“Xocalı və Xocavəndin Azərbaycanın nəzarətinə veriləcəyi xəbərləri dezinformasiyadır” - GƏLİŞMƏ
4-10-2021, 12:01

İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanata uyğun olaraq bölgəyə gələn Rusiya sülhməramlı kontingentinin komandanı ikinci dəfədir ki, dəyişdirilir. Bəyanatdan heç bir il keçməyib, amma general-leytenant Gennadi Anaşkin üçüncü generaldır ki, sülhməramlıların komandanı olaraq göndərilir. 1996 hərbçidən ibarət olması nəzərdə tutulan rus hərbçilərinin ilk komandanı general Rüstəm Muradov oldu ki, o, komandan olaraq ən uzunmüddətli vəzifəli sayılır.
Belə ki, Qarabağdakı missiyanın komandanı olan general 2021-ci ilin sentyabrınadək vəzifəsini icra etdi. Muradovun komandanlığı dövründə missiyanın xırda pozuntularını, bəzən anlaşılmazlığı, bəzən səlahiyyətlərdən sui-istifadəni nəzərə almasaq, Azərbaycan sülhməramlılardan narazı deyildi. Təbii ki, general Muradovun komandanlığı ilə ermənilərə rəğbəti hiss edirdik. Amma vəziyyət gərginlik həddinə çatmırdı.
Sentyabrın əvvəllərində Moskva Muradovu geri çağırdı, əvəzinə “Abxaz cəlladı” ləqəbi ilə tanınan, Gürcüstandakı abxaz separatçılarına dəstək vermiş, bununla yanaşı, Ukrayna ərazilərində Donetsk və Luqansk separatçılarına dəstək vermiş general-mayor Mixail Kosobokov göndərildi. Bundan sonra qeyri-rəsmi məlumatlar yayıldı ki, “Abxaz cəlladı” Birgə Bəyanatda göstərilənləri kobud sürətdə pozur, Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı missiyanın məsuliyyət zonasını genişləndirməklə məşğuldur.
Təxminən 15 gün keçdi ki, anidən Rusiya Kosobokovun Qarabağdakı vəzifəsinə son verdi, general geri çağırıldı. Rəsmi açıqlama olmasa da, mütəxəssislər belə hesab edirlər ki, “Abxaz cəlladı”nın missiyası Rəsmi Bakının Moskvaya etirazı, narazılığı səbəbindən qısa müddətdə bitib. Yəni ki, onun fəaliyyətindən Azərbaycan narazılıq edib, Kreml bunu nəzərə alıb.
Qarabağdakı komandanlığı 15 gün çəkən Kosobokovu general-leytenant Gennadi Anaşkin əvəzləyib. Anaşkinin Qarabağda missiyaya komandanlığı nə qədər çəkəcək, bilinmir. Amma ekspertlərin qənaətincə, general Anaşkin separatçılara dəstək baxımından həmkarı Kosobokovdan heç də geri qalmır.
“Rusiyanın Qarabağdakı hərbçilərinin komandanını tez-tez dəyişməsinin səbəbi nədir”, “Bununla Moskva Bakıya hansı mesajları verir”, “Niyə məhz separatçılara dəstək verməsi ilə tanınan zabitlər Qarabağa göndərilir” – suallarının tam cavabı yoxdur. Amma ekspertlər Rusiyanın davranışlarının arxasında nələrin dayandığını təxmin edirlər.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Kremlin Qarabağla bağlı siyasətinə nəzər salmaq lazımdır:
- Rusiyanın Qarabağdakı “sülhməramlı” kontingentinin komandanını tez-tez dəyişməsi bir neçə səbəbdəndir: Birincisi, Rusiya bununla ardıcıl şəkildə Azərbaycana mesajlar verir. Buna təzyiq mesajları desək, daha doğru olar. Öncə komandan general-leytenant Rüstəm Muradov oldu ki, o, şərti olaraq pis əməlləri ilə xarakterizə edilmədi. Ardınca general Kosobokov təyin olundu. Hansı ki, o, “Abxaz cəlladı” kimi ad çıxarmaqla yanaşı, Abxaziya separatçılarına Rusiya pasportlarının verilməsi təşəbbüskarlarından biridir. Düşünürəm ki, Kosobokovun Qarabağa göndərilməsi Rusiyanın Azərbaycana birbaşa təhdidi idi. Ümumiyyətlə, Kosobokovun təyinatı təhdid xarakteri daşıyırdı. Yəqin ki, Bakıdan Moskvaya etiraz getdi və Kosobokov qısa zamanda geri çağırıldı.
- Yəni Rusiya “Abxaz cəlladı”nı Bakının istəyinə uyğun olaraq geri çağırdı...?
- Bəli. O fikirlə razıyam ki, Azərbaycanın tələbi və ya təklifi ilə Kosobokov az müddətdən sonra dəyişdirildi. Burada konkret mexanizmlər var. Əgər söhbət Qarabağda sülhməramlı adlandırılan Rusiya hərbi qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsindən gedirsə, şübhəsiz ki, Rusiya, o cümlədən Rusiyanın Qarabağdakı hərbi qüvvələrinin komandanlığı Azərbaycanla ünsiyyət qurmalıdır, təmasda olmalıdır. Azərbaycan qəbul etmirsə, bu, Rusiyanın da işini çətinləşdirir. Ehtimal edirəm ki, Rusiya Azərbaycanın etirazını, tələbini, yaxud da xahişini yerinə yetirdi, Kosobokovu dəyişdi. Lakin bir məqama diqqət yetirilməlidir ki, yeni komandan Kosobokovdan daha pisdir.
- Nə mənada?
- İndiki komandan - general Anaşkin 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı müharibəsində birbaşa iştirak edən zabitlərdən biridir. Anaşkin desant qvardiyasının komandiri olub və Qorinin işğalını həyata keçirib. Rusiya bir tərəfdən göstərir ki, guya Azərbaycanın mesajlarını, etirazını qəbul edir, digər yandan isə daha sərt mövqeyi ilə tanınan zabiti Qarabağa göndərir. Bir sözlə, Anaşkin Kosobokovdan yaxşı mənada fərqlənən zabit deyil.
- Ərəstun bəy, maraqlı məqamlardan biri də odur ki, Anaşkinin təyinatı ilə eyni vaxtda ortaya bir xəritə çıxdı. Hazırda sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xocalının, Ağdərənin və Xocavəndin Azərbaycanın nəzarətinə verilməsinə hazırlıq görülməsi ilə bağlı xəritədə qeyd vardı. Eyni zamanda, belə məlumatlar da yayıldı ki, sözügedən ərazilərdə olan erməni silahlı birləşmələri sülhməramlıların göstərişi ilə çıxarılır. Bu, erməni mediasında günlərlə müzakirə olunur, rəsmi açıqlama isə yoxdur. Sizcə, nə baş verir?
- Bu ərazilərin Azərbaycana qaytarılması üçün hazırlığın görülməsi, ortaya çıxan xəritə, erməniləri prosesə alışdırmaq mülahizələri və s. hesab edirəm ki, imitasiya və dezinformasiyadır. Təbii ki, bu dezinformasiyalar Rusiya tərəfindən ortaya atılıb. Məsələ burasındadır ki, Rusiyanın başlıca öhdəliklərindən biri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlılarını, separatçı-terrorçuları tərksilah etmək və ərazidən çıxarmaqdır. Əlbəttə, Rusiya bunu etməli olduğunu başa düşür, amma bugünədək öhdəliyinə əməl etməyib, etmir. Əksinə, separatçılara Rusiya zabitləri təlimlər keçirlər, müxtəlif hərbi hazırlıqlarını gücləndirirlər. Görünür, Rusiyanın qarşısında indi daha böyük vəzifə dayanır, onu həyata keçirməyə çalışır. Ona görə də belə imitasiya xarakterli dezinformasiyalar ortaya atırlar.
- “Rusiyanın qarşısında böyük vəzifə dayanır” dedikdə nəyi nəzərdə tutursunuz?
- İstisna etmirəm ki, Rusiya erməniləri müəyyən ərazilərdən geri çəksin. Amma sadalanan ərazilərin Azərbaycanın nəzarətinə verilməsini tam istisna edirəm. Bu, qeyri-mümkündür. Tez-tez sülhməramlı adlandırdıqları kontingentin komandanını dəyişmək, Azərbaycanın narazılığını qəbul etdiyi görüntüsünü yaratmaq, Xocalının, Xocavəndin, Ağdərənin Azərbaycanın nəzarətinə veriləcəyi barədə dezinformasiya yaymaq bir məqsədə xidmət edir – Rusiya hərbi qüvvələrinin Qarabağda yerini daha da möhkəmləndirməyə. Kreml tərəfindən atılan addımlara diqqət yetirmək lazımdır. Dezinformasiya xarakterli məlumatlara inansaq, Qarabağda erməni silahlı birləşmələri olmayacaq. Deməli orada qalan kimdir – Rusiyanın “sülhməramlı” missiyası və Azərbaycan Ordusunun hərbi birləşmələri. Bundan sonra 2008-ci ildə Gürcüstandakı ssenari işə salına bilər. Bu, çox təhlükəli plan deməkdir.
- Azərbaycandakı bir çox siyasi və ictimai xadim sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı çağırışlar edirlər. Sizcə, bu çağırışların effekti ola bilərmi? Məsələ burasındadır ki, Rusiyanın sülhməramlı adı ilə girdiyi hansısa bölgədən çıxdığının şahidi olmamışıq...
- Rusiya “sülhməramlıları”nın bölgədən çıxarılmasına dair Azərbaycan ictimaiyyətində səsləndirilən tələblər, onların Qarabağda olmasına etirazlar normal praktikadır. Rusiya anlamalıdır ki, Azərbaycan ictimaiyyətində onlarla hesablaşmayan, onlardan narazı olan, onun hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb edən ictimai-siyasi kəsim var, xalqın böyük çoxluğu var. Bu, müsbət haldır. Amma düşünmək ki, Rusiya hərbçilərinin Qarabağdan çıxarılması asan və qısa zaman kəsiyində baş verəcək, bir qədər sadəlövhlük etmiş olarıq. Əksinə, qənaətimcə, Rusiya çalışır ki, bölgədə daimi hərbi baza yaratsın. Təəssüf ki, Kremlin əsas niyyəti budur. Lakin bu hal əsas vermir ki, Rusiyadan hərbçilərini Qarabağdan çıxarmasını tələb etməyək, ruhdan düşək, mövcud vəziyyətlə razılaşaq. Yeri gəlmişkən, Rusiya qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələbinin ilk təşəbbüskarlarından biri mən olmuşam. O zaman biz 17 nəfərin imzası ilə BMT-yə, ATƏT-ə, NATO-ya, ABŞ-a, Rusiyaya, Türkiyəyə və Azərbaycana müraciət göndərdik. Düzdür, nə qədər ki, Qarabağdakı Rusiya hərbçilərinin hüquqi statusu yoxdur, onlar havadan asılı vəziyyətdədirlər. Rusiyanın təzyiq siyasətinin bir səbəbi də budur ki, Azərbaycan onların statusunu rəsmiləşdirsin, hərbçilərə mandat versin. Amma cəmiyyət olaraq bu tələbi bəlkə də hər gün səsləndirməliyik. //AYNA.AZ//