Azərbaycan: qələbə, ərazi bütövlüyü və inkişaf!

15-11-2021, 07:34           
Azərbaycan: qələbə, ərazi bütövlüyü və inkişaf!
Müəlli: Pablo Jofre Leal

2021-ci il noyabrın 8-də Azərbaycan Respublikası Zəfər Gününü qeyd edir. Bu, onun uzun illər Ermənistanın işğalı altında olmuş 20% ərazisini geri qaytardığı gündür. Bu hadisə ötən il baş verib – Azərbaycanın müharibədə qalib gəlməsindən bir il ötür.

Ermənistanla Azərbaycan arasında ilk müharibə 1992-1993-cü illərdə, hər iki respublikanın Sovet İttifaqından müstəqillik qazanmasından cəmi bir il sonra başlamışdı. Bir də 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağdakı təmas xəttində həyata keçirdiyi hərbi hücuma cavab olaraq, əks-hücum əməliyyatına başlamışdı. Azərbaycanın bu əks-hücumu beynəlxalq humanitar hüququn çərçivələrini aşmırdı. Çünki ermənilər artıq Azərbaycanın münaqişə zonasından kənarda yerləşən şəhərlərini də bombalamağa başlamışdı…

Beləliklə, ötən ilin sonlarında başlamış və 44 gün davam etmiş müharibə Bakının istədiyi nəticə, yəni Ermənistanın tam məğlubiyyəti ilə başa çatıb. Başqa sözlə, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarıb. Bu, o ərazilərdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində onun işğal edildiyi və dərhal geri qaytarılmalı olduğu vurğulanırdı.

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov deyir: “Ermənistanla qarşıdurma ölkəmin ədalətə, beynəlxalq hüququn bərpasına cəhdi idi. Söhbət Qarabağ və ərtaf rayonların qaytarılmasından gedir. Biz bunu etdik. Əslində, bu, çoxdan baş verməli idi. Ölkələrin ərazi bütövlüyünə hörmət olunması, beynəlxalq hüquq normalarına riayət, təhlükəli vəziyyətə qoyulması 30 il gözlənilməli deyildi. Bu, təkcə Azərbaycanla Ermənistanın problem deyil, həm də Cənubi Qafqaz regionu, Qərbi və Mərkəzi Asiyada sabitliyin bərpası demək idi”.

Azərbaycanın müharibəni qazanmasından sonra ən çox gözlənilən məqamlardan biri erməni işğalı zamanı bu əraziləri tərk etmək məcburiyyətində qalmış azərbaycanlıların geri qayıtmaq anıdır. 30 il əvvəl evlərini tərk etmək məcburiyyətində qalmış bu insanlar, nəhayət, öz küçələrində gəzişmək, öz torpaqlarını şumlamaq imkanı qazanacaqlar.

Azərbaycanlı diplomatın sözlərinə görə, indi əsas məqsədlərdən biri də illərin münaqişəsini geridə qoyaraq, inciklikləri unutmaq, çoxmillətli regionun gələcəyi barədə düşünməkdir. Bu gün gündəm təbii sərvətlər, xüsusən neft, qaz və digər faydalı qazıntılar, enerji xətləri ilə zəngin strateji əhəmiyyətli bu regiona bir çox ölkənin inteqrasiyasıdır. Bu isə öz növbəsində, yeni İpək Yolu strateji layihəsinin, həmçinin region ölkələrinin öz inkişafları üçün həyata keçirdikləri ikitərədli layihələrin bir hissəsidir.

Beləliklə, münaqişənin başa çatması təkcə Azərbaycanın deyil, həm də Ermənistanın qarşısında inkişaf perspektivləri açır. Çünki yeni vəziyyət buradan yeni avtomobil və dəmir yollarının çəkilməsinə, kommunikasiyaların bərpasına, bölgədə infrastrukturun inkişafına imkan verir. Odur ki, yalnız səfalət, ölüm, ağrı, dağıntı gətirən münaqişənin sona çatmasında bütün region maraqlıdır.

Şübhəsiz ki, hələ də həllini gözləyən problemlər var. Üstəlik, bölgəyə təsir imkanları uğrunda mübarizə aparan qeyri-regional güclər də öz yerində. Belə bir vəziyyətdə “3+3” formatında əməkdaşlıq təşəbbüsünün reallaşması bir sıra məsələlərin həllinə töhfə verə bilər. Söhbət Azərbaycan, İran, Ermənistan, Türkiyə, Rusiya və Gürcüstanın yer alacağı əməkdaşlıq platformasından gedir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün mümkün iştirakçılarının maraqlarına cavab verir. Hesab olunur ki, bu əməkdaşlıq formatının gerçəkləşməsi dövlətlərarası münasibətlərdə inamı artıracaq, mövcud ziddiyyətləri aradan qaldıracaq, regionun iqtisadi və nəqliyyat potensialını üzə çıxaracaq. Bəli, bölgə ilə bağlı çox sual var. Bu format həm köhnə, həm də yeni problemlərin həllinə öz töhfəsini verə bilər.

Ermənistanla Azərbaycan arasında vasitəçi kimi çıxış edən Moskvada hesab edirlər ki, son bir ildə bölgədə vəziyyət əvvəldən də gözlənildiyi kimi, sabitləşib. Tərəflər arasında atəşkəsə ümumilikdə əməl olunur. Regiona yerləşdirilmiş Rusiya sülhməramlılarının rolu həm Bakı, həm də Yerevanda yüksək qiymətləndirilir. Ara-sıra baş verən insidentlər isə yaxşı qurulmuş əlaqə kanalları vasitəsilə həll edilir.

İndi nəqliyyat əlaqələrinin bərpası da gündəmdədir. Qarşıda görüləcək böyük işlər var. Xəzər dənizini Avropa ilə, Rusiyanı Qərbi Asiya ilə, Mərkəzi Asiyanı Şərqi Avropa ilə birləşdirəcək layihələrin reallaşdırılması nəzərdə tutulur. 2020-ci ilin sentyabrına qədər Ermənistanın işğalı altında olmuş ərazilərdə indi avtomobil və dəmir yolları tikilir, Füzuli rayonunda beynəlxalq hava limanı artıq tikilərək istismara verilib.

Bundan başqa, regionun logistika və tranzit mərkəzi mövqeyini gücləndirmək üçün Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsi ilə Türkiyəyə birləşdirəcək Zəngəzur dəhlizinin açılması da nəzərdə tutulur. Bütün bunlar Qarabağın müasir, çiçəklənən bölgəyə çevrilməsinə imkan verəcək.

Amma qələbə həm də Azərbaycanın üzərinə böyük məsuliyyət qoyur. Çünki rəqibin məğlubiyyəti bu ölkənin Cənubi Qafqazın inkişaf planlarından kənarda qoyulması demək deyil. Amma bunu Azərbaycan hökuməti də yaxşı anlayır. O, regional əməkdaşlıqda Ermənistanın da yer almalı olduğunu bilir, onun inkişaf planlarında, həyata keçiriləcək layihələrdə iştirakını qəbul edir. Bu isə ölgədə sülhün bərqərar olunacağına ümid yaradır.

Təxminən 87 min kvadrat kilometr ərazisi, 10 milyon əhalisi olan Azərbaycan coğrafi baxımdan strateji mövqedə yerləşir. Neft və qazla zəngin Azərbaycan indi 30 ilə yaxın işğal altında qalmış şəhər və rayonların yenidən qurulmasını üşün sazişlər imzalayır, inkişaf planları hazırlayır. Bununla yanaşı, uzun illərərzində ciddi çirklənməyə məruz qalmış ətraf mühit sağlamlaşdırılmalı, meşələrin, çayların, ümumilikdə Qarabağ və Qərbi Zəngəzur iqtisadi zonalarının flora və faunasının mühafizəsi kimi vacib işlər görülməlidir.

Bütün bunlar isə əlbəttə ki, ciddi maliyyə tələb edir. Azərbaycanda bu işlərin görülməsi üşün Qarabağ Dirçəliş Fondu yaradılıb. Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyevin sözlərinə görə, “Azərbaycan Respublikası daxilində tarixi abidələrin bərpası ilə birlikdə, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən işlər, Ermənistanın işğalı nəticəsində ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması və işğaldan azad edilmiş torpaqlarda yaşayış üçün əlverişli şərait qurulması Fondun əsas prioritetlərindəndir”.

“Ekoloji tarazlığın bərpası, regionun dayanıqlı inkişafının təmini, həmçinin müxtəlif ekoloji layihələrə dəstək də əsas fəaliyyət istiqamətimizdir”, - deyə o, qeyd edib.

Köçkünlərin ötən əsrin 90-cı illərinin əvvəllərindəki müharibədən bu yana 28 il işğalçıların əlində qalmış ərazilərə qaytarılması üçün bu işlərin görülməsi, həmçinin dağılmış təbiətin bərpası, ərazilərin minalardan təmizlənməsi də vacibdir. Müharibə başa çatdıqdan sonra Azərbaycan Ordusu Ermənistanın Qarabağa yerləşdirdiyi partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə də məşğuldur. İndiyədək 50 mindən çox piyada və tank əleyhinə mina zərərsizləşdirib. Bu, ümumilikdə 20 000 hektar ərazi deməkdir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Direktorlar Şurasının sədri Vüqar Süleymanovun sözlərinə görə, hələlik təmizləmə işləri əsasən avtomobil və dəmir yolunun çəkilməli olduğu, obyektlərin, infrastruktur layihələrinin, yaşayış binalarının tikiləcəyi ərazilərdə həyata keçirilir.

Təxminən 30 il işğal altında qalmış ərazilərin yenidən qurulması üçün təxminən 12 milyard dolların tələb olunduğu deyilir. Bölgədə “yaşıl enerji” və “ağıllı kənd” layihələrinə üstünlük veriləcək. Sonda bölgənin turizm istiqamətinə çevrilməsi də əsas hədəflərdəndir. Bu gün Qarabağı Azərbaycanın mühüm iqtisadi mərkəzinə çevirməkdə ayrı-ayrı investorlar da maraqlıdırlar.

Müharibənin başa çatmasından bir il keçməmiş Füzuli aeroportu istismara verilib, bununla yanaşı, işğaldan azad edilmiş daha iki rayonda – Zəngilan və Laçında hava limanlarının inşasına başlanılıb. Hazırda bölgədə sürətlə yol tikintisi aparılır, bu isə həm də iqtisadi inkişaf, yeni iş yerlərinin açılması deməkdir. Dünya bu reallığı qəbul edir...

Azərbaycanın digər bölgələrindən işğaldan azad edilmiş ərazilərə dəmir yolu da çəkilir. Yeni tikilməkdə olan yollardan biri 110,4 kilometrlik Horadiz-Ağbənd yoludur. Ağbənd Azərbaycanın cənub-qərbində, Azərbaycan, Ermənistan və İran arasında siyasi baxımdan həssas sərhəddə yerləşir. Horadiz-Ağbənd yolu Azərbaycanı Zəngəzur dəhlizi vasitəsi ilə Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək böyük bir layihənin tərkib hissəsidir.

Bütün bu işlərin görülməsində ilk hədəf əlbəttə ki, vaxtilə Ermənistan qoşunları tərəfindən öz torpaqlarından qovulmuş minlərlə azərbaycanlının öz vətəninə qaytarılmasıdır. Zəngilan rayonunun Ağalı kəndində bərpa olunan enerji, rəqəmsal texnologiyalar əsasında “ağıllı kənd” tikilir. Yenidənqurma işləri başa çatan kimi, kəndin əhalisi ora qaytarılacaq.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: teleSUR












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.