Azərbaycanda “endirim”dən əvvəlki bahalaşma - İstehlakçıların “QARA” gələn “CÜMƏ”si

26-11-2021, 10:11           
Azərbaycanda “endirim”dən əvvəlki bahalaşma -
“Qara cümə” - Amerikada “Şükran Günü”ndən sonrakı ilk cümə günü məhz belə adlanır. 1932-ci ildən bəri insanlar həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Bu gündə mağazalar insanlara qapılarını çox erkən açır və gec saatda bağlayır, həmçinin gözlənilməyən endirimlər həyata keçirirlər. “Black Friday” rəsmi olaraq qeyri-iş günü hesab edilmir. Kanada və İngiltərədə də “Black Friday” günü qeyd edilir və Amazon kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.

Bu alış-veriş günü ilk dəfə 1961-ci ildə qəzetlərdə Black Friday olaraq işıqlandırılıb. Belə ki, həmin gün Filadelfiyada alış-veriş səbəbi ilə yaranan tıxac və sıxlıq hətta insanların xəsarət alması ilə nəticələnib.

Bu dəfə isə “Qara cümə” 25 noyabra təsadüf edib.

“Qara cümə” adı ilə tanınan bu endirim kampaniyaları son illər Azərbaycanda da dəbə minib. Amma necə?

Azərbaycanda öncədən qiymətlər yüksək olur

Bu barədə Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində Azərbaycandakı “Qara cümə” ilə dünyadakı “Qara cümə” bir-birindən ciddi şəkildə fərqlənir:

“Ona görə ki, dünyanın brend mağazaları Azərbaycanda birbaşa təmsil olunmur, müqavilə əsasında yerli təmsilçilərlə işləyirlər. Onlar məhsulları sərhəddə təhvil verir və ölkə daxilindəki vergi, qiymət siyasətinə, digər məsələlərə qarışmırlar. Dünyada məşhur brendlərin, hətta qonşu ölkələrdə, Gürcüstanda, Ukraynada olan qiymət siyasəti ilə Azərbaycandakı qiymət siyasəti kəskin fərqlənir. Çünki ölkədə xarici brendlərin bazarda birbaşa fəaliyyəti təssüf ki, mümkün deyil. Onlar yerli nümayəndəlik vasitəsilə bazarda iştirak edirlər. Ona görə də Avropa və dünyada baş verən qiymət siyasəti Azərbaycanda görünmür”.


Ekspert dünyada əhalinin böyük bir qisminin ehtiyaclarını ödəmək üçün bir il ərzində “Qara cümə” endrimini gözlədiklərini qeyd edib:


“Bizdə belə deyil. Azərbaycanda çox vaxt qiymətlər yüksək olur. Sonra “Qara cümə” adı ilə müəyyən miqdarda endirirlər. Yəni, endirim elə satış qiymətinə yaxın olur. Hansı qiymətə satmaq istəyirdilərsə, sonda məhsulun qiymətini yenə də o məbləğə təklif edirlər. Yəni, bizdəki mexanizimlə dünyadakı mexanizm arasında ciddi fərq var”.


N.Cəfərli dünyada “Qara cümə” endirimlərinin fərqli faizlərlə təqdim olunduğunu bildirib:

“Bəzi Amerika şirkətləri var ki, 80 faiz endirimə gedir. Ona görə də insanlar bir il ərzində bu kampaniyanı gözləyirlər ki, həmin məhsulu alsınlar. Burada məntiq fərqlidir. Bir il ərzində hansısa şirkətin dövriyyəsi olur. Artıq bazara yeni məhsul çıxartmalıdır. Amma anbarlarında köhnə dəblə olan geyim, köhnə texnologiya ilə olan məişət əşyası qalır. Bir il ərzində qazanan şirkət “Qara cümə”dən istifadə edərək anbarlarını boşaldır və yeni texnologiya, dəbli məhsulların istehsalına başlayır. Bizim şirkətlərin məntiqi budur. Azərbaycanda istehsal yoxdur və birbaşa nümayəndəlik də olmadığına görə, o məntiq bizdə çalışmır”.

İstehlakçılar endirim zamanı aldıqları məhsulu 14 gün ərzində qaytara bilər


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Qara cümə” endirimlərini dünyada biznes qurumların istehlakçıları dükanın qapısından içəri salmaq fəndi kimi dəyərləndirib:

“Çünki dükanın qapısından içəri girəndə istehlakçı böyük ehtimalla nəsə alır. Məhsullarda 60-70 faiz endirim ola bilər. Ola bilər ki, firma iflas edib məhsulunu ucuz qiymətə satır və.s Lakin ümumilikdə götürəndə görürük ki, çox vaxt saxta mallar, vaxtı keçmiş, yararsız məhsullar dünyada endirim kampaniyalarında istehlakçılara sırınır. Azərbaycanda isə bunun daha pis forması tətbiq olunur. Belə ki, istehlakçı bəzən endirim kampaniyasında məhsul alandan sonra onun təlabatını ödəmirsə, dəyişə və ya qaytara bilmir. Deyirlər ki, sən məhsulu endirim zamanı almısan. Bu, qanuna ziddir. Endirim zamanı aldıqları məhsul təlabatlarını ödəməzsə, istehlakçılar onu 14 gün ərzində istifadə olunmamaq şərti və kassa çeki ilə birgə qaytara bilər. Təəssüf ki, endirimlər zamanı istehlakçıların bu hüquqi çox pozulur. Demək olar ki, təmin edilmir”.

E.Hüseynov Azərbaycanda “Qara cümə” kampaniyasına qoşulan dükanlar şəbəkəsinin əksəriyyətinin xarici ölkələrdə oturan böyük brend mağazalardan edildiyini bildirib:

“Yerli istehsalçılar bir qayda olaraq bunu etmirlər. Bu cür endirim kampaniyalarında istehlakçı hüquqları pozulur. Xüsusən bu hal məişət əşyaları alan zaman daha çox müşahidə olunur. Mağazalarda nasaz, təmirdən çıxmış, qaytarılmış məhsullar yenidən satılır. Bu zaman istehlakçılar mağaza sahibi ilə problem yaşayırlar. İstehlakçılar endirim kampaniyalarında məhsul alanda tələsməməlidirlər. Məhsulun bütün xüsusiyyətini yoxlasınlar. Nazirlər Kabinetinin 94 saylı qərarına gör, malların üzərində rəsmi şəxsin imzası və ya möhrü olmaqla məhsulun əvvəlki və sonrakı qiyməti qeyd olunmalıdır. Azərbaycanda görürük ki, sadəcə bir qiymət yazılır və üzərindən xətt çəkilərək yeni qiymət qeyd olunur. İstehlakçının hüququ var ki, məhsul əvvəlki və sonrakı qiymətini göstərən rəsmi sənəd tələb etsin. Satıcı bunu göstərməyə borcludur”.


E.Hüseynov hüquqları pozulan istehlakçılara çıxış yolu da göstərib:

“İstehlakçının hüququ pozularsa, onlar hüquqlarını qoruyan dövlət orqanının 195-2 nömrələri ilə İqtisadiyyat Nazirliyinə və ya Azad İstehlakçılar Birliyinə yazılı ərizə ilə məlumat verməlidirlər.

“İstehlakçıların hüquqlarının Müdafiəsi haqqında qanunun 26-cı maddəsinə görə, əgər məhkəmə iddiaları qaldırılarsa, istehlakçılar məhkəmə rüsümunu ödəməkdən azaddılar”.

AİB sədrinin sözlərinə görə, hər il çox sayda istehlakçı “Qara cümə”dən sonra onlara müraciət edir:

“Çox təəssüf olsun ki, ölkədə bir neçə mağaza şəbəkəsini birləşdirən qrup dövlət orqanı qarışmayanda istehlakçının heç bir hüququnu tanımır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.