İran başdan-başa Azərbaycandır

27-11-2021, 09:38           
İran başdan-başa Azərbaycandır
Tehran rejimi xiyabanlara, küçələrə Azərbaycan adları verirsə, bununla həm də bizim xeyrimizə işləyirlər

Tehran Bələdiyyəsi küçələrə “Badkubə”, “Şuşi”, “Nardan”, iki kiçik küçəyə isə “Aran” və “Lənkəran” adlarını verib. Sözügedən addım fars millətçiləri tərəfindən sosial şəbəkələrdə tirajlanmaqdadır”.
Bu barədə “Şərq”ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Analitik vurğulayıb ki, Azərbaycanda bu mövzuya kifayət qədər aqressiv yanaşmalar var. Lakin siyasi şərhçi məsələyə fərqli kontekstdə yanaşmağın tərəfdarı olduğunu bildirib:

“Ola bilsin bu, İranda hansısa mərkəzlərin preventiv addımdır və hədəf məlumdur. Lakin Azərbaycan adlarının Tehrana köçürülməsi istər-istəməz İranın Azərbaycanın tarixi tərkibi olduğu həqiqətini isbatlayır və İran tarixinin minillik türk səhifələrinə istinad edir. Əslində İran tərəfi bilmədən Azərbaycanın xeyrinə addım atıb. Məlumdur ki, müəyyən kəsim Azərbaycana “tarixi İran” kontekstdən baxır. Əgər Tehran rejimi xiyabanlara, küçələrə, mərkəzi yerlərə Azərbaycan adları verirsə, bunun tamam başqa mənaları da var. Azərbaycan vətəndaşları üçün unikal bir şərait meydana çıxır. Təsəvvür edin, Arazdan sərhədi keçirsən və səni bu ölkədə Azərbaycan adları, doğma isimlər müşayiət edir. Güney Azərbaycana gedən bir azərbaycanlı üçün Tehranda doğma adlarla assosiasiya olunan məkanlarda olmaq Azərbaycan sərhədlərinin kifayət qədər böyük olması anlamına gəlir”.

Ə.Əlibəyli bəyan edib ki, nəticədə siyasi məqsədlər naminə bizə qarşı istifadə olunan bu metod əks effekt verir:

“Tehran bələdiyyəsi Böyük Azərbaycanı bir daha ortaya çıxarır. Tarixə baxsaq, yüzillər boyu İranı idarə edənlərin hansı millətin nümayəndələri olduqlarını aydın görərik. İran başdan-başa Azərbaycandır. İran adlanan yerin tarixi, hakim sülalələr, yaradılan sivilizasiya bunu deməyə əsas verir. O baxımdan düşünürəm ki, İranın bu cür addımlarına nəinki qarşı çıxmaq, hətta dəstək vermək lazımdır. Çünki fars rejimi bəlkə də fərqində olmadan Azərbaycanın böyüklüyünə xidmət edən addımlar atır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.