Brüssel, yoxsa Soçi: Sülh müqaviləsini hansı görüş gətirəcək?
24-11-2021, 07:24

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək.
Əslində Kremlin belə bir təşəbbüslə çıxış edəcəyi gözlənilən idi. Çünki Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünün təşkili Moskva üçün arzuolunan deyil. Bölgədə sülhyaratma missiyasını həyata keçirən Rusiya danışıqlarda vasitəçilik funksiyasını da əldən vermək istəmir. Ona görə də dekabrın 15-ə qədər Rusiya Prezidentinin təşəbbüsü ilə üçtərəfli görüşün keçiriləcəyi proqnozlaşdırılırdı. Yəni Rusiya qabaqlayıcı addım atmaqla öz maraqlarına uyğun razılaşmanın əldə edilməsinə çalışır.
Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya noyabrın 10-dan etibarən Azərbaycan və Ermənistanı danışıqlar masası arxasına gətirməyə çalışır. Lakin Ermənistanın prosesdən yayınması buna mane olur:
“Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan görüş baş tutmadı. Müxtəlif kanallardan alınan məlumatlar buna Ermənistanın təxribatının səbəb olduğunu göstərir. Noyabrın 16-da Qaragöl istiqamətində bir günlük müharibə də təsdiq etdi ki, bu təxribat ermənilər tərəfindən törədilib. Putin görüşün ayın 9-15-i arası keçirilməsini istəyirdi. Ayın 16-da döyüşlərin başlanması da bunu sübut edir.
Hesab edirəm ki, görüşlərin keçirilməsində müxtəlif tərəflər öz maraqlarına uyğun sənədlərin imzalanmasının tərəfdarıdır. Avropa İttifaqının isə öz kursu var. Bu baxımdan Rusiya da həlledici mövqeyə malikdir. Amma Azərbaycanın danışıqlarda Avropa İttifaqının vasitəçiliyinə razılıq verməsinin öz səbəbləri var. Bu ilin sonuna qədər Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq müqaviləsinin imzalanması gözlənilir. Hazırda erməni məsələsinə görə Avropadan Azərbaycana ciddi təzyiqlər var. Ona görə də Azərbaycan Avropa İttifaqının vasitəçiliyini qəbul etməklə xoş məram nümayiş etdirir. Əslində bu, Avropa İttifaqı tərəfindən ATƏT-in Minsk Qrupunun iflasının etirafıdır”.
Ekspert bildirib ki, bu görüş tərəflərə heç nə qazandırmayacaq:
“Hətta Brüssel danışıqları daha çox Ermənistanın xeyrinədir desək, yanılmarıq. Çünki Avropa İttifaqını bu missiya ilə çıxış etməyə vadar edən xaricdəki erməni lobbisinin mövqeyidir. Ona görə də Qərbdə bunu Rusiyaya qarşı atılmış addım hesab edirlər. Yəni Belarus-Polşa qarşıdurması, Ukraynadakı münaqişə, Gürcüstanda Saakaşvili məsələsi ilə birlikdə Azərbaycan-Ermənistan danışıqlarını da təşkil etməklə bu məsələlərə kompleks yanaşma ortaya qoyulur. Biz bunu bölgədəki toqquşmalara yanaşmada da görürük. Lakin Qərb dairələri Rusiya ilə qarşıdurmaya getmək istəmir.
Rusiyanın Brüssel görüşünü qabaqlaması isə məntiqi baxımdan, başadüşüləndir. Bu arada Rusiyanın hər iki tərəfə təzyiqləri müşahidə olunur. Görünür, Brüssel görüşü Rusiyanın xoşuna gəlmir. Ona görə də Putin həlledici söz sahibinin Rusiya olduğunu göstərməyə çalışacaq. Bunu Soçi görüşündə qeydə alınan nəticələrdən görə bilərik. Ermənistan hakimiyyəti daxilində parçalanmalar baş verir. Burada Rusiyapərəstlər peyda olub. Bunlar başqa nüanslardan xəbər verir. Ermənistana qarşı təzyiqlər var. Bütün bunlar Rusiyanın tələsdiyini göstərir. Kreml istəyir ki, bölgədə Rusiya üçün əlverişli olan saziş imzalansın. Bu sazişin şərhi 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının növbəti dəfə təsdiqlənməsinə əsaslansın.
Hesab edirəm ki, bu sənədlərin bizə məlum olmayan gizli tərəfləri var. Azərbaycan Prezidentinin qətiyyətli addımları və ritorikası ümumi vəziyyətin bizim xeyrimizə olduğunu deməyə əsas verir. Əgər müqavilə imzalanmırsa, deməli, Azərbaycanı qane etməyən səbəblər var. Saziş imzalansa, deməli, şərtlər Azərbaycanın maraqlarına uyğun olacaq. Lakin Ermənistan Zəngəzur dəhlizinin açılmasını mübahisələndirir, sərhədlərin delimitasiyası və demarkasiyasında ikili yanaşma nümayiş etdirir, müharibənin nəticələri, “hərbi əsirlər” kimi məsələlər gündəmdən düşmür.
Ermənistan müharibə alternativləri ilə prosesi davam etdirir. Bu baxımdan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun üçtərəfli komissiyanın fəaliyyəti ilə bağlı açıqlaması çox önəmli oldu. Azərbaycan hər vəchlə çalışır ki, Ermənistan müharibənin nəticələrini qəbul etsin. Növbəti dəfə hərbi təcavüzə əl atmaq bu ölkənin məhvinə gətirib çıxara bilər”.
Ekspert qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçi müxtəlif tərəflər ola bilər. Lakin yekun qərar ya Soçi, ya da Moskva danışıqlarında veriləcək.
Əziz Əlibəylinin sözlərinə görə, Rusiya Azərbaycanın gələcək ittifaq dövləti modelində iştirak etməsini istəyir. Buna baxmayaraq, Azərbaycanın belə bir təklifi qəbul edəcəyi real görünmür.