Demokratlar panteonu - Baydenin Sammitindən bizə nə düşəcək?

27-11-2021, 07:05           
Demokratlar panteonu -
ABŞ Prezidenti Co Bayden dekabrda keçiriləcək virtual Demokratiya Sammitinə 110-a yaxın ölkəni dəvət edib. Sammitə, əsasən, Birləşmiş Ştatların Qərb müttəfiqləri dəvət olunub. Noyabrın 23-də Dövlət Departamentinin saytında dərc olunmuş siyahıda Çin və Rusiyanın adları yoxdur.

Post-sovet ölkələrindən Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Ukrayna tədbirə dəvət alıblar. Orta Asiyanın heç bir ölkəsi, eləcə də Azərbaycan siyahıda yer almayıb.

Demokratiya Sammiti dekabrın 9-10-da virtual keçiriləcək, hökumət, vətəndaş cəmiyyəti və özəl sektor liderləri bir araya gələcəklər. Onun gündəliyinə aşağıdakı məsələlər daxildir:

– Avtoritarizmdən müdafiə.

– Korrupsiyaya qarşı mübarizə.

– İnsan haqlarına hörmət.

Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunur ki, sammitdə demokratiyaların üzləşdiyi problemlər və fürsətlər müzakirə olunacaq, liderlərin öz ölkələrində və xaricdə demokratiya və insan haqlarının müdafiə üçün həm individual, həm də kollektiv öhdəlikləri, islahatları və təşəbbüslərindən ötrü platforma yaradılacaq.

“Bu öhdəliklərə avtoritarizmin sıxışdırılması, korrupsiya ilə mübarizə, insan haqlarına sayğının təbliği üzrə yerli və beynəlxalq təşəbbüslər daxildir”, – informasiyada qeyd olunur.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti bu tədbirə dəvət almamasına rəsmi münasibət açıqlamayıb. Amma iqtidar mediasında dərc olunan şərhlərdə bu addım tənqid edilir, sammitə dəvət olunmuş digər liderlərin öz ölkələrində dini ayrı-seçkilik siyasəti yürütdüyü, insan hüquqlarını tapdaladığı vurğulanır.

Azərbaycan beynəlxalq insan haqları təşkilatlarının reytinqlərində insan haqlarının durumuna görə azad olmayan ölkə kateqoriyasına salınır. Gözləntilər var ki, ABŞ-da demokratların hakimiyyəti dövründə qeyri-azad ölkədəki rejimlərə qarşı ciddi təzyiqlər, hətta sanksiyalar gündəmə gətiriləcək. Bəzi təhlilçilər Baydenin təşəbbüsü ilə keçiriləcək Demokratiya Sammitini bu istiqamətdə atılan ilk addım kimi qiymətləndirirlər.

Amma siyasi şərhçi Rauf Mirqədirov Pressklub.az-a bildirib ki, Azərbaycanın bu sammitə dəvət almamasının rəsmi Bakıya elə də ciddi təsiri olmayacaq. “Bu, yalnız onun göstəricisidir ki, ABŞ Azərbaycanı demokratiya uğurunda mübarizə aparan, insan haqlarını, siyasi və media azadlıqlarını təmin edən ölkə hesab etmir”, – deyə təhlilçi vurğulayıb.

Mirqədirovun sözlərinə görə, bu həm də onu göstəricisidir ki, Azərbaycanla münasibətlər başqa müstəvidə qurulacaq və fərqli sahələri əhatə edəcək: “Düşünmürəm ki, Sammit Azərbaycana qarşı hansısa ciddi təzyiqlər və təsirlərin göstərilməsinə gətirib çıxaracaq. Bakı-Vaşinqton münasibətləri daha çox nəqliyyat və enerji dəhlizlərini, təhlükəsizlik məsələlərini əhatə edir. Xüsusən, Amerika qoşunları Əfqanıstandan çıxdıqdan, eyni zamanda, İraqı da tərk etməsi məsələsinin gündəmə gəlməsindən sonra Yaxın Şərqdə, müsəlman dünyasında neqativ proseslərin baş verməməsi üçün Azərbaycanla ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq daha da aktuallaşacaq. Enerji sahəsindəki əməkdaşlığa gəlincə, burada söhbət təkcə Azərbaycanın neft-qaz resurslarının istismarından getmir. Bu baxımdan Azərbaycanın əhəmiyyəti o qədər də böyük deyil. Düşünürəm ki, gələcəkdə tranzit ölkə kimim Azərbaycanın əhəmiyyəti daha da artacaq. Xüsusilə Orta Asiyadan enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması məsələsində Azərbaycanın rolu və əhəmiyyəti yüksələcək”.

Demokratiya və insan haqları məsələsinə gəldikdə, Rauf Mirqədirov düşünür ki, ABŞ bu sahədəki iradlarını daimi olaraq Azərbnaycana bildirir və bu tendensiya davam etdiriləcək. “Eyni zamanda, hökuməti ölkədəki ictimai-siyasi ab-havanı normallaşdırmağa təhrik etməyə çalışacaq. Amma sanksiyalar səviyyəsində təzyiqlərin ediləcəyini düşünmürəm. Əgər hansısa fors-major hadisələr baş verməsə, bu ehtimal o qədər də böyük deyil”, – təhlilçi vurğulayıb.

Turqut












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.