“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” bəyanatı - yeni hiylə...

26-11-2021, 10:27           
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” bəyanatı - yeni hiylə...
Paşinyanın yeni hiyləsi nəyə hesablanıb?..

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də facebook səhifəsində jurnalistlərin suallarını cavablandırarkən maraqlı bir bəyanat da səsləndirib. Ərazi bütövlüyü məsələsinə toxunan Paşinyan qeyd edib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak ediblər və bəyannamə və dövlətlərarası saziş imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. “O zaman Qarabağ problemi də var idi. Sual olunur: Qarabağ problemi ərazi problemidirmi? Bizim anlayışımıza görə, bu, huquqi məsələdir”, - Paşinyan bildirib.

Ərazi bötüvlüyü ilə bağlı Paşinyanın dediklərində müəyyən həqiqət payı ola bilər, amma bu formal olaraq belədir. Çünki məhz 1991-ci ildən sonra Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğala məruz qalıb. Üstəlik, müstəqil və guya ərazi bötüvlüyünü tanıdıqları ölkənin ərazisində qondarma qurum yaradılıb və illərlə fəaliyyət göstərib. İndi Paşinyan bu bəyanatı o səbəbdən yada salır ki, guya daha Azərbaycanın ərazi bütövlüyünü təsbit edən sənədə qol çəkməyə ehtiyac yoxdur. Çünki belə bir sənədin imzalanması Ermənistanın Qarabağın erməni köçmənlər məskunlaşmış ərazilərində “müstəqillik, status” kimi xəyallardan rəsmən çəkinməsi demək olacaq. O səbəbdən Paşinyan düşünür ki, belə bəyanat verməklə Ermənistanı “Qarabağ iddiasından vaz keçməkdən” yayındıra bilər.

Siyasi şərhçi Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, MDB-nin Paşinyanın istinad etdiyi bəyannaməsində oraya üzv olan respublikaların bir-birinin ərazi bütövlüyünü tanıması barədə bənd var. Paşinyanın istinad elədiyi bu fakt formal xarakter daşıyır: “Bu günə qədər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə nə yazılı, nə şifahi bəyanat, açıqlama, sənəd yaymayıb. İndi Paşinyan MDB-nin formal bir sənədini ortaya atmaqla birincisi, daxili auditoriya üçün mesaj verir və bununla demək istəyir ki, hələ 30 il öncə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu addımı ilk atan mən deyiləm. Digər tərəfdən, bu bəyanat beynəlxalq ictimaiyyətə hesablanmış fikirdir. Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün beynəlxalq təzyiq olarsa eyni zamanda onlara söyləyir ki, buna artıq gərək yoxdur 1991-ci ildə Ermənistan MDB-yə qəbul olunmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bir sözlə, o bəyanat Paşinyanın söz oyunundan başqa bir şey deyil. O, öz aləmində hiyləgər gediş edir”.

Ermənistan baş nazirinin Qarabağ məsələsinin ərazi yox, hüquq məsələsi olduğunu deməsinə gəlincə, O.Qasımov hesab edir ki, Paşinyanın niyyəti ərazi məsələsi, işğalla bağlı Ermənistana kənar təzyiqləri azaltmaqdır: “Bununla belə, görüntü yaratmağa çalışır ki, guya Ermənistan Azərbaycana ərazi iddiaları irəli sürmür, amma Qarabağda yaşayan 25 min erməniyə status verilməsi hüquqi məsələdir və Ermənistan bunda israr edir.

Əgər məsələ hüquqi məsələdirsə, onda Azərbaycan da Zəngəzur, Göyçə mahalından zorla çıxarılmış yüz minlərlə azərbaycanlının orada hüquqlarının bərpası məsələsini qaldıra bilər. 25 min əhalinin hüququ məsələsi Paşinyan tərəfindən o şəkildə qoyulursa, nədən 2 yüz min azərbaycanlı əhalinin hüququ qoyulmasın?! Əlbəttə, Azərbaycan istənilən an bu məsələni qoya və Ermənistan qarşısında tələb kimi irəli sürə bilər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.