Paşinyan Azərbaycana meydan oxudu
25-11-2021, 07:27

Dünən medianın və qeyri-hökümət təşkilatlarının suallarını cavablandırmaq üçün 2 saat canlı efirdə olan Nikol Paşinyan ultimativ çıxış edib, üçtərəfli görüşdən öncə mövqeyini xalqa çatdırıb. O, çıxışı zamanı “Qarabağ Ermənistandır”, “Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz", "Biz Azərbaycanın aqressivliyindən ona qarşı istifadə etməliyik, Azərbaycan bölgəni cəngəlliyə çevirmək istəyir”, Ümumiyyətlə, “Şərqi Zəngəzur”, “Zəngəzur dəhlizi” ifadəsi və ya “dəhliz məntiqi” nə deməkdir? Biz buna getməyəcəyik”, “Məgər Dağlıq Qarabağ ərazi məsələsidir? Bizim başa düşdüyümüzə görə bu, ərazi məsələsi deyil. Dağlıq Qarabağ məsələsi hüquq məsələsidir və ərazi ilə heç bir əlaqəsi yoxdur” deməklə yanaşı Azərbaycanı bir çox məsələlərdə ittiham edib.
Paşinyanın belə mövqe ilə danışıqlara getməsi o deməkdir ki, nə Soçi, nə də Brüssel görüşündən hər hansı bir nəticə gözləməyə dəymir.
Paşinyanda bu cəsarət hardan yarandı? O, 16 noyabr sərhəd toquşmasından sonra ritorikanı nədən dəyişdi?
Əslində biz belə təxribatlara həmişə hazır olmalıyıq.
100 illik millətçiliyinin qurbanı olan Ermənistan xalqı da belə çıxışlara qarşı mövqe qoymalıdır, 30 ildən sonra məğlub Ermənistanda yenidən ifrat millətçiliyin yaranması bu dövləti daha da zəiflədəcək.
Azərbaycan olaraq ilk növbədə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərinin yerinə yetirilməsinə çalışmalıyıq, orda yazıldığı kimi:
1) Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır;
2) Məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağa qayıtmalıdır;
3) Laçın dəhlizi üzrə sərhədə nəzarət məsələsi həll olunmalıdır.
Bizim üçün həlli vacib olan ən başlıca vəzifə Dağlıq Qarabağın Azərbaycanın de-fakto idarəçiliyinə verilməsinin Zəngəzurdan önə çıxarılması olmalıdır, əks təqdirdə Qarabağda suverenliyimizə nail olmaq daha da çətinləşəcək.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Gubad Ibadoglu.
Teref.az