“Nə vaxta qədər erməni terrorundan əziyyət çəkəcəyik?” - HƏQİQƏTƏN DƏ...

19-11-2021, 10:55           
 “Nə vaxta qədər erməni terrorundan əziyyət çəkəcəyik?” - HƏQİQƏTƏN DƏ...
44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu təkcə düşmənə deyil, bütün dünyaya göstərən, ağlasığmaz Şuşa əməliyyatını həyata keçirən Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Ermənistan və havadarlarının 16 noyabrda sərhəddə törətdiyi irimiqyaslı hərbi təxribata Azərbaycan yenə tutarlı cavab verdi.

Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb. Ermənistan tərəfi isə 20-dən artıq canlı qüvvə itkisi verib, 40-dan artıq hərbçi yaralanıb, 13 hərbçi əsir götürülüb. Eyni zamanda xeyli sayda silah-sursat onlardan qənimət götürülüb.

Heç şübhəsiz ki, bu uğurlarımızın əsas səbəblərindən biri təbii ki, Azərbaycan Ordusundakı nizam-intizam, peşəkarlıq, bölmələrimizin ən müasir texnika, silah-sursatla təminatıdır. Məhz bu səbəbdən düşmənin xain və qəfil həmləsinə baxmayaraq, itkilərimiz düşmən tərəfi ilə müqayisədə daha az oldu. Ermənistanın təxribatı zamanı ağır silahlardan istifadə olundu ki, ekspertlərə görə, belə toqquşmalarda itkilərə yol verməmək olduqca çətindir. Hətta praktiki cəhətdən mümkün deyil. Regionda Ermənistanın təxribatları və revaşizm siyasətini davam etdirməsi onu göstərir ki, Azərbaycan Ordusu həmişə təxribatlara hazır olmalıdır. Necə ki, Türkiyə və İsrail kimi dost ölkələrin ordusu da daim bu cür təxribatlarla, hücumlarla üzləşir. Ona görə Azərbaycan Ordusunun əli daim tətikdə olmalıdır. Çünki ölkəmiz təkcə özünü müdafiə etmir, o cümlədən regional təhlükəsizliyini təmin edən ölkə missiyasında çıxış edir.

Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl daim ayıq-sayıq olmağın vacibliyini vurğuladı: “Əslində bu təxribatların arxasında duran məsələ qalıcı barışığın imzalanmaması və Ermənistan ordusunun Qarabağda tamamilə darmadağın edilməməsidir. Qarabağda torpaqlarımız işğaldan azad edilsə də, rus sülhməramlıları üzərlərinə düşən vəzifələri tam yerinə yetirmirlər. Bu da erməni tərəfə xüsusi bir fərqli yanaşma göstərir. Təbii ki, şəhidlərin olması xoş bir şey deyil. Könül istərdi ki, itkilərimiz olmasın. Amma təəssüf ki, qonşularımız belədir, terror xislətli bir dövlətə sahibdirlər. Məkrli niyyətlərindən vaz keçmirlər. O səbəbdən, əlbəttə, Azərbaycan Ordusunun bu məsələyə daha diqqətli yanaşması lazımdır. Bu məsələdə qətiyyən diqqətsizliyə yol vermək olmaz. Allah şəhidlərimizə rəhmət eləsin. Olmasaydı, çox sevinərdik. Amma bir şeyi də unutmamaq gərəkir ki, bu gün Vətən müharibəsi davam edir. Qalıcı sülh imzalanmadıqca, Azərbaycan bu cür provokasiya xarakterli hücumlarla baş-başa qalacaq. Ayıq-sayıqlığı bir anda diqqətdən qaçırmamalıyıq. Belə təxribatların qarşısı minimum itkilərlə Azərbaycan Ordusu tərəfindən alınmalıdır”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli ermənilərin iki yolunun qaldığını qeyd etdi: “Təəssüf olsun ki, bu gün dünya reallığı çox ədalətsizdir. Dünyanın bu cür reallığı olmasa, Azərbaycanın Ermənistanı darmadağın etməsi üçün qısa zaman lazımdır. Müqayisə aparaq, qardaş Türkiyə neçə ildir ki, terrordan, separatizmdən əziyyət çəkir, 30 mindən çox şəhid verib. Türkiyə ordusunun gücü dünyaya bəllidir. Amma problemi tam olaraq bütünlüklə həll edə bilmir. Dünyanın bir çox bölgələrində bu cür münaqişə ocaqları var. Keçmiş SSRİ məkanının Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan kimi ölkələrində oxşar problemlərdir. Amma ən yüksək nəticəni Azərbaycan əldə edib. Ukrayna, Gürcüstan və Moldovanı Qərb kifayət qədər dəstəkləyir. Vaxt var idi ki, Amerika prezidenti Tiflisə, Kiyevə gəlirdi. Qərb bu ölkələrə çox güclü maliyyə yardımları edir. Bunlar xristian dövlətləridir. Avropa ilə birbaşa dəniz və quru sərhədləri var. Hər cür o ölkələrə yardım edilir. Amma heç bir nəticə əldə edə bilmirlər. Azərbaycan dövləti isə öz gücü hesabına böyük nəticələr əldə edib. Bəli, hər birimiz istəyirik ki, bu məsələ birdəfəlik nöqtələnsin. Ümidimiz var ki, qısa bir zamanda bu məsələ öz sonluğuna çatacaq. Azərbaycan dövləti, ordusu və xalqı Ermənistanı məcbur edəcək, həm iqtisadi, həm də siyasi müstəvidə. Əsas da döyüş meydanında. Ermənistanda elə bir vəziyyət yaranacaq ki, xalq artıq cana yığılıb ayağa qalxacaq ki, biz Azərbaycanda sülh şəraitində yaşamaq istəyirik. Ya onlar bölgədə Azərbaycanla sülh içərisində yaşamağa məcbur olacaqlar, ya da əsr əvvəl gəldikləri yerləri, yəni buraları tərk edib gedəcəklər. Ötən əsrdə onların etdikləri kifayət edir. 1905-07, 1918, 1948-53-cü illərdə, son olaraq da, ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində törətdikləri cinayətlər, torpaqlarımızı işğal etmələri, Zəngəzur və Göyçənin SSRİ tərəfindən onlara verilməsi hər kəsin nəzərindədir. İnsanlarımız çox əziyyət çəkdilər. Nə vaxta qədər erməni terrorundan əziyyət çəkəcəyik? Bunu birdəfəlik biz bitirəcəyik. O zamanlar Azərbaycanın güclü dövləti və ordusu yox idi. Amma indi belə deyil. Ortada həm də prezidentin güclü iradəsi, qətiyyəti var. İki yolları qalıb. Ermənilər ya bu bölgədə sülh şəraitində yaşayacaqlar, ya da gəldikləri yerə gedəcəklər. Uyğunlaşa, yaşaya, xəstə fikirlərindən əl çəkə bilmirlərsə, cəzasını mütləq alacaqlar. Başqa heç bir alternativ yol qalmayıb. Buralar bizim tarixi Azərbaycan torpaqlarıdır. Bunu bütün dünya bilir. Ötənilki müharibə onu göstərdi ki, Azərbaycanda hər kəs silaha sarılıb. Son 3-4 gündə də xalqımızı ayaqüstə gördük. Hamı onu tələb edir ki, bu məsələ bitməlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Müharibə itkisiz olmur. Nə etsən də şəhid verirsən. Hər bir şəhidimiz bizim üçün dəyərlidir. Bu, hər kəsi sızıldadır, ağladır. Allah qazilərimizə şəfa versin. Amma böyük təskinliyimiz odur ki, onlar vətən uğrunda şəhadətə yüksəliblər. Onların qanı yerdə qalmır. Düşmən artıqlaması ilə itki verir. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə məşğuldur. Müstəqilliyini daha da möhkəmləndirəcək. Bu münaqişəyə birdəfəlik son veriləcək. Bunun üçün Azərbaycan dövlətinin gücü və qüdrəti var”.

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə bunları dedi: “Yerləşdiyimiz coğrafiya daim beynəlxalq güclərin maraq dairəsində olub. Xüsusilə burada son 200 ildə ermənilərin əli ilə xalqımıza qarşı soyqırım və işğal həyata keçirilib. Mənfur milləti bizə süni qonşu ediblər. Məhz 44 günlük müharibədəki zəfərimiz Ermənistan üçün faciə ilə bitdi. Başqa dövlətlərin maşası olmaq ermənilərə baha başa gəldi. Regionumuzda bir əsrdir ki, ermənilər alət olaraq regionda təhlükəsizliyi təhdid edirlər. Ermənistan əgər Azərbaycanla danışıqlara başlamasa, sülh müqaviləsi bağlamasa, bu, Ermənistanın əleyhinə olacaq. Regionda qeyri-stabil vəziyyət hökm sürəcək. Ona görə də elit və güclü ordumuz olmalı, daim müharibəyə hazır olmalıyıq. Məkrli düşmən Azərbaycana qarşı düşmənçiliyi davam etdirir. Hesab edirəm ki, Ermənistan tərəfi bu səfər də Azərbaycanla razılığa gəlməsə, güclü şəkildə bu ölkəyə zərbələr endirməli və sülhə məcbur etməliyik. Ümumiyyətlə, Ermənistan nə qədər var, biz silahı yeri qoymamalıyıq, sülh də olsa belə”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.