Azərbaycanda nazir, deputat olmağın fəlakətli tərəfi - AXI NİYƏ?!

26-11-2021, 10:47           
 Azərbaycanda nazir, deputat olmağın fəlakətli tərəfi - AXI NİYƏ?!
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Sovet dövrü. Bakı şəhərində yerləşən məktəblərin birində birinci sinifdə ilk dərs. Sinif rəhbərimiz hamını bir-bir qaldırır və tanış olduqdan sonra “Sən böyüyəndə kim olmaq istəyirsən” sualını verir. Hərə bir cavab verir: kimi həkim olmaq istəyirdi, kimi “mantyor”, kimi maşın ustası, kimi “milsəner”, kimi də avtobus sürücüsü, yəni “şofer”.

Qızların əksəriyyəti müəllim və həkim, oğlanların da bəziləri SSRİ-dəki dəbə uyğun olaraq, kosmonavt olmaq istəyirdi. Düzünü desəm, aramızda bir oğlan “zavmaq” (dükan müdiri) olmaq istədiyini də demişdi. Yadımdadır, bütün sinif ona necə ikrah və ironiya ilə baxırdı. Dövr elə idi. İndiki uşaqlar eyni suala yəqin ki, menecer, “aytişnik”, futbolçu, “merçindayzer”, “eyçar”, şirkət müdiri, hətta müğənni də olmaq istədikləri cavabını verərlər.

Amma, nə o zaman, nə də indi hansısa uşaqdan “mən böyüyəndə deputat və ya nazir olacağam” cavabını eşitməmişəm. Bəli, ola bilər ki, o uşaqlardan kimsə yekələnəndə fikrini dəyişəcək və deputat və ya nazir olmaq istəyəcək. Niyə də olmasınlar ki? Nazirlərin və deputatların həyat və fəaliyyətinə, xüsusən də dolanışıqlarına baxanda hamının ürəyindən bu arzu keçə bilər.

Əziz oxucu, bilmirəm, bu rubrikaya başlayan müddətdən səmimiliyimə səni nə qədər inandıra bilmişəm, amma, vallah-billah, mən bu ölkədə nazir və ya deputat olmaq istəmirəm. Düzünü desəm, buna imkan, şans da yoxdur, amma olsa belə, istəmərəm. Deyə bilərsən ki, “əşşi, sözdü də deyir, kim dövlət nömrəli maşından, kabinetdən, katibədən, “novostroykadan”, xaricdə dincəlməkdən və vəzifənin verdiyi digər imtiyazlardan imtina edər ki?! Amma, mən dediyimdə qalıram: istəmirəm, vəssalam! Mənə belə vəzifə, kreslo lazım deyil! Axı niyə belə düşünürəm?! İzah edim.

Yəqin, bizim deputatlar və nazirlər (bu siyahıya nazirliklərin yüksək rütbəli bir çox əməkdaşları da daxildir) tez-tez qulaq həkiminə və ya allerqoloqa müraciət edirlər. Çünki, gündəlik olaraq, qulaqları “alışıb-yanır”. Onlar da düşünürlər ki, yəqin, canlarında nəsə mərəz var. Əslində isə el dilində qulağın niyə alışıb yanması barədə izahatı yada salsalar, daha düz olar. Qulağın yanırsa, deməli kimsə sənin sözünü danışır, səni və yaxınlarını xatırlayır. Xatırlayır e, amma necə?

Bəzən mənə elə gəlir ki, bizim bu kresloda oturanlarımız buraya necə və nə üçün gəlib düşdüklərini belə, xatırlamırlar – onlar sanki, başqa dünyanın adamları, başqa planetdən gələnlərdir. Yoxsa onların ağızlarından və fəaliyyətlərindən çıxan absurdlara necə imza atmalarının başqa izahını görmürəm. Özünüz təsəvvür edin ki, bu xalqa xidmət etməli olan bəylərin əksəriyyəti tam əksini başa düşür və xalqın onlara xidmət etməsi üçün bacardıqları qədər absurd qanunlar hazırlayır və çıxışlar edirlər.

Son zamanlar parlamentdə rüsumların artımı ilə bağlı qərar müzakirə ediləndə, xeyli maraqlı mövqelər öyrəndik. Sən demə...

Biri deyir ki, qazın, işığın, suyun, benzinin qalxmasının xalqa elə də ziyanı dəyməyəcək. O biri deyir ki, rüsumlar az artırılıb, 15 ildir eyni səviyyədədir, digəri deyir ki, maşınların gətirilməsi qiymətləri ona görə qalxmalıdır ki, ölkə yollarında sıxlıqdır, digəri deyir ki, “ümumiyyətlə, hər kəs qəbul etməlidir ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil, cərimənin fəlsəfəsi qaydanı pozmamaq üçündür”...

O kresloda oturanların çox az faizini çıxmaqla, qalanlarının cavabları əsl öz mahiyyətlərinə uyğundur: əlbəttə ki, deputat (və ya nazir) krelosunda oturmaqla, fəlsəfədən danışmaq çox rahatdır. Sən gəl, ay deputat (nazir), 500 manat maaşla, ikicə dəfə köhnə maşınını icazə verilməyən yerdə saxladığına görə 40 manat cərimə ödə və sonra fəlsəfədən danış görüm, danışa bilirsən, ya yox?!

Qazın, işiğın, suyun, benzinin qalxmasının ziyanı bizim xalqa dəyməyəcəksə, bəs kimə dəyəcək - sizin təmsil etdiyiniz yadplanetlilər camaatına?!

Bahalaşmadan kimsə cınqırını çıxaran kimi, geyinirsiz aşpaz libasını və başlayırsız camaatın qulağından əriştə asmağa: 1-ci əriştə - ölkədə maaş və pensiyalar qaldırılıb, 2-ci əriştə - xaricdə qaz-filan bizdən daha bahadır. Və heç biriniz, yaxşı, demək olar, heç biriniz, demirsiniz ki, dediyiniz o Avropada maaşlar və pensiyalar da bizimkindən onqat çoxdur. Bəlkə, elə maaş və pensiyaları Avropa səviyyəsinə çatdıraq, sonra bahalaşmadan danışaq? Maaş və pensiyalar qaldırılıbsa, deməli bu artım əhalidən cərimə və artan rüsumlar şəklində geri alınmalıdır, ay hökumət rəsmiləri və deputatlar? Nə təkif etməyinizin və nəyə səs verdiyinizin fərqindəsinizmi?

Siz nə yeyirsiz, nə içirsiz belə? Olmaya, siz də Lui de Fünesin “Jandarm və yadplanetlilər” filminin qəhrəmanları kimi maşın yağı içirsiz? O hansı qida növüdür ki, sizi belə cəfəngiyyatla xalqın qarşısına çıxmağa vadar edir?

Son illər nazirlər, icra başçıları təzələnir. Ötən çağırış parlamentimiz də guya ki, yeniləndi. Köhnə “partşkola”nı, “raykom fakültələri”ni bitirənlərin feodal təfəkküründən azad olduq, deyə sevindik. Bəs necə? Axı əvəzlərinə Kembrici, Oskfordu, Strasburqu bitirdikləri söylənilən şık kostyumlu, bahalı parfümlü, ingilisdilli cavanlar gəldi və gəlməkdə də davam edir. Amma deyəsən, bu cavanların da bəziləri qapısından içəri girdikləri ali məktəblərdə heç də bütün dərslərə girməyiblər axı. Hələ ki, onların təfəkkürünə görə, bizdə yalnız qiymətlər Kembric, Oksford və Srtasburqdakı kimi olmalıdır, camaat oradakı kimi yaşamamalıdır – qənaətinə gəlmək olur.

Bu yenilərin məntiqi deyəsən, heç köhnələrdən o qədər d fərqlənmir axı. Çünki bahalaşmaya “ağıllı” izah vermək uğrunda telekanallarda bunların bəhsini görəndə, birinci devalvasiyadan sonra YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədovun mağazalara şəxsi reydindən sonra junalistlərə dedikləri yadıma düşdü. O da mağazalarda fəlakətli bir bahalaşma görmürdü. Və düz də deyirdi. Çünki, həmin bahalaşma Əli Əhmədov və qohum-əqrabası, yaxınları üçün fəlakətli deyildi...

Odur ki, ay əziz oxucum! Mən deputat (və ya nazir) olmaq istəmirəm. Belə daha yaxşıdır: nə gündəlik olaraq qulağım qızarır, nə də xalqın qarşısında üzüm. Qoy oturmuşuq da yerimizdə.

P.S. Yuxarıda misal gətirdiyim birinci sinif uşaqlarından müəllim olan da oldu, “şofer”, “milsəner” olan da. Heç biri də dolanışıqlarından tam razı deyil. Düzdür, bizdən kosmonavt çıxmadı, amma, o “zavmaq” olmaq istəyən istədiyinə nail oldu və həyatından çox razıdır.

P.P.S. Görəsən, avropalı deputatlar (nazirlər) bilirlər ki, onların Azərbaycandakı həmkarlarının çıxışlarında gətirdikləri misallar sayəsində bizim sadə camaat avropalılara necə nifrət edir?

Müəllif: Yoldaş Mircəfər //AYNA.AZ//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.