"Dövlət Yol Polisi sistemi ləğv olunsun" - hakimiyyətə çağırış

15-06-2021, 11:13           
"Dövlət Yol Polisi sistemi ləğv olunsun" - hakimiyyətə çağırış
Azərbaycanda yol polisi əməkdaşlarının fəaliyyətindən, yerli-yersiz sürücüləri saxlamasından, lüzumsuz cərimələməsindən narazılıq halları həmişə olub. Artıq DYP sistemi ölkədə nəqliyyatın hərəkətini tənzimləmək, sıxlıq və tıxac olan ərazilərdə hərəkətin intensivliyini təmin etmək, sürücülərin məlumatsızlıqdan etdiyi xətalara görə sadəcə xəbərdarlıq eləmək funksiyalarını yerinə yetirmək əvəzinə bir sanksiya-cərimə struturuna çevrilib. Yəni sürücünün yol polisi görəndə ağlına gələn tək hal onu saxlayıb cərimələmək istədiyi fobiyasıdır. Anaxeber.info məlumat verir ki, əslində DYP sistemində çox sadə islahatlar aparmaqla bu halları aradan qaldırmaq, vətəndaşların şikayətlərinə son qoymaq mümkündür. İlk növbədə qonşu Gürcüstan nümunəsini götürmək olar. Hüquqşünas Aslan İsmayılov bu haqda yazıb ki, son günlər DYP əməkdaşları sanki vətəndaşları incitmək öhdəliyi götürüblər: “Başqalarını demirəm, elə özüm və yaxın ətrafım hər gün DYP-nin özbaşınalığı ilə qarşılaşırıq. DYP strukturlarında baş verən anlaşılmazlıqlar, vəzifədən alınıb, sonra geri qaytarılmalar da bu qurumda böyük problemlərin olduğunun göstəricisidir. Əgər hakimiyyətdə həqiqətən vətəndaşların qeydinə qalan varsa bir neçə xatırlatma edim. Qonşu Gürcüstanda Saakaşvilinin atdığı ən uğurlu, vətəndaşların alqışladığı addımlar da məhz bu qurumla bağlı idi. Gürcüstanda ilk olaraq rüşvət mənbəyi olan avtomobillərin texniki baxış proseduru ləğv edildi”. A.İsmayılov qeyd edib ki, ardınca DYP bir qurum kimi ləğv edildi. Əslində Gürcüstanda da yol polisi var. Lakin siz onları küçə və prospektlərdə az-az görə bilərsiniz. Çünki Saakaşvili DYP sistemində apardığı islahatlar nəticəsində az sayda polis əməkdaşı saxlanıldı, kütləvi şəkildə ixtisar edildilər. A.İsmayılov bildirib ki, əgər doğrudan da vətəndaşların güzəranı maraqlandırırsa təxirə salmadan hər iki addımı atmaq lazımdır: “Azərbaycanda bu iki hal daha acınacaqlı vəziyyətdədir. Bizdə isə tam əksini edirlər, Bakı artıq, sanki DYP şəhərinə dönüb. Az qala əhalinin sayı qədər DYP işçisi var”. Sosial mediada yazan vətəndaşların fikrincə, heç olmasa yol patrullarının sayı 10 dəfə azaldılmalıdır. Ərəb ölkələrində belə, bizdəki qədər patrul yoxdur. Kamera olan yerdə patrul nəyə gərəkdir? Gürcüstanda yol patrul xidməti demək olar ki, ləğv olunub. Yəni səlahiyyətlərinin çoxu elektronlaşdırılıb. Bu ölkədə yol-nəqliyyat hadisələrini pozanlar şəhərdəki təhlükəsizlik kameraları vasitəsilə müəyyənləşdirilir. Yəni qayda pozanları yol patrul xidməti saxlamır, kameralara düşən görüntülərə əsasən cəriməsi yazılır və evinə göndərilir. Azərbaycanda da bu forma tətbiq oluna bilər. Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, ilk növbədə YPX-nin əməkdaşları özləri qanuna riayət etsinlər, təhlükəsizlik kəməri taxsınlar, avtomobil hərəkətdə olanda mobil telefondan istifadə etməsinlər, dönmə icazəsi olmayan yerlərdən dönməsinlər, tıxaclarda yolu özləri üçün açıb getməsinlər. Əsas olaraq məqsədlər dəyişməlidir. Fokus daha çox təhlükəsizliyə yönəldilməlidir. Məqsəd pozuntuların qarşısını almaq olmalıdır, olandan sonra cərimə yazmaq yox. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi vacibdir. Çox insan yol polisini ancaq yol hərəkəti qaydalarını pozan sürücüləri cəzalandıran bir orqan kimi tanıyır. Səbəb odur ki, vətəndaşlar yol polisinin pozuntuları aradan qaldırmağa çalışdığını və profilaktik tədbirlər həyata keçirdiyini görmürlər. Tədbirlər daha çox formal və sistemsiz xarakter daşıyır.
AnaXeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.