Qarabağın minlardan təmizlənməsində daha bir problem: - “Hətta gözlə rahat görünə bilən minaları görünməz hala gətirir”
12-05-2021, 09:40

İşğaldan azad edilən bölgələrin minalardan təmizlənməsi hazırda qaşrıda duran əsas məsələlərdəndir.
Ermənistan tərəfinin minaların xəritəsini verməməsi əlavə çətinliklər yaradır.
Ötən günlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində Kəlbəcərdə hava şəraiti və yerin qarla örtülməsinin minatəmizləmə əməliyyatlarının aparılması üçün əlverişli olmadığını bildirib.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında ANAMA-nın Sistemlərin Tətbiqi və Metorologiya şöbəsinin müdiri Adil Aslanov plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə ilk olaraq yollar və kommunikasiya xətləri ətrafında minatəmizləmə əməliyyatları aparılır.
“Əməliyyatlarımız demək olar ki, işğaldan azad edilmiş ərazilərin hamısında aparılır. Torpağın hər qarışı yoxlanılır, təmizlənir və təkrar yoxlanılır. Bizim üçün vacib olan məqam insanların burada təhlükəsiz yaşayışını təmin edə bilməkdir”.
A.Aslanov agentliyin minaaxtarma zamanı hansı vasitələrdən istifadə etdiyindən də danışdı:
“Agentlik humanitar minatəmizləmə sahəsində əl ilə minaaxtarma, xüsusi təlim keçmiş itlərin və mexaniki minatəmizləmə maşınlarının dəstəyi ilə minaaxtarma metodlarından istifadə edir. Ərazinin metalla çirklənmə sıxlığını nəzərə alsaq minaaxtaran torpaq altında aşkar etdiyi hər siqnala ən təhlükəli mina nöqteyi nəzərdən yanaşmaq məcburiyyətindədir. Beynəlxalq Humanitar Minatəmizləmə Standartlarına əsasən mina sahəsində buraxılan hər bir siqnal buraxılmış bir minaya bərabərdir. Bununla yanaşı, mina sahələrindən başqa döyüş getmiş ərazilərin partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyətləri də icra olunmaqdadır. Hal-hazırda agentlikdə xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları mövcuddur”.
Agentliyin rəsmisi mövsümlə əlaqədar bitki örtüyünün qalxması və yağış suları nəticəsində minaların yerlərinin dəyişməsi faktorlarından bəhs edib:
“Uzun illər ərzində basdırılmış minaların əksəriyyəti təbiətin təsirlərinə məruz qalaraq, üst torpaq qatı yağışdan, sel sularıda yuyularaq açılıb və ya sürüşmə nəticəsində yerlərini dəyişərək torpağın daha dərin qatlarına gedir. Belə minaların aşkar edilməsi işləri çətinləşdirir. Yaz aylarında otlar qalxaraq, hətta gözlə rahat görünə bilən minaları görünməz hala gətirir”.
O qeyd edib ki, belə halları nəzərə alaraq miaaxtaranlar daha diqqətli və həssas davranmalı olurlar. Adil Aslanov minatəmizləmə əməliyyatı zamanı müxtəlif növ əldəqayırma partlayıcı qurğulara rast gəlindiyini deyir.
O, belə qurğuları xüsusi təlim keçmiş mütəxəssislərin zərərsizləşdirdiyini deyir. ANAMA-nın nümayəndəsi aprel ayə üzrə işğaldan azad olunan ərazilərdə aşkar olunan mina və partlamamış hərbi sursatların sayını da açıqlayıb:
“İşğaldan azad edilmiş ərazilərdə aprel ayın sonuna 20 280 727 kv.m ərazi təmizlənmiş, 7086 piyada əleyhinə mina, 3574 tank əleyhinə mina və 7943 partlamamış hərbi sursat aşkar edilib”.