin sahibkarlar və büdcə təşkilatlarından olimpiada üçün xərac yığıldığını bildirmişdik. Qeyd etmişdik ki, icra başçısının təlimatı əsasında hər bir sahibkardan müəyyən məbləğ tələb olunub. Amma bu addımı tək Füzulidə atmayıblar.
Elə Masallı rayonunda da olimpiada kimlərinsə qazanc yerinə çevrilib. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, sözügedən rayonda Olimpiada Məşəlinin gəlişi məsələsi açıq bazara dönüb. Belə ki, verilən tapşırığöa əsasən büdcə təşkilatlarında çalışan hər bir işçiyə 2 manatdan 1 ədəd bilet satılıb. Həmin bilet də məşəlin gəlişi ilə əlaqədar təşkil olunacaq konsert üçün nəzərdə tutulub.
Məlumatda qeyd edilir ki, dəyəri 2 manat olan biletin alınması məcburidir. Əks təqdirdə, etirazçının bir şəkildə cəzalandırıla biləcəyi xəbərdarlığı edilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.