Etirazlara səbəb olan qanun layihəsi səs çoxluğu ilə qəbul olundu

23-06-2021, 10:48           
Etirazlara səbəb olan qanun layihəsi səs çoxluğu ilə qəbul olundu
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişikliklərin qüvvəyə minmə vaxtı uzadıldı; qanuna dəyişikliklər 2021-ci il iyulun 1-dən qüvvəyə minəcək

İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının daha bir iclası keçirildi.

Cari məsələlər ətrafında çıxış edən deputat Fazil Mustafa Bakıdakı plansız tikintilərə diqqət çəkdi. “Bakı həm də mədəniyyətsizlik şəhərinə çevrilməkdədir”, deyən deputat iyunun 21-də Yasamaldakı yaşayış binalarından birində baş verən yanğından bəhs etdi: “Yanğınsöndürən maşınlar əraziyə daxil ola bilmədi. Çünki yaşayış binaları o qədər bir-birinə yaxındır ki, oraya yanğınsöndürən maşının keçməsi mümkün olmadı”. F.Mustafa qeyd etdi ki, bir ölkənin mədəniyyəti təkcə orada tikilən binaların fasadları ilə müəyyən olunmur. Onun sözlərinə görə, binaların necə gəldi tikintisinə kiminsə cibinə pul axması üçün icazə verilibsə, bu, təhlükələr vəd edir. “Burada fərdi cinayətlərdən söhbət getmir, hamı bu cinayətin içindədir. Necə ola bilər ki, binanın tikintisinə icazə verəsən, ora keçməyə yol olmasın. Bu binalar 18-19-cu əsrlərdə tikilməyib ki, müasir dövrümüzdə tikilib”, deputat bildirdi.

Deputat Fəzail Ağamalı çıxışında prezident Ərdoğanın Azərbaycan səfəri, Şuşa ziyarəti, müttəfiqlik bəyannaməsi haqda danışdı.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, 15 iyunda-Azərbaycan dövlətinin xilası günündə Şuşada Türkiyə dövləti ilə imzalanan hərbi-siyasi ittifaqı Ermənistana təhlükə kimi qələmə verənlərin qorxu və xof siyasəti nəticə verməz: “Çünki erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə 3-cü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz”.

Deputat Aqiyə Naxçıvanlı Oğuz-Xaldan yolunun şəkilməyən 10 km-lik hissəsi ilə bağlı danışdı. Bildirdi ki, bu yolla əlaqədar seçiciləri vaxtaşırı ona və müvafiq qurumlara müraciət edirlər.

Deputat Elşən Musayev CNN Türk-ün əməkdaşı Fülya Öztürk barədə film çəkilməsinə qarşı çıxanlara reaksiya verdi: “Buna haqq edir, həm də təpədən-dırnağadək. Fulya Öztürkə göstərilən ehtiram, qayğı anasının südü qədər ona halaldır. Fulya xanım erməni terrorunu, Gəncə terrorunu ifşa edib. Gənc yaşında həyatını riskə qoyaraq, minalı sahələri keçərək bizimlə birgə olub. Fulya Öztürk qeyrətlidən də qeyrətlidir. Ona görə də Milli Məcliz üzvü olaraq mən əsl türk xanımına və peşəkar jurnalistə öz ehtiramımı bildirmək istəyirəm”.

Deputat Tural Gəncəliyev Antalya Forumunda iştirakından danışdı. Bildirdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak və çıxış etdiyi çox möhtəşəm bir forum keçirilib.

Deputat Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında tələbə kreditlərindən danışdı. Deputat tələbə kreditinin əhəmiyyətindən bəhs etdi: “182 min tələbə, magistr və doktorant təhsil alır. Özü də bunların bir hissəsi ödənişli əsaslarla təhsil alan gənclərdir. Düşünürəm ki, balı yüksək olanlara yox, maddi imkanı aşağı olanlara kömək etmək lazımdır. Fondun yaradılması onların ödənişli əsaslarla təhsil almasına kömək edəcək”.

Daha sonra “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Spiker Sahibə Qafarova bildirdi ki, ötən həftə parlament komitələrinin birgə iclasında geniş müzakirə olunub.

Komitə sədri Musa Quliyev dedi ki, qanun layihəsindəki 30 dəyişiklikdən 29-u ilə bağlı heç bir fikir ayrılığı olmayıb. Onun sözlərinə görə, əsas fikir ayrılığı şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi və əlilliyin müəyyən edilməsi ilə bağlı faiz dərəcələrinin təyin edilməsi ilə bağlı olub. M.Quliyev bildirdi ki, bu barədə mütəxəssis olmayan şəxslərin diskussiyasının faydalı olacağını deyə bilməz. Komitə sədri bildirdi ki, 3 saat davam edən komitə iclasında 21 deputat çıxış edib və layihə dəstəklənərək plenar iclasa təqdim olunub.

M.Quliyev bildirdi ki, qanun layihəsinin mətninə iki dəyişiklik təklif olunub. Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişikliklərin qüvvəyə minmə vaxtı uzadılıb. Qanuna dəyişikliklər 2021-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişiklik Prezident Administrasiyası tərəfindən də dəstəklənib. Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq

Deputat Tahir Kərimli əlilliyin yenidən müəyyən edilməsindən narahatlığını ifadə etdi: “Mən təklif edirəm ki, 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılsın, bəzi sahələrə ayrılan vəsaitin artırılması gözdən keçirilsin. Biz çatışmazlıq olan məqamları qeyd edirik, amma bəzən birmənalı qarşılanmır. Xalq isə söyüş söyənlərə daha çox əhəmiyyət verir. Kimsə fərqli çıxış edəndə deyirlər ki, öyrədilib. Populist çıxışlar edənlər daha çox diqqət cəlb edir. Büdcə ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edirəm”.

T.Kərimli qanun layihəsinin ikinci oxunuşunda da etirazını ifadə etdiyini xatırlatdı: “Ona görə də mən bu qanun layihəsinə səs verməyəcəyəm, bitərəf qalacağam”.

Spiker bildirdi ki, burada hər kəs öz mövqeyini bildirir və ona hər hansı təsir, göstəriş ola bilməz.

Komitə sədri Musa Quliyev bəzi məsələləri T.Kərimli ilə müzakirə etməyə hazır olduğunu vurğuladı. Həmçinin narahatlığa əsas olmadığını da əlavə etdi: “İndi 150 meyar əsasında əlillik dərəcəsi alan vətəndaşlar bu qanunun qəbulundan sonra 800 meyar əsasında əlillik dərəcəsi alacaqlar”.

Deputat Razi Nurullayev komitə müzakirələrinə dəvət olunmamasına etiraz etdi: “Əgər müvafiq komitənin iclasına dəvət olunsaydım, bu çıxışı da etməzdim. Əlilliyin müəyyənləşdirilməsi haqqında layihə xeyli təzadlı mövqeləri ortaya qoydu. Son zamanlar parlament üzvlərinin qanun layihələrinin müzakirəsində bu sayda əleyhinə səs verdiyi layihə olmamışdı. Qanun layihəsinin bu sahədə formalaşan acınacaqlı vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm. Ona görə də ”əleyhinə" səs vermişəm və fikrimi dəyişəcək dəyişikliklər görmürəm".

Spiker Sahibə Qafarova “bütün deputatların komitə iclaslarına dəvət olunması barədə tapşırıq verilmişdi, ola bilər siz Bakıda olmamısınız” dedi.

Komitə sədri Musa Quliyev isə ikinci oxunuşda R.Nurullayevin çıxış etməməsi səbəbindən şəxsən dəvət edilmədiyini, ancaq arzulayan şəxslərin iştirakı üçün problem olmadığını qeyd etdi.

Deputat Əli Məsimli bildirdi ki, əlilliklə bağlı sənədlərin qəbul edilməsində Milli Məclis böyük məsuliyyətin çox hissəsini öz üzərinə götürdü və 2 mühüm dəyişiklik etdi: “Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr qərarında əlilliklə bağlı meyarlar 250-dən 150-yə endirilmişdisə, yeni qərarla bu meyarların sayı 800-dən çox olacaq:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif edilən yeni dəyişiklikdə niyə 4-5 ay yox, 7-8-9 ay yox, 6 ay müddətində nəzərdə tutulur?! Bu haqda fikirləşmək lazımdır ki, 6 aydan çox olanda nə olacaq?! Yenə də bürokratik əngəllərə yol açılacaq. 6 ay tələbini aradan götürmək çox vacibdir. Çünki əlil şəxslərin tək gəlir yeri həmin müavinətlərdir. Yəni bu şəxslər 6 aya qədər gözləməz. Amma bürokratik əngəllər bu müddəti uzadır. İkinci ciddi məsələ aralıq müddət yaranır. Nazir Kabineti 2015-ci il qərarını ləğv edəcək. Amma aralıq müddətdə yaranacaq problemlərin aradan qaldırılması qanunvericilikdə yeni qərarın qəbul edilməsi çox vacibdir. Çünki aralıq müddətdə Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı işləsə, çox böyük narazılıqlar yaranacaq".

Deputat Sabir Rüstəmxanlı qeyd etdi ki, müzakirənin bu qədər uzanmasının bir səbəbi var: “Sosial məsələ, insanların güzəranı həssas məsələdir. Mən fikrimi demişdim. Müəyyən dəyişikliklər də olub. Bu, praktikada özünü göstərəcək, onda biz görəcəyik ki, bu, xalqın xeyrinədir, yoxsa ziyanına. Çoxluq qəbul edirsə, biz də parlament etikasına uyuruq”.

Deputatın sözlərinə görə, elə rayon var ki, yalnız bir adam kompüterdə cədvəllər yerləşdirir, sənədləri doldurur və Bakıya göndərir: “Bakının özündə də belə hallar var. İnsanlar əlilliyin müəyyən edilməsi üçün saatlarla sənəd üçün gözləyirlər. Burada da əziyyət çəkən əhali, daha doğrusu, əlil təbəqədir. Bu işi aparanlar elə mexanizm qurmalıdır ki, insanlar əziyyət çəkməsin”. Deputat əlavə edib ki, qanunda hər yerdə “şəxsi əlilliyin qiymətləndirilməsi” ifadəsi yazılır: “Burada söhbət qiymətləndirmədən yox, əlilliyin müəyyən edilməsindən gedə bilər”.

Komitə sədri Musa Quliyev S.Rüstəmxanlının qeydlərini bölüşdü. Bildirdi ki, həqiqətən də bu sahədə problemlər var.

Deputat Razi Nurullayev bildirdi ki, 44 günlük döyüşlərdə təxminən 11 min civarında yaralanmış müharibə iştirakçısı var: “Onlardan təxminən 4500-5000 nəfərə əlillik dərəcəsi veriləcək. 6 min əlillik dərəcəsi düşməyən yaralanmış şəxs qalır”. Qeyd etdi ki, onların da tam əksəriyyəti gənclərdir: “Bu gənclərin tam əksəriyyəti hələ peşəsini, gələcək həyatını da müəyyənləşdirməyib. Ona görə də yaralanmış müharibə iştirakçılarının hər birinə dəstək kimi 5 illik ayda 500 manat pul verilsin!”

Komitə sədri Musa Quliyev isə R.Nurullayevin təklifinin reallaşmasını mümkün saymadı. Bildirdi ki, ən yaxşı yol məşğulluqdur.

Deputat Fəzail Ağamalı Milli Məclisdəki çıxışında Qarabağın işğaldan azad olunmasında iştirak edənlərə təşəkkür borcumuzun olduğunu bildirdi. Qeyd etdi ki, bizə qələbə sevinci bəxş edənlərə dövlətimizin də, xalqımızın da diqqəti olacaq, buna heç kimin şübhəsi olmasın.

Deputatın sözlərinə görə, ancaq bu gün əgər əlilliyi olmayan şəxslərə müavinət verilməsi barədə fikirlərlə razılaşmır. Bu mənada o, deputat həmkarı Razi Nurullayevin yaralanmış müharibə iştirakçılarının hər birinə dəstək kimi 5 illik ayda 500 manat pul verilməsi ilə bağlı təklifini mümkün saymadı. F.Ağamalı belə şəxsləri peşə təhsilinə yönəltməyi zəruri saydı: “O, həm də təqaüd alacaq. Bu gün dövlətin büdcəsi elə geniş imkanlara malik deyil ki, bu kimi təklifləri reallaşdırsın”. Deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xitabən müharibə iştirakçılarının təsnifatını aparmağa və bundan sonra konkret addımlar atmağa çağırdı.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini birinci oxunuşda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim etdi.

Deputat Vahid Əhmədov söz alaraq onun diqqətini çəkən bir məqamdan bəhs etdi: “Bu qanun layihəsi çox vacib sahə ilə bağlıdır, ona görə də təqdir edirəm. Amma burada mənim diqqətimi çəkən bir məqam ”ağıllı sayğac"larla bağlıdır. Parametrlərinə baxdıqda görürəm ki, “ağıllı sayğac”lar da elə hazırda tətbiq olunan sayğacların eynidir. Elə isə bu, nə “ağıllı sayğac”lardır? Bu, belə çıxmırmı ki, yenidən sayğacların dəyişdirilməsi prosesi başlanacaq, yoxsa “ağıllı sayğac” nə mənanı verir?"

Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul olundu.
cia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.