Acizliyin tablosu: özünü şahlıq dövründə mirzə kimi hiss edirsən

15-11-2021, 07:05           
Acizliyin tablosu: özünü şahlıq dövründə mirzə kimi hiss edirsən
Bu, niyə belə olmalıdır axı? Səhiyyə, sosial təminat sistemi elə qurula bilməzmi ki, ölkənin vətəndaşı çətinliklə qarşılaşanda özünü aciz hiss etməsin?

Kimsə mənə: “Kömək et, cənab Prezidentə bir məktub yazım, mənim bu məsələmi həll etsinlər. Vallah, qapılarda qalmışam. Hərə bir tərəfə göndərir. Ta yollarda qalmaqdan canım boğaza yığılıb”, - deyəndə qəhər boğazımda düyünlənir. Özümü şahlıq dövründə mirzə kimi hiss edirəm. Müraciət edənlər də mərhəmət axtaran fağır bəndələr kimi görünürlər gözümə.

Acınacaqlı vəziyyətdir. Qanan üçün böyük dərddir. Bu boyda dövlət qurmuşuq, 21-ci əsrdə yaşayır, dövrün tələblərinə ayaq uydurmağa çalışırıq, amma vətəndaşımız özünü orta əsrlər dövründəki kimi aparır, daha doğrusu, buna məcbur edilir.

Elə bu günlərdə işə gedərkən qonşu qadın pəncərədən başını çölə çıxarıb: “Ay bala, jurnalist adamsan, bir bizə kömək elə, məktub yazaq. Bəlkə bu yetimlərə bir yazığı gələn tapıldı”, - deyə məni söhbətə tutdu. Məlum oldu ki, elə də böyük istəyi yoxdur. Sadəcə azyaşlı nəvələrinin yaşayışlarının yaxşılaşdırılması üçün yardım edilməsini yazmağımı istəyir. “İmkan olanda bir gün yazarıq”, - deyib ümidini qırmaq istəmədən uzaqlaşdım.

Bu cür istəklərə tez-tez rast gəlirəm. Əli qələm tutmayan, tutsa da, ad-soyadını güclə yazan, əlləri zəhmətdən qabar bağlamış kişilər, üzündəki qırışların dərinliyində illərin dərdi, kədəri, əzab-əziyyəti dəfn edilmiş ağbirçək qadınların mənə bu niyyətlə, qəlblərindəki son ümid çırpınışları ilə müraciətləri mütəəssir edir. Bu dəmdə “Axı niyə bu adamalara üz tutduqları yerdə bir kömək əli uzadan, yol göstərən, heç olmasa ürəklərinə toxtaqlıq verəcək qədər problemlərinin ucundan-qulağından həll edən olmayıb?” sualı da bir yandan beynimi yorur. Açığı, hələ də buna cavab tapa bilməmişəm.

İnsanlar işsizlikdən şikayətlənir, aldıqları maaşın bu aydan gələnə aya qədər bəs etmədiyindən gileylənir, borc içində itib-batdıqlarını, yaşayışlarının çox ağır olduğunu deyirlər. Çıxış yolunu da ölkə başçısına məktub yazmaqda görürlər. Eşitdiyimə görə, bəzi hallarda bu müraciətlər uğurlu nəticələnir. Əlillik dərəcəsini illərlə düzəldə bilməyənlər belə, müraciətlərdən sonra xəstə olduqlarına komissiyanı “inandıra” bildiklərini deyirlər.

Yaxud da kimsə xəstələnir, maddi vəziyyəti müalicə almasına, əməliyyat olunmasına imkan vermir. Naəlac qalır, televiziya kanallarına üz tutur. Orada da uzun-uzadı növbədən sonra efirə çıxmaq imkanı yaradılsa, boynunu büküb imkanlı şəxslərə, Heydər Əliyev Fonduna üz tutur. Vəziyyət təcili və çox ciddidirsə, problem tez bir zamanda nəzarətə götürülür, həlli istiqamətində səlahiyyətli şəxslər lazımi addımlar atırlar.

Bu, niyə belə olmalıdır axı? Səhiyyə, sosial təminat sistemi elə qurula bilməzmi ki, ölkənin vətəndaşı çətinliklə qarşılaşanda özünü aciz hiss etməsin?

Hansısa sənəd düzəltmək, kiçik yazı-pozu tələb edən işin varsa, bunda da vəziyyət heç ürəkaçan olmur. Kiçik bir nümunə: Vay o gündən ki, yaşayış yerindən arayış almağın lazım olsun. Bundan ötrü “JEK” idarəsinin qarşısında minnətçi düşməlisən.

Bir işimiz olanda aidiyyəti üzrə döydüyümüz qapıdan başqa qapılara yönləndirilirik. Sonrakı proses isə “şirinlik” verməsək, təxminən belə olur: Qap-qapı gəzir, taqətdən düşürük və sonda səbrimiz tükənir. Sonra da məlum olur ki, bu müddətdə xərclədiyimiz maddi və mənəvi enerji boşuna gedib. Bu səbəbdən də ya imkanın varsa, işini tanış vasitəsilə, ya da rüşvətlə həll etməlisən. Bu isə bir vətəndaş olaraq alçaldılmaq, təhqir edilməkdir.

Mən, şəxsən, belə qəbul edirəm. Amma neynəyəsən ki, acı reallığımız belədir. Buna görə də əli hər yerdən üzülmüş adamların ən kiçik problemlərdə belə, birbaşa ölkə başçısına müraciət ünvanlaması və ya mediadan işıqlandırmağı xahiş etməsi artıq adi hal alıb.

Bu barışılmaz vəziyyətdə adiləşən bir hal da İkinci Qarabağ müharibəsi iştirakçılarının – qazilərin, şəhid ailələrinin bir hissəsinin müharibədən sonra sağlamlıq, məişət qayğıları içərisində çətinliklərlə baş-başa buraxılmalarıdır. Görünən dağa nə bələdçi? Edilənlər də göz qabağındadır, edilməyənlər də. Reallıq isə belədir ki, bu gün canı ilə əlləşən, sağlamlığını, işini itirmiş onlarla müharibə iştirakçısı tapmaq olar ki, onlar qayğı, diqqət görmədiklərindən şikayətlənirlər.

Hansısa müharibə iştirakçısının və ya şəhid ailəsinin əlinin yerdən-göydən üzülüb, son ümid kimi mediaya üz tutması, ölkənin birinci şəxsinə məktub yazması yolverilməz, olduqca utancverici haldır.

“Narazı qaziyə əlillik təyin edildi - RƏSMİ + FOTO”... Bu cümlə yaxın vaxtlarda saytlarımızdan birində gedən xəbərin sərlövhəsidir.

Əvvəla, qazi narazı salınmamalı, yox, əgər narazılığı da varsa, bu, vaxtında öz həllini tapmalıdır. Daha mediada işıqlandırıldıqdan sonra xəbər edilib yayılmamalıdır.

Ümid Tanrıya qalıb, qəlblərə insaf salsın

Bu cür insanları acizləşdirən nümunələrin siyahısını uzatdıqca uzatmaq olar. Amma çifayda?

Xalq olaraq ən böyük problemimiz Qarabağın işğalda olması idi. Bu gün isə Zəfər Gününü qeyd edirik. Artıq qalib xalqıq. Ümid edək ki, daha bu xalqın hər nümayəndəsi, səlahiyyətlisi üzərinə düşən məsuliyyəti canla-başla yerinə yetirəcək qədər insaflı olacaq.

Müəllif: Aləmdə Nəsib
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.