Erməninin söz sahibi olduğu xarici şirkət ölkəmizə gəlmək istəyir - ANAMA-nın altına qoyulan "mina”

7-07-2021, 18:14           
Erməninin söz sahibi olduğu xarici şirkət ölkəmizə gəlmək istəyir -
Erməni işğalından azad edilmiş ərazilərimizin ən böyük problemi basdırılan minalarla bağlıdır yazsaq, yəqin ki, yanılmarıq. Ona görə ki, böyük bir bölgənin iqtisadi, ekoloji bərpası və yenidən məskunlaşması bu problemə birbaşa bağlıdır. O səbəbdən dövlətimiz 44 günlük Vətən müharibəsi bitən kimi ən əvvəl bu problemin üzərinə gedərək, ərazilərin minalardan keyfiyyətli və qısa müddətdə təmizlənməsi üçün mümkün olan hər şeyi edir.

Görülən tədbirlər sırasında sahə üzrə ixtisaslaşmış xarici qurumlar və mütəxəssislərin prosesə cəlb olunması da var. Təbii ki, həm də böyük maliyyə vəsaiti tələb edən bu işin icrasında əsas yük Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən Ərazilərin Minalardan Təmizləmə Agentliyinin (ANAMA) üzərindədir. Bundan əlavə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin müvafiq strukturları da prosesə cəlb olunub. Həmçinin qardaş Türkiyə özünün sapyorlar briqadası və xüsusi texnikaları ilə Azərbaycana köməyini əsirgəmir.

Əlbəttə ki, bu işdə bizə xaricdən nə qədər çox köməkçi olsa, bir o qədər yaxşıdır. Bundan ötrü tender də elan edilib. Amma və lakin...

Musavat.com-a çatan məlumatlara görə, bu arada ANAMA Xorvatiya şirkəti olan “DQK-ing”lə “MV 4” mexaniki sistemlərinin (maşınların) əldə olunması ilə bağlı anlaşma imzalamağa hazırlaşır. Ancaq məsələ ondadır ki, həmin şirkətdə həlledici vəzifələrdən birini Konstantin Darmaniayn ad-soyadlı bir erməni tutur. O, “DQK-ing”in satış və beynəlxalq biznes üzrə baş məsləhətçisidir. Bildirilir ki, erməni familiyası ona atalığından keçib.

Son 10 ildə bu cənab öz “MV 4” maşınlarını Ermənistana satmağa çalışıb. İrəvanda o, əvvəllər, əsasən də 2001-ci ildə Ermənistanın döyüş mühəndisləri korpusunun rəisi vəzifəsində çalışan general-mayor Vostanik Adoyanla əlaqədə olub. “DOK-indg” İrəvanda keçirilən “ArmHiTec-2018” silah və müdafiə texnologiyaları sərgisinə qatılıb və rəsmi fotolardan da göründüyü kimi, öz stendində Azərbaycana qarşı istifadə edilən tank və piyadalar əleyhinə minaları təqdim və təbliğ edib.

“DOK-ing” 25-27 mart 2021-ci ildə İrəvanda keçirilməli olan “ArmHiTec-2021” silah və müdafiə texnologiyaları sərgisində iştirak etməyi də planlaşdırırdı, lakin bu şou ləğv edildi - rəsmi versiyaya görə, səbəb pandemiya olub, əslində, yəni qeyri-rəsmi motiv isə 44 günlük müharibədə erməni ordusunun darmadağın olması idi...

Erməninin söz sahibi olduğu xarici şirkət ölkəmizə gəlmək istəyir

Təkcə bu faktın özü “DOK-ing”i ANAMA ilə tərəfdaşlığa buraxmağın faydalı olacağına şübhə ilə yanaşmaq üçün yetərli sayıla bilər. Üstəlik, ekspertlər “MV 4” maşınlarının qüsurlarına da diqqət yönəldirlər.

Məsələ ondadır ki, bu maşınlar yalnız piyadalar əleyhinə minalara qarşı effektlidir. İşğaldan azad edilmiş ərazilərimizdə isə əksərən qarışıq minalanmış sahələrə rast gəlinir. Yəni orada piyada əleyhinə minalar tank əleyhinə minaların qonşuluğunda olur. Bunu qeyd eləmək kifayətdir ki, həmin ərazilərdə 10 noyabr 2020-ci ildən 31 may 2021-ci ilədək təqribən 4000 ədəd tank əleyhinə mina aşkar edilib. AzTV-dən olan həmkarlarımız da Kəlbəcərdə məhz tank əleyhinə minanın qurbanı olublar.

Belə minalara qarşı isə “MV-4” gücsüzdür. Bu maşınlar partlayış nəticəsində labüd şəkildə məhv olacaq. Uzun illərin iş təcrübəsi olan ANAMA mütəxəssislərinin qeyd etdiyi kimi, agentliyin balansında bircə “MV-4” maşını var ki, ondan da çox az hallarda, hər dəfə də ehtiyatla istifadə olunur ki, tank əleyhinə minaya düşməsin. Nəhayət, “MV-4” maşınları 10 il öncə hazırlanmış texnologiyaya əsaslanır. ANAMA yeganə “MV 4” maşınını da uzaq 2006-cı ildə əldə edib.


Bunu da unutmaq olmaz ki, Azərbaycan Prezidenti İlham Əliyev ANAMA-nın yeni rəhbəri Vüqar Süleymanovu video formatda qəbul edərkən, bir sıra digər mühüm məqamlarla yanaşı, aşağıdakıları da vurğulamışdı: “Yeni texnikanın alınması əlbəttə ki, qarşıda duran əsas vəzifələrdən biridir. Son illərdə texnoloji inkişaf bu sahədə özünü açıq şəkildə göstərib. İndi elə maşınlar, mexanizmlər, avadanlıqlar var ki, həm işi sürətləndirir, həm də onu keyfiyyətli görməyə imkan verir. Odur ki, baxın, ölkəmizə dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir avadanlıqları gətirilməlidir, çünki işin keyfiyyəti və tempi bundan asılı olacaq”.

Mütəxəssislər isə əlavə edirlər: köhnəlmiş avadanlıqlar üçün ehtiyat hissələri, xüsusən hidravlika tapmaq da çətindir. Əlbəttə ki, onlar tədarük olunur, ancaq xüsusi sifariş əsasında. Bu da məsələni daha bahalı edir, işin tempini aşağı salır.

Bütün bunlar o anlama gəlir ki, ANAMA şübhəli tərəfdaşlarla iş birliyindən imtina eləsə daha yaxşı olar...
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.