Lavrovun siyazi natarazlıqla dolu səfəri: - İrəvanda deməli olduğu sözlərə Bakıda cavab aldı
12-05-2021, 15:48

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Azərbaycan və Ermənistan münasibətləri, eləcə də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bir sıra mübahisəli məsələlər müzakirə olunsa da, konkret razılaşma əldə olunmadı.
Ona görə də Lavrovun səfəri nəticəsiz və daha çox tərəfləri sakitləşdirməyə yönəlik missiyası kimi qiymətləndirilir. Halbuki, bölgədə həllini gözləyən çoxsaylı problemlər var.
Rusiya 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarına imza atmış vasitəçi tərəf kimi bu problemlərin aradan qaldırlmasında mühüm rol oynaya bilərdi.
Söhbət minalı ərazilərin xəritələrinin Ermənistandan alınması, Ermənistan ordusunun qalıqlarının Dağlıq Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına mane olan işğal faktının aradan qaldırılmasından gedir.
Çünki Rusiyanın XİN-in rəhbəri Bakıya gəlməzdən öncə İrəvanda olmuşdu və qovluğunda təkliflərin olduğu istisna edilmirdi. Hətta Rusiya sülhmərmalılarının öz missiyasından kənara çıxan davranışları da Azərbaycan və Rusiya arasında ciddi müzakirə mövzusudur.
Lavrovun açıqlamaları Azərbaycanın Xarici İşlər naziri ilə görüşdə bu məsələlər ətrafında müəyyən fikir mübadiləsinin aparıldığını göstərir. Ancaq nəticə etibarı ilə heç nə baş vermədi. Nazirlərin Bakıda keçirilən görüşü başa çatmamış Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkə ərazisindən Naxçıvana heç bir dəhliz verilməyəcəyini bəyan etdi.
Lavrovun bu məsələnin həllini tərəflərin öz öhdəsinə buraxması faktiki olaraq, Rusiyanın 10 noyabr bəyanatının 9-cu bəndində götürdüyü öhdəlikdən yayınması və ya imtina etməsi deməkdir.
S.Lavrov Rusiyanın Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılması, Qazax rayonunun işğal altındakı yeddi kəndinin, Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılması, Şuşaya atılan “İskəndər M” raketləri ilə bağlı məsələlərin üzərindən isə sükutla keçdi. Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı Lavrovun açıqlamasının hansı tərəfə ünvanlandığı qeyri-müəyyən idi.
“Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq”,-Rusiya Xarici İşlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirdiyi mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən belə deyib.
Lakin xəritələrin qeyd-şərtsiz verilməsi təkifini Lavrov Bakıda deyil, İrəvanda səsləndirməli idi. Çünki bu məsələ ilə bağlı şərt qoyan tərəf Azərbaycan deyil, Ermənistandır. Lavrovun Bakıda danışıqlar apardığı vaxtda Ermənistana məxsus “Teleqram” kanallarında yayılan məlumatdan aydın olur ki, Lavrov rəsmi İrəvanın mesajını gətirib.
Ermənistan minalanmış ərazilərin xəritələrinin verilməsi müqabilində “hərbi əsir” adlandırılan və Azərbaycanda həbsdə saxlanılan terrorçuların azadlığa buraxılması şərtini irəli sürür.
“Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır.
İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”,- deyə S. Lavrov bildirib.
Buna baxmayaraq, Lavrov nə erməni həmkarı Ara Ayvazyana, nə də Baş nazir Paşinyana xəritələrinb ilkin şərt qoyulmadan verilməli olduğunu deyib. Ona görə də Lavrovun bu fikri Ermənistanda deyil, Azərbaycanda səsləndirməsi siyasi tərs-mütənasiblik adlandırıla bilər.
Halbuki, Rusiya özü də bu vəziyyətdən əziyyət çəkən tərəfə çerilib. İndiyə qədər Rusiyanın 3 sülhməramlısı ermənilərin basdırdığı minaya düşüb.
Onların biri həlak olub, ikisi yaralanıb. Sonuncu hadisə isə bu yaxınlarda baş verib. Ona görə də Rusiya ən azı öz hərbçilərinin təhlükəsizliyi üçün bu xəritələrin verilməsini Ermənistandan tələb etməlidir. O ki qaldı “hərbi əsir” adlandırılan diversantların qaytarılmasına, Azərbaycan bununla bağlı qəti mövqeyini bir daha nümayiş etdirdi.
Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də nazir Ceyhun Bayramov S.Lavrovla görüşdə bütün erməni əsirlərin azadlığa buraxıldığını dedilər. 10 noyabr bəyanatından sonra diversiya törətmək məqsədilə Azərbaycan ərazisinə qanunsuz daxil olduğuna görə həbs olunanlar isə terrorçudur. Ona görə də Azərbaycanda erməni hərbi əsir yoxdur.
Bu, yalnız Ermənistan tərəfinə deyil, həm də S.Lavrovun timsalında Kremlə ünvanlanmış mesajdır. Yəni Lavrov Ermənistanın şərtini və ya təklifini deyil, xəritələrin veriıməsinə dair razılığı gətirməli idi.
Cebhe.info