Bizim müxalifət and-aman edir ki, Zəngəzur dəhlizi məsələsi xırda söhbətdir... REPLİKA

20-11-2021, 07:15           
Bizim müxalifət and-aman edir ki, Zəngəzur dəhlizi məsələsi xırda söhbətdir... REPLİKA
Bizim müxalifət and-aman edir ki, Zəngəzur dəhlizi məsələsi xırda söhbətdir. Azərbaycan üçün elə bir önəmi yoxdur. Biz onsuz da Gürcüstan və İran üzərindən Naxçıvana gedib gələ bilirik. Zəngəzur dəhlizi bizə qətiyyən lazım deyil. Əksinə, bu dəhlizin işə düşməsi erməniləri daha da gücləndirəcək.
Azərbaycan iqtidarı Zəngəzur söhbətin ortaya ona görə atıb ki, Azərbaycan xalqı Dağlıq Qarabağdakı problemləri yaddan çıxarsın. Unutsun ki, orada ruslar at oynadır, ermənilər hələ də kef içində yaşayırlar, erməni yaraqlıları tərki-silah olmayıb və. s. Müstafası İlham Əliyev Azərbaycan xalqına kələk gəlir. Belə fırıldaq söhbətlərə aldanmayın.
Ümumiyyətlə, bizim xalqımız bizim iqtidara niyə inanmır? Çünki YAP iqtidarı xalqa o qədər yalan deyib, o qədər aldadıb ki, xalq onun dediyi düz sözə də inanmır. Azərbaycanın ən böyük problemlərindən biri də inam limitinin tükənməsinə bağlıdır...
Mövzudan uzaqlaşmayaq. Hətta bəziləri iddia edir ki, İlham Əliyev Laçın və Kəlbəcəri, üstündə də Dağlıq Qarabağı Ermənistana verib, Zəngəzuru onlardan almaq istəyir. Yəni torpaq mübadiləsi olacaq.
Torpaq mübadiləsinin olmasına inanmıram. Çünki bu, Ermənistanın İranla sərhədinin aradan qalxması anlamına gəlir. Nə Ermənistan, nə də İran buna razı olmaz. Bu, istisnadır.
Zəngəzur məsələsi Türkiyə üçün xüsusi önəm daşıyır. Türkiyənin 44 günlük müharibədə Azərbaycana dəstək verməsinin arxasında duran əsas amillərdən biri məhz Zəngəzur dəhlizinə bağlıdır. Düzdür, Türkiyə heç vaxt bunu açıb ağartmır. Ancaq mən sizi əmin edirəm ki, bu, belədir. Türkiyəyə Türki Dünyası ilə birbaşa əlaqə hava-su kimi lazımdır.
Çin dövləti üçün də Zəngəzur dəhlizinin önəmi son dərəcə böyükdür. Çünki Çindən Avropa Birliyinə gedən ən qısa yol Zəngəzur dəhlizindən keçir. Bəziləri deyir ki, Çin Rusiya üzərindən də malını Avropaya çıxarır. Döğrudur. Müxtəlif marşrutlar var. Amma ən optimal yol Zəngəzurdan keçir. Zəngəzurdan keçəcək mal mübadiləsinin dəyəri milyard dollarlarla yox, trilyon dollarlarla ölçüləcək. Bu, ağlasığmaz bir şeydir. Təsəvvür edrisizmi? Avropa Birliyi və Çin kimi iqtisadi nəhənglərin malı əsasən bu dəhlizdən keçib gedir.
İran Zəngəzur dəhlizinin qəti əleyhinədir. Bu da təbiidir. Çünki rəsmi Tehran Türk Birliyindən yarasa günəşdən qorxan kimi qorxur. Haqlı olaraq bunu öz varlığına böyük təhlükə hesab edir. Məhz elə buna görə də İran Azərbaycanla müharibənin bir addımlığına qədər dirəşdi. Azərbaycanla sərhədə 50 min qoşun yığdı. Bu ki, dünənin söhbətidir. Düşünə bilirsizmi, İran əhalisinin az qala yarısı türkdür. Və bu ölkə Azərbaycanla müharibə etmək həddində idi. Molla rejimi yaxşı başa düşürdü ki, bu, odla oynamaq kimi bir şeydir. Ancaq İranın, daha doğrusu İrandakı fars millətçiliyinin maraqları Zəngəzur dəhlizinin açılmasının qarşısını almağı tələb edirdi. Son anda İran müharibdədən vaz keçdi. Gözləri yemədi. Əminəm ki, bu müharibdən uduşla çıxacaqlarına əmin olsaydılar silahlar işə düşəcəkdi...
Yaxşı, icazə verin soruşum. Əgər Zəngəzur dəhlizi sizin dediyiniz kimi boş şeydirsə, İran niyə bu məsələyə görə Azərbaycanın üstünə silah çəkmişdi? Ermənistana fikir verin. Ermənilər “Zəngəzur dəhlizi” ifadəsini eşidəndə cin atına minirlər. Nikol Paşinyanın sifətində göy qurşağının bütün rəngləri bir-birinə qarışır.
Mənim düşüncəmə görə, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqləri gücləndirməlidir. O da sirr deyil ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Niyə? Çünki bu dəhlizə onlar nəzarət edəcək. Bu amil isə Rusiyaya ciddi təzyiq mexanizmi verir. Kimə qarşı? Türk Dünyasına və Çinə qarşı. Bəli, Rusiyanın bu işdə öz, bizim də öz marağımız var. Ancaq Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan, Türkiyə və Rusiya demək olar ki, ortaq maraqlara malikdir. Bəzən belə şeylər olur. Fərqli dövlətlərin maraqları hansısa məsələdə üstü-üstə düşür. Hətta ermənilərlə azərbaycanlıların da fikirlərinin üstü-üstə düşdüyü məsələlər var. Məsələn, ermənilər də, azərbaycanlılar da Rusiyanı istilaçı hesab edir...
Məncə, biz Zəngəzur dəhlizinin açılması məsələsində sona qədər dirəşməliyik. Ancaq dirəşməsək də bu dəhliz açılacaq. Çünki Türkiyə və Rusiya da bunu istəyir. Ermənistanın manevr etmək imkanı tükənib.
Yaxşı, Zəngəzur məsələsinə görə biz Dağlıq Qarabağdakı mövcud problemləri unutmalıyıqmı və ya həmin problemlərə barmaqarası baxmalıyıqmı? Qətiyyən. Biz bütün istiqamətlərdə uğur qazanmağa çalışmalıyıq.
Bir şeyi də deyim. Zəngəzur dəhlizi açıldıqdan sonra Cənubi Qafqazda erməni məsələsi bir dəfəlik gündəmdən çıxacaq. Bölgəyə sülh və əmin-amanlıq gələcək. Dağlıq Qarabağ probleminin həllinə də bu dəhlizin açılışı müsbət impuls verəcək.
Bir sözlə, Zəngəzur məsələsi Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Bunu yaddaşınızın bir ucuna yazın, qalsın. Ümid edirəm ki, Zəngəzur dəhlizi işə düşəndə kimlərsə mənim bu yazımı çıxarıb ortaya qoyacaq. Deyəcək ki, bəy o vaxt deyirdi, biz isə inanmırdıq...

Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.