Müharibə yalanı haqda “film” Oskara namizəd oldu - təbliğatda yenə uduzuruq...

3-12-2021, 08:40           
Müharibə yalanı haqda “film” Oskara namizəd oldu - təbliğatda yenə uduzuruq...
Ermənilər Qarabağla bağlı uydurma məlumatlar yayır və özlərini Qafqazın ən məzlum, yazıq xalqı kimi təqdim edirlər
Ermənilər 44 günlük müharibədən sonra dünyaya özlərini yenidən məzlum, təzyiqə məruz qalmış xalq kimi qələmə vermək üçün hər cür yalana ələ atırlar. Erməni lobbisi isə bu işdə yenidən fəallığı öz üzərinə götürüb. Belə ki, britaniyalı rejissorun çəkdiyi “Artsax müharibəsi’’ndən bəhs edən və ”45 gün: Millət uğrunda mübarizə" adlı “sənədli filmi” Oskar mükafatına namizəd seçilib.

Bu barədə sənədli filmin britaniyalı rejissoru, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen Twitter mikrobloqunda yazıb. Qeyd edib ki, filmi “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəddir. Britaniyalı rejissor qeyd edib ki, 2020-ci ildə Qarabağ müharibəsi zamanı “artsaxda” işləyib. Guya film “artsax və Azərbaycan arasında son müharibə zamanı insan hekayələrindən bəhs edir”. Bu adamın müharibə dövründə separatçıların yanında olması və orada çəkilişlər aparması onu göstərir ki, o, bu cəfəng filmi xaricdəki erməni lobbisinin sifarişi ilə çəkib.

Əlbəttə ki, Azərbaycanda da qalib olduğu və haqq müharibəsindən bəhs edən sənədli filmlər çəkilib. Hətta bu mövzuda çəkilən “BİZ” filmi ötən ay Türkiyədə mükafata layiq görüldü. Lakin belə görünür ki, görülən işlər erməni yalanları qarşısında hələ azlıq edir, təbliğat işində yenə də axsamalar var.

Mövzu ilə bağlı kinoprodüser, kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov “Yeni Müsavat”a danışıb: “Hazırda bütün dünyada ”A" kateqoriyalı festivallar müəyyən siyasi motivlərə üstünlük verir. Doğrudur, Oskar mükafatı Amerika Kino Akademiyasının təqdim etdiyi mükafatdır və orada müsabiqə bölməsində sırf Amerika istehsalı və ya müştərək istehsal olunan filmlər iştirak edir. Yalnız bir “Ən yaxşı xarici film” nominasiyası var. Digər “A” kateqoriyalı, o cümlədən Kann, Venetsiya film festivallarında da mütləq şəkildə hansısa bir formada siyasi yanaşma var. Son zamanlar Kanna və digər festivallara diqqət etsəniz görərsiniz ki, sponsorlar əsasən Asiya ölkələridir, məsələn, Çin, Tailand və sairə. Buna görə də festivalda qaliblərdən biri mütləq həmin ölkələrdən olur. Bu da təəccüblü deyil. Onlar demokratik seçimdən danışır, amma qalib etdikləri filmlər heç də həmişə layiqli olmur. Daha bir məsələ, hər birimizə aydındır ki, Amerikada erməni lobbisi çox güclüdür. Bizim lobbimiz hələ indi-indi formalaşmağa başlayıb. Ermənilərin isə 100 ildən artıqdır ki, lobbiləri var. Beləliklə, bu o demək deyil ki, ermənilər kinematoqrafiya baxımdan üstündürlər, sadəcə, bizim hələ ki o qədər də o imkanlarımız geniş deyil".



Rəşad Qasımov

“Birinci Qarabağ müharibəsindən sonra ermənilər qalib əhval-ruhiyyəli filmlər çəkirdilər və b da onların ictimaiyyətində çox böyük arxayınlıq yaradırdı. Biz isə ”Fəryad" filminə baxıb, o ağrını, acını unutmurduq. Deyərdim ki, “Fəryad” filmi bəlkə də vətənpərvərlik ruhunun aşılanmasında görülən işlərin yarısı idi. Bu səbəbdən yerli auditoriya üçün nəzərdə tutulmuş bu cür filmləri daha uğurlu hesab edirəm. Beynəlxalq aləmə təqdim olunan filmlər həmişə hansısa bir formada neytrallıq tələb edir. Bu baxımdan da ən yaxşı film “Hər şey yaxşılığa doğru” filmidir, hansı ki, “A” kateqoriyalı festivalda mükafata layiq görülmüşdü".


Rejissor Cəlaləddin Qasımov

Rejissor Cəlaləddin Qasımov da mövzu ilə bağlı öz mövqeyini bildirib: “Səbəb bizim təbliğatımızın çox zəif olması ilə bağlıdır. Bu yaxınlarda Kann festivalında ermənilərin ”Axırıncı sakin" adlı filmini gördüm. Festivalların jüri üzvlərinə məktub yazıb bildirdim ki, ermənilər Qarabağla bağlı uydurma məlumatlar yayır və özlərini Qafqazın ən məzlum, yazıq xalqı kimi təqdim edirlər. Film milyonlarla büdcə ilə 7 ölkə ilə müştərək çəkilmişdi və seçilmişlər sıyahsına düşmüşdü.

Ümumiyyətlə, ermənilər təbliğat maşınlarını daim işə salırlar. Təsəvvür edin, 44 günlük müharibənin 25-ci günündə artıq film çəkib Yaponiyada festivalda təqdim etmişdilər, filmi də “Biz sülh istəyirik” adlandırmışdılar. Azərbaycanlıların atdıqları mərmiləri, yolları, evləri göstərərək bildirirdilər ki, “hücuma məruz qalmışıq”. Amma onlara cavab verən olmadı ki, axı biz 30 ildir ki, sülh istəyirik. Bu səbəbdən filmlərimizin dünya festivallarına çıxması, Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətində xeyli işlər görməliyik".

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.