“Azərbaycan-Ermənistan sərhədləri də Rusiya sülhməramlılarının nəzarəti altına verilə bilər”

28-11-2021, 16:45           
“Azərbaycan-Ermənistan sərhədləri də Rusiya sülhməramlılarının nəzarəti altına verilə bilər”
Siyasi icmalçılar Soçi görüşünü şərh ediblər

“26 noyabr Soçi bəyanatı bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti daxili ritorikada nəqliyyat dəhlizindən, xarici auidotoriyada isə kommunikasiyalardan danışır. Bunlar isə fərqli anlayışlardır”.

Bunu Avropada mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov Meydan TV-yə Soçi bəyanatını şərh edərkən deyib.

Noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan başçılarının görüşü keçirilib. 3 saat davam edən danışıqların nəticəsi olaraq qəbul edilən bəyanatda Rusiya Federasiyasının konsultativ köməyilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaranması razılaşdırıldığı qeyd olunub:

“Eyni zamanda, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin gerçəkləşməsinin zəruriliyi vurğulanıb”.

“Bu, o deməkdir ki, prinsipial qərar var”

Rauf Mirqədirovun sözlərinə görə, dünənki bəyanatdan məlum oldu ki, 9 noyabr sənədində söhbət dəhlizdən yox, kommunikasiyalardan gedir:

“Mənim diqqətimi demilitasiya və demarkasiya barədə danışılanda Rusiyanın dövlət başçısının sərhəddə toqquşmaların qarşısını almaq mexanizminin vacibliyini vurğulaması çəkdi. Ermənistanın Baş naziri də onunla həmrəy olduğunu söylədi“.

Siyasi şərhçinin fikrincə, mexanizm odur ki, sərhəddə toqquşmalara yol verməyəcək müəyyən qüvvə olmalıdır:

“Bu məsələ təhlükəlidir, çünki həmin mexanizmin tətbiqi nəticəsində Rusiya sülhməramlılarının nəzarət zonası genişləndirilə bilər. Yəni Azərbaycan-Ermənistan sərhədləri də Rusiya sülhməramlılarının nəzarəti altına verilə bilər. Necə ki, Vladimir Putin noyabrın 18-də “sabitliyi təmin etmək üçün atəşkəs və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük tələbat yaranır” bəyanatını elə-belə səsləndirməmişdi“.

“Nəzərə alın ki, demilitasiya və demarkasiya həm mürəkkəb, həm də uzun prosesdir. Ona görə həmin vaxt sərhəddə nəzarətin Moskvanın əlinə keçməsi kifayət qədər ciddi problemlər yarada bilər. Putin dünən həmin mexanizmin ilin sonuna qədər işləyib hazırlanmasını da söylədi. Deməli, faktiki müəyyən bir mexanizm işlənib hazırlanıb, İşçi Qrup onun tətbiqindəki nüanslarla məşğul olacaq. Bu, o deməkdir ki, prinsipial qərar var. Məni daha çox bu məqam narahat edir”, – Rauf Mirqədirov deyib.

Siyasi şərhçinin fikrincə, Rusiya sülhməramlılarının nəzarət zonasının genişləndirilməsi nəticə etibarıyla Azərbaycan üçün təhlükədir. Özü də müəyyən bir razılıq əsasında.

Rauf Mirqədirov deyib ki, bu, Rusiya üçün çox vacibdir. Çünki Moskva formal olaraq özünün bitərəf vasitəçi simasını qoruyub saxlaya biləcək.

“Əvvəllər Ermənistan dəfələrlə sərhəddəki insdentlərin qarşısını almaq üçün Rusiya qoşunlarının yerləşdirilməsini istəyirdi. Putin buna ona görə getmirdi ki, onun bitərəf vasitəçi imicinə xələl gətirə bilər. Bu halda o hal yaranardı ki, Rusiya Ermənistanı müdafiə edir. İndiki halda hər iki tərəf razılıq verırsə, bu, Yerevan və Bakının xahişiylə olacaq. Və Putin yenə sülhməramlı rolunda çıxış edəcək”,-deyə Mirqədirov fikrini tamamlayıb.

“Putinin çıxışından belə görünür ki, ilin sonuna qədər məsələ yekunlaşacaq”

Siyasi icmalçı Zaur Şiriyev deyir ki, Soçi görüşündən öncə bilərəkdən və bilməyərəkdən ictimaiyyətin gözləntiləri yüksəldilirdi. Yəni dəqiq informasiya yayılmırdı və rəsmilər də bu barədə hər hansı informasiya vermirdi:

“Bu isə bəyanata şübhəylə yanaşmağa imkan verə bilər. Eyni zamanda, üç ölkə başçısının çıxışına baxılmalıdır. Birincisi, sərhədlərin demilitasiya və demarkasiyası ilə bağlı komissiya razılaşdırılıb. Putinin çıxışından belə görünür ki, ilin sonuna qədər məsələ yekunlaşacaq. İkinci məsələ kommunikasiyalarla bağlıdır ki, ötən ilin 9 noyabr bəyanatının yerinə yetirilməsinə vurğu görünürdü. Deməli, bu iki məsələ Soçi görüşünün nə qədər faydalı olub-olmadığı göstərəcək”.

“Yaxın müddətdə böyük sülh sazişi imzalanacağına inanmıram”

Zaur Şiriyev çox qısa zamanda hər hansı sülh sazişinin ortaya çıxacağını inandırcı saymır. Onun fikrincə, sülh sazişinə çox vurğu etmək prosesi sürətləndirməyə bilər.

“Məsələ ondadır ki, bütün münaqişələr vahid sülh sazişi ilə bitmir. Efiopiya və Eriteriya münaqişəsində sərhədlərin demilitasiyası haqda sənəd imzalanıb, amma vahid sülh sazişi olmayıb. Təəssüf ki, biz böyük sülh sazişi gözləyirik və bu, indiyə məxsus deyil, 10 il əvvəl də beləydi. Buna misal olaraq Deyton və başqa sülh layihələrini əsas gətirirlər. Bu baxımdan yaxın müddətdə böyük sülh sazişi imzalanacağına inanmıram”, – siyasi icmalçı deyib.

Zaur Şiriyev Soçidə “Zəngəzur dəhlizi” ifadəsinin işlənməməsini belə izah edib:

“Əslində, bu barədə sual Azərbaycan hökumətinin rəsmilərinə ünvanlamalıdır. Onlar izah etməlidir ki, “Zəngəzur dəhlizi” deyəndə, 2020-ci ilin 9 noyabrında hər üç tərəfin imzaladığı bəyanatın məlum bəndi üzərindən məsələyə baxırlar, yoxsa ekstrateroterial bir anlayışı ortaya qoyurlar? Yəni ora Ermənistanın yox, Azərbaycanın nəzarətində olacaq deyə görürlər. Bax, bu suala cavab verilməlidir“.

“Əsas məsələ odur ki, bilmirik ərazidə Azərbaycanın nüfuzu necə olacaq”

“9 noyabr bəyanatında açıq göstərilir ki, ərazi Rusiyanın təhlükəsizlik qurumlarının nəzarətində olacaq və sərbəst gedişi də onlar təmin edəcək. Ümumiyyətlə, ərazinin dəhliz, yaxud hansısa formada adlanması xüsusi əhəmiyyət daşımır“, – Zaur Şiriyev vurğulayıb.

“Əsas məsələ odur ki, bilmirik ərazidə Azərbaycanın nüfuzu necə olacaq. Baryerlərmi olacaq, yoxsa yoxlanış olmayacaq? Ya da razılaşmanın tərkib hissəsi kimimi görürük?”

Deputat Erkin Qədirli buna Kalininqrad misalıyla yanaşmışdı. Siyasi icmalçı isə bunu uğurlu misal hesab etmir:

“Uzun illər aparılan danışıqlardan sonra razılaşma oldu ki, Kalininqraddan Avropaya vizalı keçid olsun. Vahid sərhəd formalaşdırıldı. Amma asan olmadı və indi Avropa İttifaqının orda nəzarəti də yoxdur. Əsas məsələ odur ki, dəhliz üçün infrastruktur hazırlansın və bunlar ən azı 2 il zaman alacaq”.
Müsahibin fikrincə, indidən bunun uğurlu və ya uğursuz olduğunu söyləmək çox tezdir:

“Kommunikasiya xətləri ilə bağlı o qədər texniki suallar var ki, bunlar həm də siyasi suallardır, cavabları isə hökumət verməlidir”.

Zaur Şiriyev 1 il əvvəl olduğu kimi dünənki sənəddə də “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin yer alması haqda suala belə cavab verdi:

“Bakı Dağlıq Qarabağ deyəndə, hər hansı inzibati ərazinin formalaşmasına qarşı olduğunu deyir. Həm də hökumət yenidən muxtar vilayətin yaradılmasını qəbul etmədiyini bildirir. Amma sərhədlərdə münaqişə qaldığı üçün ifadədən istifadə olunur“.

“Sadəcə, müharibə sonrası beynəlxaq aləmdə dəyişən trend var ki, artıq Dağlıq Qarabağ münaqişəsi kimi yox, Azərbaycan-Ermənistan münaqişəsi olaraq qəbul etməyə başlayırlar. Çünki münaqişə sülhməramlıların yerləşdiyi Dağlıq Qarabağda bitmir, daha çox beynəlxaq sərhədlərimizdə də gedir”, – siyasi icmalçı deyib.

O, daha sonra bildirib ki, indiki məqamda “Rusiyanın məqsədi nədir” sualına çox geniş cavab vermək olar. Belə ki, dəhliz məsələsinə baxdıqda, Rusiya onun işlənməsində maraqlıdır. Amma münaqişənin davamlı olmasında və yekun həllində necə maraqlıdır sualına gəldikdə, bunu zaman göstərəcək: „Hər halda Moskva yekun olaraq təsir mexanizmini başqa formada saxlayaraq münaqişənin sülhlə bitməsinə maraqlı ola bilər. Sadəcə, dövlət kimi regionda qalmasını təmin etməklə. Biz bir məqamı nədənsə unuduruq, elə güman yaradılır ki, Rusiya sülhməramlıları yox, başqa bir dövlətin ordusu Qarabağda olsaydı, onları daha tez çıxara bilərdik. Xeyr, bu, elə də asan məsələ sayılmamalıdır”.

Xatırlatma

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.