Sülhməramlılara 4-cü bəndini rus dilində ruslara dinlətmək olar... Səxavət Məmməd yazır.

19-03-2022, 08:33           
Sülhməramlılara 4-cü bəndini rus dilində ruslara dinlətmək olar...
Azərbaycan tərəfi Qarabağda sülhməramlıların nəzarəti altındakı ərazilərdə çox effektli psixoloji müharibə aparır. Bu müharibənin görünən tərəfi səsgücləndiricilərlə himn, azan, Uvertüradır. Əslində bu müharibənin görünməyən bir tərəfi də var, o barədə nə mən yazım, nə də siz soruşun. Effektli olmasına isə tamamilə əminəm. Sadəcə prosesləri qabaqlamamaq üçün heç nə yazmasam yaxşıdır.
Rusiya sülhməramlıları da bunun necə effekt verməsini görür, hər nöqtədə hiss edir. Elə ona görə də, səsgücləndiricilər vasitəsilə 10 noyabr bəyanatının 1-ci bəndini Azərbaycan dilində səsləndirirlər. Fikrimcə buna rəsmi mövqe bildirmək, bundan narahat olmaq yerinə sözügedən bəyanatın 4-cü bəndini rus dilində ruslara dinlətmək olar.
Teref.az xəbər verir ki, bunu hərbi jurnalist Səxavət Məmməd yazır.
Siyasətdə, ölkələr arasında nə baş verməsindən asılı olmayaraq, ərazidə görünən işlər daha çox önəmlidir. Ərazidə isə mövqelər, hegemoniya, avtoritet baxımından şəxsən öz adıma deyirəm, hər şey son dərəcə yaxşıdır.
Bizdə çox yalnış bir fikir formalaşıb ki, orda ermənilər qalmamalıdır. Bu düşüncənin altında yatan səbəbləri bilsəm də, orda ermənilər qalmalıdır. Ən adi bir şeyə görə sanksiya verilə bilirsə, onların tamamilə getməsi çox acı nəticələr verə bilər. Azərbaycan dövlət olaraq ermənisiz yox, vətəndaşlığı qəbul etmiş, silahsız ermənili ortam istəyir. Bu reallıqdır.
Bəziləri popülist, pafoslu çıxışlar edir ki, rusun başı qarışıb, əməliyyat keçirilsin. O adamları demirəm dinləməyin, sadəcə ciddiyə almayın. Qüvvələr nisbətini qoyuram kənara, bir şeyi nəzərə almaq lazımdır ki, Rusiya təzyiq və təhdid yeri təkcə Qarabağ deyil.
İrandan çəkiləcək yolla bağlı da bir neçə kəlimə. O yol Zəngəzur dəhlizinə alternatif deyil. Sadəcə layihədə daşınılacaq yük miqdarını təsəvvür edəndə, Zəngəzurdan da dəhlizin keçəcəyini görəcəksiniz. İranın da könlünü xoş etmək lazımdır. Əslində müharibədən sonra İranın Azərbaycana diş qıcamasının əsas səbəbi də bu idi.
Yeri gəlmişkən müharibədən sonra yollarla bağlı məqalə yazmışdım. Bütün ehtimallar düşündüyüm kimi həyata keçir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.