Antiterror əməliyyatı MÜTLƏQ OLMALIDIR: Ya sülhməramlılar, ya da biz... - Başqa yolu YOXDUR!
14-07-2021, 17:54

İkinci Qarabağ müharibəsindən təxminən səkkiz ay sonra ermənilər Azərbaycana qarşı hərbi təxribatlara yenidən başlayıb.
Son günlər tez-tez həm dözlət sərhədi boyunca, həm də Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycanın mövqeləri və yaşayış məntəqələri tərəfindən atəşə tutulur. Ağdam rayonunda törədilmiş silahlı təxribatın ardınca ermənilər bu dəfə Azərbaycan ordusunun Şuşa şəhərindəki mövqelərinin atəşə tutub. Qarabağdakı erməni silahlı birləşmələrinin terror-diversiya fəaliyyətinin davam edəcəyi şübhə doğurmur. Bölgədə təhlükəsizliyin təmin edilməsinə məsul olan Rusiya sülhməramlılarının vəziyyətə müdaxilə etməməsi rəsmi Moskvanın bölgədə vəziyyətin gərginləşməsində maraqlı olduğunu göstərir.
ABŞ, Fransa və Rusiya sülhməramlılarının Şuşaya getməkdən imtina etməsi, eləcə də Ermənistanın Baş naziri vəzfəsini icra edən Nikol Paşinyanın köməkçisi İsaxanyanın Xankəndinə qanunsuz səfəri fonunda Şuşanın atəşə tutulması Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin hələ bitmədiyinə dair mesajın verilməsinə xidmət edir. Yəni bu təxribat ilk növbədə, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin və Dağlıq Qarabağın siyasi termin kimi artıq mövcud olmadığına dair iddialarına qarşı əks-arqument yaratmaq cəhdidir. Həm Ermənistan, həm də ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini, problemin həllinin isə yalnız beynəlxalq vasitəçilərin köməyi ilə mümkün olduğunu nümayiş etdirməyə çalışır. Bu da öz növbəsində ATƏT-in Minsk Qrupunun deaktivasiya olunmuş fəaliyyətini dirçəltmək, növbəti mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirmək məqsədi daşıyır.
Rəsmi İrəvan və Qarabağdakı separatçılar “Dağlıq Qarabağın statusu” məsələsinin həlli üçün Şuşa və Hadrutun ermənilərin nəzarətinə verilməsini vacib hesab edir. Minsk qrupu həmsədri olan ölkələrin səfirlərinin Şuşaya səfər etməməsi, Prezident Putinin öz məqaləsində faransalı həmkarı Emmanuel Makronu Qarabağa dəvət etməsindən iki gün sonra Azərbaycanın Şuşadakı mövqelərinin atəşə tutulmasını Kremlin görməzdən gəlməsi mövcud konyukturun münaqişənin bərpasına hesablandığını deməyə əsas verir. Erməni silahlılarının Şuşa istiqaməsində atəşkəsi pozması Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın 1-ci bəndinin pozulması deməkdir.
Bu hadisəyə Rusiya hərbi kontingentinin reaksiya verməməsi isə sülhməramlıların status məsələsini gündəmə gətirir. Yəni Rusiya sülhməramlı qüvvələrinin statusu və öhdəlikləri qısa müddət ərazində müəyyənləşməlidir. Əgər münaqişənin bərpasına Rusiya tərəfi müşahidəçi mövqe tutaraq müdaxilə etməsə, o zaman sülhməramlıların mandatı qüvvədən düşmüş sayılır. Bu halda rəsmi Bakı Rusiyadan öz sülhməramlı kontingentini Azərbaycan ərazisindən çıxartmağı tələb etmək hüququndan istifadə edə bilər. Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Doktrinasında sülhməramlıların fəaliyyətinin sülhün qorunması və bərpası əməliyyatlarından ibarət olduğu göstərilir.
Sənəddə yazılır ki, Rusiyanın sülhmərmalı kontingentinin vəzifəsi münaqişə tərəflərinin silahlı qruplarının fəaliyyətini aradan qaldırmaq, siyasi həll üçün ilkin şərtlərin yaradılmasından ibarətdir. Rusiyanın hərbi qanunlarına görə, sülhməramlı qüvvələrin mandatına zorla maneə törətmək cəhdlərinin qarşısı alınmalıdır. Yəni Ağdamda və Şuşada Azərbaycan mövqelərinin atəşə tutulması sülhməramlıların missiyasına əngəl törətməkdir. Ona görə də Rusiya hərbi kontingenti erməni terrorçularının zərərsizləşdirilməsi üçün əməliyyat keçirməlidir. Bu addımın atılmaması Rusiya qanunvericiliyinin sülhməramlı qüvvələrin özü tərəfindən pozulması deməkdir.
Ağdam və Şuşadakı silahlı hücum cəhdləri Qarabağın ermənilər yaşayan bölgəsində demilitarizasiyanın vacibliyini gündəmə gətirir.
Birincisi, bu prosesi həyata keçirmək üçün 10 noyabr sazişinin 4-cü bəndi yerinə yetirilməlidir. Yəni rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin Xankəndidə və ətraf ərazilərdə qalan hissəsinin Azərbaycanı təcili tərk etməsini tələb edə bilər.
İkincisi, Rusiya sülhməramlıları öz mandatına uyğun olaraq, ərazidəki silahların yığılmasında iştirak etməlidirlər.
Nəhayət, Rusiya sülhməramlıları qeyd edilən şərtlərin təmin edilməsindən boyun qaçırarsa, Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər.
Bu halda 10 noyabr razılaşması dərhal qüvvədən düşmüş sayılacaq. Prezident İlham Əliyev də mayın 10-da Naxçıvana səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsini dirçəltmək istəyənlərə çox ciddi xəbərdarlıq edib. Dövlət başçısı bu təxribatçı hərəkətlərin 10 noyabr bəyanatının qüvvədən düşməsinə gətirib çıxara biləcəyini deyib.
“Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”, - Prezident İlham Əliyev belə deyib.
Azərbaycan antiterror əməliyyatlarına başlayacağı təqdirdə Şuşanın işğal altında qalan 31 kəndini və Turşsu qəsəbəsini, Xocalı şəhərini azad edə bilər. Qarabağda tərksilah əməliyyatının aparılması separatçı rejimin fəaliyyətinə son qoyulması üçün əlverişli siyasi şərait yaradır. Qarabağın erməni silahlı birləşmələrinin və separatçıların nəzarətində olan hissəsi üzərində Azərbaycanın suverenliyi təmin oluna bilər. Azərbaycan ordusunun istər Şuşadakı, istərsə də dövlət sərhədi boyunca mövqelərinin atəşə tutulması Türkiyə ilə iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsində əksini tapmış qarşılıqlı hərbi yardım haqqında razılaşmanı tətbiq etmək imkanı yaranır.
Sözügedən sənədə əsasən, artıq Azərbaycanın və Türkiyənin Dövlət Təhlükəsizlik Şurası birgə iclas keçirərək zəruri hərbi yardımın göstərilməsi ilə bağlı qərar verə bilər. Bəyannamənin müddəaları imkan verir ki, Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı yaranmış təhlükəni nəzərə alaraq, silahlı qüvvələr və güc strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunsun.
Həmçinin Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə terrorçuluğa, onun bütün forma və təzahürlərinə qarşı birgə mübarizəni dəstəkləmək barədə razılığa gəlib. Bu isə Azərbaycana Qarabağda anti-terror əməliyyatlarına başlayacağı təqdirdə, Türkiyənin hərbi və siyasi dəstəyini qazanmaq imkanı verir.
Cebhe.info