Putinin ssenarisi pozuldu - SENSASİON DETALLAR
14-06-2021, 07:14

"Azərbaycanın 15 erməni diversantı Ermənistana təhvil verməsi də geopolitik manevr xarakteri daşıyır. Bu manevr bir neçə məqamı ortaya çıxartdı. Xüsusilə də, regionda kimin əlinin daha güclü olduğunu bütün beynəlxalq siyasi iradə mərkəzlərinə göstərdi. Bu manevrdən sonra rəsmi Bakı maksimum səviyyədə uduşlu mövqe qazandı. Birincisi, Azərbaycan verdiyi 15 diversantın əvəzini artıqlaması ilə geri ala bildi. Çünki Ermənistan bunun əvəzini Azərbaycanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələri ilə ödəməli oldu. Rəsmi Bakı 15 ermənini verməklə, 97 min vətəndaşının həyatını xilas etdi. Eyni zamanda, rəsmi İrəvanı da yaxın gələcək üçün fakt qarşısında qoymuş oldu. İndi Ermənistan minalanmış ərazilərin xəritələrinin olmadığını iddia edə bilməyəcək. Və digər xəritələri də vermək məcburiyyətində qalacaq". Azmarka.az xəbər verir ki, bunu siyasi ekspert Elçin Xalidbəyli musavat.com-dakı məqaləsində yazıb.
Ekspertin sözlərinə görə, belə anlaşılır ki, Rusiya bu önəmli prosesdən kənarda saxlanıldı: "Səbəbləri yəqin ki, ən yaxın vaxtlarda aydınlaşmağa başlayacaq. Hələlik isə yalnız onu demək olar ki, bunun səbəbləri sırasında yeni "geopolitik yerdəyişmə" ehtimalının da ola biləcəyi istisna deyil. Hər halda, Kremlin iştirakı olmadan olduqca önəmli nəticələrin əldə edilməsi, Rusiyanın regional vasitəçilik missiyasına ehtiyacın mövcudluğunu da şübhə altında qoyur: "Məsələ ondadır ki, Azərbaycan və Ermənistan Gürcüstanın vasitəçiliyi, eləcə də, ABŞ-ın prosesə fəal dəstəyi ilə ilk önəmli anlaşmanı reallaşdıra bildilər. Üstəlik, məlum oldu ki, Rusiyanın iştirakı olmadan belə proseslərin daha sürətlə və problemsiz reallaşdırılması mümkündür.
Eyni zamanda, Cənubi Qafqazda üç region ölkəsinin Rusiyanın müdaxiləsi olmadıqda daha effektiv münasibətlər qura bildikləri də ortaya çıxmış oldu. Deməli, bundan sonra regional inkişaf modelinin məhz Azərbaycan-Gürcüstan-Ermənistan formatına uyğunlaşdırılması üçün real örnək mövcuddur. Və bu, məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi iki əsas modeldən biridir.
Onu da qeyd edək ki, bu prosesdə ABŞ-ın fəal iştirakı qarşılığında Rusiyanın oyundankənar vəziyyətdə qalması konkret geopolitik maraqlara bağlıdır. Belə ki, Kremlə bu anlaşmanın baş tutması qətiyyən sərfəli deyildi. Çünki, bu anlaşmanın nəticə verməsi Kremlin dəstəklədiyi hərbi cinayətkar R.Köçəryanın yenidən hakimiyyətə gəlişi qarşısında ciddi əngələ çevrilə bilər. Hər halda, əldə olunan nəticənin Paşinyan hakimiyyətinin ictimai reytinqini ciddi şəkildə gücləndirdiyi inkaredilməz reallıqdır.
Xatırladaq ki, cəmisi bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin, hərbi cinayətkar R.Köçəryana seçki ərəfəsində zəng etməklə, öz dostunun siyasi-ictimai mövqelərini nisbətən gücləndirə bilmişdi. Hətta bir çoxlarında Rusiyanın öz namizədini Ermənistanda hakimiyyətə gətirməyə çox yaxın olduğu barədə qənaət də formalaşmağa başlamışdı. Və indi bu barədə tam əminliklə danışmaq artıq bir qədər çətindir.
Rusiyanın "Köçəryan manevri" Kremldən başqa heç kimə sərfəli deyildi. Ona görə də, ABŞ-ın da iştirakı ilə Azərbaycan və Gürcüstan Paşinyan hakimiyyətinin siyasi-ictimai mövqelərini gücləndirmək üçün ortaq əməliyyat reallaşdırdı. Və qarşıya qoyulmuş hədəfə böyük ölçüdə nail olunduğu da artıq müşahidə edilməyə başlayıb".