Müəyyən edilmiş qeyri-müəyyənliyin apardığı yol…
24-11-2021, 08:15

Diplomatik praktikada beynəlxalq toplantılar zamanı dövlət başçılarının, xarici işlər nazirlərinin bir-biri ilə görüşmələri adi haldır. Münasibətləri gərgin olan dövlətlərin başçıları belə toplantıları adətən fürsət bilirlər.
Təbii ki, burada hər iki tərəfin razılığı mütləqdir. Bir tərəf razı olmasa görüş baş tutmur. Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin 15 dekabrda Brüsseldə Şərq tərəfdaşlığı zirvə sammitində görüşünə hər iki tərəfin razılıq verməsi də praktikada tez-tez rast gəldiyimiz görüşlərdən biri olacaq. Ona görə də Brüssel görüşünə Azərbaycanın yeni bir təklif paketi ilə getməyi gözlənilmir. Azərbaycanın mövqeyi strateji baxımdan dəyişməzdir, taktiki addımlar isə bu görüşü təşkil edənlərə nəzakət jestindən başqa bir anlama gəlmir.
Bu görüşü Qarabağ münaqişəsinin indiki mərhələsində Qərbin Rusiyanı üstələməsi, təşəbbüsü ələ alması kimi dəyərləndirmək doğru deyil. Qərbin Qarabağ münaqişinə təsir imkanları Rusiya ilə müqayisə oluna bilməz. Qərb bəyanatlar verə bilər, tərəfləri sülhə səsləyə bilər, humanitar yardım edə bilər, amma Qərbin Rusiya kimi Azərbaycanda sülhməramlı missiya adı altında silahlı qüvvələri və Ermənistandakı kimi hərbi bazası yoxdur və bu reallığı da Qərb hamıdan yaxşı bilir. Çox güman ki, Qərb tərəflərə Minsk Qrupunun yenidən fəaliyyətə başlamasını və tərəflərin bu mövzuda müzakirə aparmasını, razılığa gəlməsini təklif edəcək. Bu görüşün özəlliyi İlham Əliyevlə Nikol Paşinyanın müharibədən sonra ilk dəfə olaraq təkbətək görüş keçirməsidir. Vasitəçilər olmadan tərəflərin birbaşa görüşməsi və problemləri müzakirə etməsi mümkündür, amma həlledici nəticənin olması real görünmür. Brüsseldə hansısa bir sənədin imzalanması da gözlənilmir. Hətta, 15 dekabra kimi Soçi görüşünün baş tutacağı barədə yayılan informasiyanın həqiqət yükü daha çoxdur və Rusiya tərəfdən gözlənilən bir gedişdir. Rusiya Cənubi Qafqaza Qərbin can atdığını bilir və bu bölgədə ən təsiredici təzyiq vasitəsinin Qarabağ münaqişəsi olduğu Kremlin uzun illərdir apardığı siyasətdir. Nə qədər xoş olmasa da reallıq belədir.
Hazırda sərhədlərin müəyyənləşməsindən qaçan Ermənistandır və sərhədlərin delimitasiya və demarkasiyasına başlanması və hüquqi baza kimi bunun sovet xəritələri əsasında görülməsi ermənilər tərəfindən ikinci məğlubiyyət olaraq dəyərləndirilir, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanımaq kimi qəbul olunur. Məsələ müharibə bitəndən bu günədək uzadılır, erməni müxalifəti bunu fürsət kimi dəyərləndirib iqtidara qarşı təzyiq vasitəsi kimi istifadə edir, Paşinyan da maksimum bu mərhələdə qərar verməkdə çəkinir. O zaman niyə Ermənistanın məsələni uzatma oyununun arxasınca gedir, düşmənə təzyiq kimi birbaşa Qarabağın işğal altında qalan ərazilərilə bağlı hüquqi iddialarımızı gündəmə gətirib, 10 noyabr bəyanatında razılaşdırılan müddəalardan başlamırıq?
Qarabağın nəzarət etmədiyimiz ərazisində vəziyyət heç də ürəkaçan deyil və yaxın perspektivdə yaxşılaşmasına doğru real olaraq müsbət tendensiya müşahidə olunmur. Burada daxili və xarici faktorlar var. Daxildəki separatçı rejimin liderləri əhali arasında heç vaxt Azərbaycanın tərkibində heç bir statusa razı olmayacaqlarını təbliğ edirlər. Rusiya Xocalıda, məhz Xocalıda kilsə tikib büstlər qoymaqla bu yerlərə uzun müddətə gəldiyinin hər iki tərəfə mesajını verir. Ermənistan silahlı qüvvələri əraziyə nəzarət edir və müdafiə naziri rahat şəkildə Azərbaycan ərazisinə gələ bilir. Laçın dəhlizi istiqamətindəki dövlət sərhədinə nəzarət edə bilmirik. Yeni dəhlizin açılması separatçı rejimin ömrünü daha da uzatmağa hesablanıb. Laçın rayon mərkəzini qazanmaq hələ Qarabağda tam suverenliyimizi əldə edə bilmək anlamına gəlmir. Yeni dəhliz istifadəyə verildikdə sərhədə nəzarətimizin yaranacağı isə müzakirə olunmur. Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında paralellik aparmaq isə zərərli nəticələrə gətirib çıxarır. Azərbaycan Zəngəzur dəhlizi vasitəsi ilə öz torpağına-Naxçıvana gedir, amma Ermənistan Laçın dəhlizi vasitəsi ilə özgə torpağına daxil olur. Bunlar fərqli məsələlərdir. Qarabağdaxili yolların açılması da gündəmdə deyil, əksinə Murovdan və başqa yerlərdən çəkilən tunel yollar bir tərəfdən sevindirir, amma həm də belə bir şübhəyə əsas verir ki, deməli Tərtər-Kəlbəcər yolunun açılması bilinməz aylara -illərə qalıb. Keçmiş Dağlıq Qarabağdan olan qaçqınların doğma yurdlarına qayıtması və bununla da birgəyaşayış prinsipinin təmin edilməsi ilə bağlı heç bir iş görülümür. Qazax rayonunun işğalda qalan kəndlərinin də məsələsi sanki unudulub. Bu ərazilərin gündəmə gətirilməsi də indi diplomatiyamızın əsas işlərindən biri olmalıdır. Ümumiyyətlə, Azərbaycanın Xankəndinə nəzarətinin yaranması perspektivi sanki yeddi möhürlə qapanıb və vətəndaşlarımız bu barədə rəsmi mövqedən məhrumdurlar. Müharibənin bitməsinin ikinci ilinə qədəm qoymuşuq. Bu 12 aydan çox müddətdə isə qeyd olunan narahatedici məsələlərə rəsmi şəkildə toxunulmaması bizi məyus edir, düşməni ümidləndirir.
Odur ki, düşmənə sərf edən və Rusiya tərəfindən müəyyən edilmiş qeyri-müəyyənliyin arxası ilə getməməli, Qarabağın işğalda qalan hissəsi ilə bağlı konkret addımların atılması digər müşkülləri asanlıqla çözəcək, o cümlədən sərhədlərin müəyyən edilməsini də.
İlham İsmayıl