Qarabağ kartını itirən güclər Azərbaycana qarşı - NƏ ETMƏLİ?

16-11-2021, 10:00           
Qarabağ kartını itirən güclər Azərbaycana qarşı - NƏ ETMƏLİ?
Son günlər maraqlı bir proses müşahidə olunur. Dünyanın bəzi gücləri üstümüzə ayaq almağa başlayıb. Sanki indi ayılıblar ki, Azərbaycan bölgənin güclü dövlətinə çevrilir. Üzdə Rusiya ilə hər şey yaxşı görünür. Qərblə də ciddi konrotasiya yaşanmır. Bir İran idi, o da geri çəkilib hələlik. Amma son günlər heç də xoş olmayan prosesin getdiyi sezilir.

Qarabağ elə bir mövzudur ki, bu mövzuda bütün dövlətlərin maraqları birləşir. İrandan Amerikaya, Rusiyadan Avropaya kimi. Belə vəziyyətdə nə etməli? Azərbaycanı nə gözləyir? Hansı addımlar atmalı, necə bir müdafiə və hücum taktikası müəyyən etməliyik ki, son 1 ildə hərbi-siyasi səhnədə qazandığımız uğuru, qələbəni əldən verməyək?

Bizi dəstəkləyən ciddi, böyük dövlət, qardaş Türkiyə var, bu baxımdan həyəcanlanmağa çox da gərək yoxdur. Amma arxayınlaşmaq da olmaz. Azərbaycan Ordusunun müxtəlif növ təlimlərinin bir səbəbi də görünür ən pis perspektivlə bağlıdır. Prezident İlham Əliyev Zəngilana son səfərində bunun anonsunu verib deyib ki, biz qeyri-bərabər döyüşə də hazırıq.

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, müstəqilliyimizin ilk illərindən böyük dövlətlərin, iqtisadi güc mərkəzlərinin Cənubi Qafqaza maraqları üst səviyyədə olub. Rusiya və İran bu maraqlarını zaman-zaman açıq göstərsələr də, Qərb dünyası mümkün olduqca üzdə daha fərqli görünməyə çalışıblar. Onlar bərabərhüquqlu, qarşılıqlı münasibətlərə, mənfəətlərə dirənən tərəfdaş kimi görünməyə çalışıblar. Əslində isə bölgəyə münasibətin iqtisadiyyatdan çox siyasi amillərə bağlı olması ortadadır. Böyük dövlətlər üçün yazılmayan bir qanun mövcuddur ki, kiçik dövlətləri həmişə özündən asılı etsin: “Yəni onların güclənməsi də, zəifləməsi də nəzarətsiz mümkün olmasın. Dağlıq Qarabağ konflikti ölkəmizə təsir etmək üçün bu funksiyanı daşıyırdı. Azərbaycanın 44 günlük müharibəni böyük dövlətlərin planlarından kənar uğurla sona çatdırması, sülh müqaviləsi perspektivlərinin artması və rəsmi Bakının regionda artıq tək iqtisadi yox, həm də hərbi güc mərkəzinə çevrilməsi reallığı təbii ki, çoxlarını narahat etməyə başlayacaqdı. Bundan öncə tam müstəqil siyasət yürüdən Türkiyəyə qarşı münasibətlərin şahidi olmuşduq. Türkiyə özünə qarşı olan təzyiqlərə baxmayaraq milli siyasətini gücləndirib və regionun əsas gücünə çevrilib. Bu gün Türkiyə və Azərbaycanın bütün sahələrdə müttəfiqliyi Azərbaycanın tam müstəqil siyasət yürütmə perspektivini artırdığından çoxları narahat olublar. İndiyədək Azərbaycanla alver vasitəsi Qarabağ kartı olduğundan bu kartın artıq masadan qaldırılmasını həzm edə bilmirlər. Bu məqsədlə bütün vasitələrdən istifadəyə cəhdlər olunub və olunacaq”.

Politoloq qeyd etdi ki, hazırda Qərb Minsk Qrupunu aktivləşdirməklə problemi yenidən beynəlxalq müzakirə bataqlığına çəkmək istəyir. Rusiya isə zatən “sülhməramlıları” vasitəsilə istədiyi vaxt bölgədə gərginlik yaratmaq iqtidarındadır. Hər iki tərəfin əsas məqsədi Qarabağ məsələsinin vasitəçilərsiz müzakirəsinə imkan verməməkdir: “Əslində iki xalq arasında münasibətlər nə qədər düşmənçilik səviyyəsində olsa da, optimal həll yolu Ermənistan və Azərbaycanın vasitəçilərsiz danışıqlarından keçir. Dediyim kimi, buna imkan vermək istəmirlər. Amma tərəflərdən biri kimi Azərbaycanın mövqelərinin güclənməsi kənardan olan təsirləri neytrallaşdıra bilər. Bu faktor çox ciddi olaraq müzakirə olunur. Azərbaycan-Türkiyə münasibətlərinin zirvədə olduğu bir vaxtda Türk dünyası dövlətlərinin bir araya gəlməsi, bura hətta Avropa İttifaqı üzvü olan Macarıstanın da qoşulması sözsüz ki, həm şimal, həm cənub, həm də qərb dünyasını narahat edib. Hazırda elə bir durumdayıq ki, daha da güclənmək üçün bütün istiqamətdə fəaliyyətimizi artırmalıyıq. Dayanmağımız mövqelərimizi əldən verməyimizlə nəticələnə bilər. Sözsüz ki, dünya güclərini, xüsusilə regionda marağı olan dövlətləri də inkar etməməliyik. Əksinə, onlarla əlaqələri, münasibətləri mütəmadi olaraq saxlayıb inkişaf etdirməliyik. Bu əlaqələr isə sözün əsl mənasında bərabərhüquqlu, eyni zamanda milli maraqlarımızın qorunması səviyyəsində olmalıdır. Hesab edirəm ki, ilk növbədə Türkiyə ilə bütün sahələr üzrə müttəfiqliyimizi ittifaq halına salmalıyıq, daha çox müttəfiq dövlətlər qazanmalıyıq və bu müttəfiqlikdən tərəflərin hamısı faydalana bilməlidir ki, lazım olduqca bir-birilərinə dəstək verilsin və sonda böyük bir ittifaqa çevrilsin”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, qalib dövlətin bədxahları da olur. Ona görə də vəziyyəti düzgün dəyərləndirib, zərgər dəqiqliyi ilə işimizi qurmalıyıq: “Bir sıra xarici ekspertlər də qeyd edirlər ki, Qarabağ Yaxın Şərq, Mərkəzi Asiya problemlərinin bir hissəsinə çevrilir. Bu, bir gümandır. Biz çalışmalıyıq ki, elə olmasın. Qarabağ məsələsi on illərdir davam edən həmin problemlərin bir hissəsinə çevrilməsin. Bunun üçün ilk növbədə problemin beynəlmiləlləşməsinə, böyük güclərin əlində alətə çevrilməsinə imkan verməməliyik. Minsk Qrupunun dirçəldilməsi və sair cəhdlər beynəlxalq güclərin bu istəklərindən irəli gəlir. Azərbaycan Prezidenti bu məsələdə həmin təhlükələri görür və dönə-dönə təkrar edir ki, Qarabağ məsələsi artıq yoxdur. Bu mövqe daha inadla həyata keçirilməlidir. Azərbaycan Rusiya sülhməramlıları ilə bağlı məsələyə də aydınlıq gətirməlidir. Burada bizim üçün ciddi təhlükələr var. Ən əsası isə Azərbaycan Türkiyə ilə birgə siyasəti davam etdirməli, regionda Türkiyənin rolunun artmasına nail olmalıdır. Türk Dövlətləri Təşkilatının da önəmli rol oynayacağı bizə ümidlər verir. Ən əsası isə Azərbaycan mürəkkəb situasiyada oynamağı bacarmalı, ayrı-ayrı dövlətlərlə sərt konfrantasiyaya getmədən, öz maraqlarını müdafiə etməlidir. Azərbaycan öz planlarına uyğun quruculuq işlərini davam etdirməli, bu prosesə daha çox xarici dövlətləri cəlb etməlidir”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.