Siyasi cameənin “ÖLÜ CANLARI” – Hansı partiyalar ləğv olunacaq?

6-12-2021, 17:55           
 Siyasi cameənin “ÖLÜ CANLARI” –
Güclü ölkənin və demokratiyanın formalaşdırılmasında siyasi partiyaların rolu böyükdür. Təsadüfi deyil ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu da demokratiyanın inkişafında önəmli addımdır. Amma Azərbaycanda məhdud şəkildə və ya aktif fəaliyyəti ilə seçilməyən xeyli sayda siyasi partiyalar var.

“Ölü canlar...”

Ədliyyə Nazirliyinin məlumatına görə indiyə qədər Azərbaycanda 62 siyasi partiya, son bir il ərzində isə 7 partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyalar arasında aktiv fəaliyyəti ilə seçilənlər az saydadır. Çoxluğun isə özləri yox, sadəcə adları var...

Əksəriyyətinin isə ümumiyyətlə fəaliyyəti yoxdur. Onların nəinki rəhbərsizdirlər, həmçinin siyasi cameədə fəaliyyətdən kənar, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etməyən “ölü canlardır”.

Belə partiyalar nə qurultaylar keçirir, nə rəhbər orqanları seçir, nə vaxtı-vaxtında maliyyə hesabatlarını təqdim edir, nə də seçkilərə qatılırlar.

Məsələn, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarının adlarını bu sırada çəkə bilərik. Maraqlıdır ki, xalqın dəstək vermədiyi bu passiv və fəaliyyətsiz partiyalar təbii şəkildə də sıradan çıxmırlar.

Amma rəsmi qurumlar tərəfindən bir neçə dəfə bu cür fəaliyyətsiz partiyaların qeydiyyatının ləğv olunması məsələsi gündəmə gəlib və müvafiq tədbirlərin görüldüyü açıqlanıb.

Ən aktiv fəaliyyəti olan partiyalar...

Aktiv siyasi fəaliyyəti ilə fərqlənən partiyalar arasında Yeni Azərbaycan Partiyasının (YAP) adını ilk sırada çəkmək olar. YAP 2003, 2008, 2013 və 2018-ci illərdə prezident, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament, eləcə də müvafiq dövrlərdə baş tutan bələdiyyə seçkilərində qalib gəlib.

Əlbəttə ki, aktiv fəaliyyəti ilə fərqlənən və parlamentdə təmsil olunan yeganə partiya YAP deyil. Milli Məclisdə müxtəlif zamanlarlarda mandat alan partiyalar arasında Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (Qüdrət Həsənquliyev), Ana Vətən Partiyası (Fəzail Ağamalı), Vətəndaş Həmrəyliyi Partiyası (Sabir Rüstəmxanlı), Vətəndaş Birliyi Partiyası (Sabir Hacıyev), Ümid Partiyası (İqbal Ağazadə), Azərbaycan Sosial Rifah Partiyası (Xanhüseyn Kazımlı), Ədalət Partiyası (İlyas İsmayılov), Milli Cəbhə Partiyası (Razi Nurullayev) da yer alıb.

Hansı partiyalar ləğv olunacaq?

Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası, Ümid partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ağ Partiya müəyyən kəsim və çevrə üçün aktiv təşkilatlar sayılır.

Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyası və digərlərinin siyasi qurum kimi fəaliyyəti gözə çarpmır.

Ləğvi gündəmə gələn Yeni Zaman Partiyası, Aydınlar Partiyası, “Birlik” Partiyası , Azərbaycan Tərəqqi Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, “Qorqud” Partiyası və Vətəndaş Birliyi Partiyalarının yalnız nizamnaməsi və sədrləri haqqında məlumatları olsa da, onların fəaliyyətləri ümumiyyətlə gözə dəymir. Dünyanın bir çox ölkəsində iki il belə “fəaliyyət” göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. Azərbaycanda da Ədliyyə Nazirliyi tərəfindən fəaliyyəti olmayan təşkilatların qeydiyyatının ləğv olunacağı bildirilmişdi.

Yazımızda qeyd etdiyimiz partiyaların mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.