COVİD müəmması, və ya, hər ölkə öz problemlərini COVİDləşdirir
5-07-2021, 09:21

Dünyada pandemiya ilə bağlı xəbər axınını izlədikcə bir daha əmin olursan ki, hər bir ölkə virusdan, onun fəsadlarından, yayılmasından öz məqsədləri üçün istifadə edir. Vaksinləşmə ardıqca, sullar da da çoxalır. Son məlumata görə dünya əhalisinin yarısına yaxını artıq vaksinləşdirilib, amma yenə də ÜST (Dünya Səhiyyə Təşkilatı) bəşəriyyəti qorxutmaqda davam edir.
Vaksinləşmə səviyyəsi çox yüksək olan ölkələrdə də virusla bağlı problemlər artır, məsələn, İsrail dünyada ən yüksək səviyyəli vaksinləşmə aparıb, amma yenidən sərtləşmə tədbirlərinə gedir, o zaman sual yaranır: Əgər vaksin çıxış yolu deyilsə nədən istrarla vaksin vurulur, tək çıxış yolu vaksindirsə, nədən virusla mübarizə effekt vermir?! Amma bir az dərindən baxanda görürsən ki, İsraildə seçkilər təzə bitib, çox kövrək koalisiya yaradılıb, ölkə əhalisi siyasi olaraq iki fərqli cəbhəyə bölünüb, yeni qurulan hökumət öz mövqelərini möhkəmlətmək istəyir, buna görə də epidimialoji vəziyyətlə "oynayaraq” öz hədəflərinə çatmağa çalışır.
Son günlər şimal qonşumuz dünyada pandemiya panikasının önündə gedir, Rusiyada yoluxma sayı pandemiyanın pik dövründə olan saya çatıb, COVİD-dən ölüm halları isə pandemiya başlayandan bəri ən yüksək həddədir. Yaxşı, nə baş verdi ki, rəsmi Kreml panika yaymağa başladı:
1) Rusiyada sentyabrda Dumaya seçkilərdir, yeni qaydalarla keçiriləcək, parlamentin rolunun artdığı yeni Konstitutsiya qaydaları çərçivəsində seçki olacaq. Yeni siyasi oyunçuların meydana çıxması ehtimalı çox yüksəkdir, virusla bağlı artan xətlə panikanın artırılması seçki dönəmində aksiyalara, mitinqlərə qadağa qoyulmasını asanlaşdırır;
2) Rusiya bütün dünyaya öz vaksinini satmaq istəyir, amma əhalisi vaksinə inanmır, vaksin vurdurmaq istəmir – bu isə satış üçün mənfi fon yaradır. Öz əhalisini inandıra bilməyən Kreml vaksini dünyaya necə satsın?! Ona görə də panika havasını yüksəldərək əhalini könüllü, amma məcburi (!!!) vaksinləşməyə sövq edir;
3) Pandemiyadan öncəki 2019-cu ildə Rusiya turistləri xaricdə 34,5 mlrd. dollar pul xərcləmişdilər – bu hələ bank kartları ilə ödənişləri əhatə edir, təqribən, 10 mlrd. dollara yaxın da nəğd xərcləmələrin olduğu ehtimal edilir. Bu il Kreml müxtəlif təşviq proqramları ilə daxili turizmi canlandırmağa, nəticədə rusiyalı turistlərin öz ölkəsində pul xərcləməyə sövq etməyə çalışır. Rusiya hökuməti epidemialoji vəziyyətin ağır olduğunu elan etdikcə, bir çox ölkələr Rusiyalı turistləri qəbul etməkdən imtina edir ki, bu da daxili turizmi stimullaşdırır. Bundan başqa Kreml özü də bəzi ölkələrə uçuşları qadağan edir, süni şəkildə azaldır, istəyir ki, təqribən, 40-45 mlrd. dollarlıq "səyahət xərci” ölkə daxilində qalsın.
Beləliklə, hər bir ölkə COVİD-lə bağlı məsələlərə münasibətini öz daxili problemlərinin həlli kontekstindən baxır. Bu isə ağır xəstəlik olan virusla mücadiləyə insanlığın skeptik yanaşmasını artırır. Adi məntiq də onu deyir ki, əgər Uxanda 2-3 nəfərlə başlayan xəstəlik cəmi 3 aya bütün dünyaya yayıldısa, deməli hardasa virus qalsa yenə 2-3 aya bütün dünyaya yayılacaq. Bu baxımdan ilk addım kimi dünya gərək virusa münasibətini dəyişsin, panikanı kənara qoysun, adi xəstəlik kimi yanaşsın, bundan sonra pandemiyaya qalib gəlmək mümkün olacaq. Nə qədər ki, COVİD ətrafında siyasi, iqtisadi, qlobal maraqlar, oyunlar olacaq, bu bəlanın bitməsi mümkünsüzləşəcək. İnsanlıq adına artıq virusa münasibətimizi yeniləməli, daha sakit, daha ağılla, daha elmi yanaşmalıyıq. Yoxsa bu xəmir çox su apardıqca, dünyada xaotik vəziyyət də artacaq...
Natiq Cəfərli, iqtisadçı
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
Qlobal.az