Dünya Bankından imtina edən Azərbaycan AİB-in 250 milyonluq təklifini qəbul edəcək?
8-07-2021, 00:03

Asiya İnkişaf Bankı (AİB) koronavirus xəstəliyinin (COVID-19) pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 milyon dollarlıq kredit təsdiqləyib.
AİB-in prezidenti Masatsuqu Asakava deyib ki, COVID-19 pandemiyasının fəsadları Azərbaycanın iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması sahəsində əldə etdiyi nailiyyətləri heçə endirə bilər:
"AİB əvvəlki kimi Azərbaycana dəstək göstərməyə hazırdır və bu proqram hökumətə pandemiya ilə mübarizə üzrə tədbirləri davam etdirməyə, əhalinin həssas təbəqəsinin müdafiəsinə və iqtisadiyyatın bərpasının əsasını qoymağa imkan verəcək".
Bank prezidenti bildirib ki, pandemiya dövründə məhdudiyyətlər ticarətin, turizmin, pul köçürmələrinin və istehlakçı tələbinin azalmasına gətirib çıxarıb, bununla yanaşı isə qlobal iqtisadi azalma ilə əlaqədar neft gəlirləri azalıb:
"Bankın COVID-19-a çevik reaksiyası və xərclərin dəstəklənməsi üzrə proqramı səhiyyə, sosial müdafiə və makroiqtisadi sabitlik sahələrində hökumətin cari işlərinə büdcə dəstəyini təmin edəcək".
Qeyd edək ki, bundan bir müddət öncə Dünya Bankı da Azərbaycana müəyyən məbləğdə vəsait ayrılmasını nəzərdə tutsa da, hökumət bundan imtina etdi.
Ümumiyyətlə, Azərbaycanın müxtəlif beynəlxalq qurumlar tərəfindən ayrılan vəsaitə ehtiyacı varmı və hökumət AİB-in ayıracağı vəsaiti qəbul edəcəkmi?
İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bidirdi ki, ümumiyyətlə, Azərbaycan beynəlxalq banklarla əməkdaşlıq edir, onlara üzvlük haqqı ödəyir:
“Həmin bankların əsas funksiyalarından biri elə Azərbaycanda hansı sahələrdə maliyyələşmə məhduddursa, o sahələri müəyyən etmək və o istiqamətdə layihələri təşviq etməkdir. Bu Azərbaycanın təbii haqqıdır və eyni zamanda qlobal çağırışlara uyğunlaşdırma da hədəflərdə nəzərdə tutulur. Məsələn, liberallaşma, şəffaflaşmanın təmin edilməsi, rəqabət mühitinin dərinləşdirilməsi, müvafiq institutların qarşıya qoyduğu uzunmüddətli inkişaf strategiyadır. Bu istiqamətdə Azərbaycanda müəyyən çatışmazlıqlar hiss olunur.
Çünki Azərbaycanda həm Dünya Bankının, həm Dünya İqtisadi Forumunun, həm də yerli təşkilatların keçirdiyi sorğulardan da məlum olur ki, ən ciddi problemlərdən biri sahibkarlarıq subyektlərinin maliyyə çıxış imkanlarının zəifliyidir. Bu baxımdan da həmin vəsaitlərin məhz bu istiqamətlərə cəlb edilməsi müəyyən qədər rahatlamağa gətirib çıxarır”.
Dünya Bankının vəsaitlərindən Azərbaycanın imtina edilməsinə gəldikdə isə ekspertin sözlərinə görə, adıçəkilən bankla indiyədək yalnız bu layihə deyil, uzun müddətdir ki, əməkdaşlıq edilib, milyarddan artıq vəsait qoyulub:
“Söhbət sadəcə şərtlərdən, şəraitdən, hansı təşkilatla əməkdaşlıqdan, həmin təşkilatın mövqeyindən gedir. Məsələn, 2016-2017-ci ildə Asiya İnkişaf Bankı istəyirdi ki, sahibkarlığa kömək məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna vəsait ayırsın. Lakin Fondun icraçı direktoru Şirzad Abdullayev çalışırdı ki, orada bu məsələdən yayınsın.
Çünki müəyyən hesabatlılıq şərtləri var ki, bir nəfər tərəfindən istədiyi formada rüşvət verilib kredit verməsinə şərait yaratmırdı. Burada qurumların da məsələyə baxışı, vəsaitlərin hansı qurumlar tərəfindən istifadə olunacağı, dövlət qururumlarının özlərinin də məsələyə baxışı bəzi hallarda Dünya Bankı və digər maliyyə qurumları ilə əməkdaşlıqda müəyyən çətinliklərə və problemlərə gətirib çıxarır”.
Ekspert onu da vurğuladı ki, Asiya İnkişaf Bankı da monitorinqlər keçirir, ancaq sərt monitorinq mexanizmlərindən istifadə etmir:
“Dünya Bankı son dövrlər daha təkmilləşmiş monitorinqlər mexanizmlərindən istifadə edir. Xüsusi proqramlar tətbiq olunur və xərcləmələr bu proqramlar üzərindən həyata keçirilməlidir. Düşünürəm ki, bundan əvvəlki kreditə münasibəti bunun səbəblərindən kimi aid etmək olar, ancaq əsas səbəb həmin layihələrin Azərbaycanda karantin rejiminin başa çatması, iqtisadiyyatın açılması, həmin layihələrin sipesifik istiqamətlərdə maliyyələşməyə hədəflənməsi idi”.