İran “3+3“ formatını dəstəkləyir: - Bakı ilə Tehran arasında “buzlar əriyir”?
23-11-2021, 19:50

Azərbaycanla İran arasında yaranmış gərginliyə son qoyulub.
Əslində, bütün mübahisəli məsələlərin həll olunduğunu söyləmək hələ tezdir. Ancaq İran rəsmi şəkildə qarşıdurmadan çəkildiyini bəyan edib.
“Biz hər iki tərəfin qətiyyətli münasibəti sayəsində mətbuat vasitəsilə yaranan arzuolunmaz və faydasız gərginliyi geridə qoyduq”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
O qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri münasibətlərin normallaşmasını sübut edir.
“İranla Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və həmin səfər də bunun təsdiqi oldu. Yaxın gələcəkdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər davam etdiriləcək”, - deyə XİN rəsmisi əlavə edib.
Xətibzadə qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavininin səfəri əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsinə yönəlmişdi.
Baş nazirin müavini Şahin Mustafayevlə görüşündə Azərbaycanın ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdullahian İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.
Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası Dövlət Komissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması, bu istiqamətdə görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Şahin Mustafayev Azərbaycanla İran arasında birgə avtomobil ehtiyat hissələrinin istehsalına dair razılaşmanın əldə olunduğunu deyib.
Bundan başqa, Azərbaycanla İranın Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənilməsi barədə ilkin razılığa gəldiyi barədə məlumat yayılıb.
Eyni zamanda, İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd “Anadolu” agentliyinə müsahibəsində rəsmi Tehranın gərginliyin aradan qalxmasına və regional əməkdaşlığa dəstək verən mövqeyini açıqlayıb.
“İran Cənubi Qafqaz regionunda “3+3” regional formatının yaradılması təklifini dəstəkləyir”,- deyə səfir bildirib.
“Tehran 2020-ci ilin noyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstanın üçtərəfli iştirakı ilə regional əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. “3+3" şəklində Türkiyə, İran və Rusiyanın iştirakı ilə bölgənin şəkilləndirilməsini dəstəkləyirik”, - deyə səfir qeyd edib.
Diplomat əlavə edib ki, İslam Respublikası bu ideyanı şövqlə qarşılayıb və bu ideyanı ilk dəfə İranın keçmiş xarici işlər naziri 2020-ci ildə Bakı, İrəvan, Moskva, Tiflis və Ankaraya səfəri zamanı irəli sürüb:
“O bu təşəbbüsün mümkün qədər tez gerçəkləşməsinin vacibliyini vurğulayıb. Bir ölkə istisna olmaqla, digər ölkələr bu təşəbbüslə prinsipial olaraq razılaşıblar”.
Məhəmməd Fərazmənd vurğulayıb ki, “3+3” təşəbbüsü İranın xarici siyasətinin prinsip və əsaslarına, yəni regionda ölkələrinin bölgə problemlərinin həlli, gərginliyin minimuma endirilməsi və əməkdaşlığın inkişafı məramına tam uyğundur:
"İbrahim Rəisi administrasiyası qonşularla münasibətlərin İslam Respublikasının xarici siyasət prioriteti olduğunu elan edib. Hətta 2020-ci ildə İranın iki şimal qonşusu arasında gedən müharibə zamanı rəsmi Tehran Qafqazda və ümumən bölgədə mübahisələrin ədalətli şəkildə, sülh yolu ilə həlli, Azərbaycan ərazilərinin işğalına son qoyulması və davamlı sülhün bərqərar edilməsini dəstəkləyib.
Xoşbəxtlikdən "3+3" və ya "2+3" təşəbbüsünün reallaşması üçün ölkələr arasında kollektiv iradə və ümumi maraqlar və yüksək qarşılıqlı anlaşma mövcuddur. Şübhəsiz, Cənubi Qafqazın regionunda sülh və sabitliyin bərqərar olması və 30 illik gərginliyə son qoyulması, inkişaf, ticarət, investisiya və nəqliyyat imkanlarının açılması bu regionun bütün xalqlarına fayda verəcək”.
Göründüyü kimi, “3+3” formatına maraq göstərməyən, xüsusilə də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan İranın mövqeyində tamamilə əks istiqamətdə dəyişiklik baş verib. Ehtimal ki, regional proseslərdən kənarda qalmaqdan narahat olan İran çox güman ki, “Altılıq” formatına qoşulmaq müqabilində müəyyən təminatlar alıb. Təminatçı tərəfin hansı ölkə olmasına dair suala gəlincə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu yaxınlarda Tehrana səfər etməsi və aparılan danışıqların gündəliyinin Azərbaycanla koordinasiya edilməsi, bunun ardınca Şahin Mustafayevin İrana səfəri zamanı razılaşmanın əldə edilməsi, eləcə də Ankaradakı səfir Fərazəndin açıqlaması bu baxımdan diqqəti cəlb edir.
Yəni İran tərəfinin açıqlamaları əsas vasitəçi və təminatçı ölkənin Türkiyə və Azərbaycan olduğunu deməyə əsas verir. Daha doğrusu, razılaşmanın şərtləri Ankara və Bakı tərəfindən müəyyənləşdirilərək İrana təqdim edilib. İlk növbədə isə Tehran hakimiyyəti İranın regional proseslərdən təcrid ediləcəyinə dair narahatlığına əsas olmaması üçün əmin edilib. Hələlik əldə olunan anlaşma daha çox xarici işlər nazirləri və Baş nazirin müavini səviyyəsindədir. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana nəzərdə tutulan səfəri ərəfəsində bu bəyanatların səsləndirilməsi dövlət başçıları səviyyəsində “3+3” formatında əməkdaşlığa təkan verəcək birgə sənədlərin imzalanacağından xəbər verir.
Eyni zamanda, Azərbaycan və İran prezidentlərinin Aşqabadda gözlənilən görüşündə aparılacaq müzakirələr də yeni regional əməkdaşlıq formatının qurulmasını sürətləndirə bilər. Ümumiyyətlə, rəsmi Tehranın mövqeyində baş verən güclü dəyişikliklər İranın İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqları qəbul etdiyini göstərir. Halbuki xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 5-də Rusiyaya səfəri zamanı İranın regiondakı geosiyasi dəyişikliklərin əleyhinə olduğunu bəyan etmişdi. Ancaq İranın Cənubi Qafqazda Türkiyənin artan rolunun qarşısını almaq və Ermənistan vasitəsilə Zəngəzur dəhlizinin açılmasına mane olmaq səyləri Moskvanın və Ankaranın ciddi müqaviməti ilə qarşılandı.
Nəticədə Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan İran bu mövqelərini də itirmək təhlükəsi ilə üzləşib. Çünki Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əsas geosiyasi aktor rolunda Rusiya-Türkiyə tandemi çıxış edir. Digər alternativ oyunçular olan Avropa Birliyi və ABŞ da İranın Cənubi Qafqazda maraqlarını tanımaq istəmir. Rusiya isə ümumiyyətlə, strategiyanı dəyişib və Zəngəzurdan keçməklə Şimal-Cənub nəqliyyat dəhlizinə nəzarəti ələ almaqla İranı bölgədən sıxışdırmağa çalışır.
Ona görə də Türkiyənin və Azərbaycanın təminatı ilə İranın “3+3” formatında iştirakına Kremlin müsbət yanaşacağını söyləmək çətindir. Yəqin ki, bununla bağlı Rusiya ilə İran və Türkiyə arasında ayrıca müzakirələrə ehtiyac yaranacaq.
İstənilən halda, İranın “3+3” formatına qoşulması Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər. Çünki Tehrandan gələn son açıqlamalar İranın Fars körfəzindən Qara dənizə qədər nəqliyyat və kommunikasiya marşrutu yaratmaq layihəsinin ən azı təxirə salınması deməkdir. Ermənistanı Naxçıvanla Azərbaycanın qərb hissəsini birləşdirəcək nəqliyyat və kommunikasiya vasitələrinin açılmasına dair 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirməyə mane olan əsas səbəblərdən biri məhz İranın təsiri olub. İndi İranın mövqeyini dəyişməsi Ermənistanı Zəngəzur dəhlizini açmağa və regional əməkdaşlıq formatına daxil olmağa vadar edə bilər.
İranın “Altılıq” platformasına daxil olması bölgədəki yeni geosiyasi konyukturda Azərbaycanı güc mərkəzi kimi tanıması deməkdir. Bu da öz növbəsində, Azərbaycanın regional proseslərdə fəallığının artması ilə müşahidə olunacaq.
Eyni zamanda, İran bu addımı ilə Türkiyəni Cənubi Qafqazda yeni geosiyasi oyunçu kimi qəbul etməkdən başqa yolu qalmadığını nümayiş etdirdi. Yəni Türkiyə və Azərbaycan İranın bölgədəki fəaliyyətinin təminatçısına çevrilir. Tehranın “oyun qaydaları”nı pozması Cənubi Qafqazdakı maraqlarının zərbə altına düşməsi ilə nəticələnə bilər.