Böyük sənaye büdcəsi - VİDEO
15-11-2021, 10:28

Azərbaycanın gələn ilin büdcəsinin xərc hissəsinin artırılaraq, 29 milyard 879 milyon manata çatdırılması planlaşdırılır ki, bunda ölkənin xüsusilə qeyr-neft sənayesi üzrə nail olduğu sərmayə yatırımlarının böyük rolu var.
Bu qənaətə Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrində səsləndirilən arqumentlər əsasında gəlmək olur.
Müzakirələr zamanı o da aydın olub ki, büdcə xərcləri 86,6 milyard manat səviyyəsində proqnozlaşdırılan ümumi daxili məhsulun 34,5 faizinə bərabər olacaq. Bu il olduğu kimi gələn il də dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri sırasına işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması daxil olacaq.
Gələn ilin büdcə xərcləri 2021-ci ilin 28 milyard 543 milyon manata bərabər büdcə xərclərindən 4,6 faiz artıqdır ki, bu da müəyyən qədər azad edilmiş ərazilərin bərpa və yenidən qurulması ilə bağlıdır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun müzakirələr zamanı etdiyi çıxışdan aydın olur ki, ölkədə son illərdə aparılmış böyük quruculuq işləri gələn il üçün bu cür artım yönümlü büdcənin proqnozlaşdırılmasına imkan yaradıb.
İqtisadiyyat naziri bu artımı son illərdə sənaye zonalarına yatırılan böyük sərmayələrlə izah edib. Nazirin sözlərinə görə, bu trend 2022-ci ildə də davam etdiriləcək.
Mikayıl Cabbarovun bildirib ki, iqtisadi artımın sürətləndirilməsi və istehlak fəallığının genişləndirilməsi cari ildə vergi daxilolmalarına öz müsbət təsirini göstərib.
Ümumiyyətlə, 2022-ci ilin büdcəsi «Azərbaycan 2030: sosial inkişafa dair milli prioritetlər» sənədi çərçivəsində tərtib edilib. Sənəd ölkə iqtisadiyatının dərindən şaxələndirilməsi və beynəlxalq rəqabətə hazırlanmasını, neftdən asılılığı minimuma endirməyi nəzərdə tutur. Bu isə Azərbaycanın daha yuxarı gəlirli dövlətlər qrupuna daxil olmasına imkan yaradacaq.