Azərbaycanın bu bölgələrində TƏBİİ FƏLAKƏT - İnsanlar sürətlə TƏXLİYƏ EDİLİR - VİDEO

20-03-2022, 09:43           
Azərbaycanın bu bölgələrində TƏBİİ FƏLAKƏT - İnsanlar sürətlə TƏXLİYƏ EDİLİR - VİDEO
Qeyri-sabit hava şəraiti cənub rayonlarında selə səbəb olub. Bunun nəticəsində Masallı və Cəlilabadda evlər su altında qalıb. Aldığımız son məlumata görə köməksiz vəziyyətdə qalan 146 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kənd sakinlərinin təsərrüfatlarına da ciddi ziyan dəyib.

BAKU.WS xəbər verir ki, cənub bölgəsində - Masallı və Cəlilabad rayonlarında üç çay daşıb, onlarla evi su basıb. Hadisə nəticəsində ərazidən çox sayda insan təxliyə olunub.

Dünən gecə saatlarından başlayaraq Masallıda yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub. Rayonun bir neçə yaşayış məntəqəsində bəzi fərdi evləri, həyətyanı və əkin sahələrini su basıb.

Masallı rayonundan keçən Alvadı və Tatyan çaylarının məcrasından çıxması, eləcə də Bədəlan, Mollaoba, Boradigah və Rüdəkənar kəndlərində olan suötürücü kanalların daşması 23 evə ziyan vurub. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı kəndlərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub. Rayon ərazisindən 16 nəfər təxliyə edilib.

Hadisənin fəsadları və ziyanın həcmi barədə hələlik tam məlumat yoxdur. Müvafiq komissiya təşkil olunaraq araşdırma aparılacaq və dəymiş ziyanın məbləği müəyyənləşdiriləcək.

Cəlilabad rayonunda da dağlıq ərazilərə yağan qar və intensiv yağan yağış dünəndən daha da güclənib. Nəticədə rayonun mərkəzindən keçən Mişarçayda suyun səviyyəsi maksimum həddə çatıb. Artıq bu gün səhərdən başlayaraq kiçik bəndlərin partlaması səbəbindən Maşlıq kəndi ərazisində əkin sahələrinə və evlərin həyətlərinə sel suları dolub.

Hazırda bəndlərin uçulmasının qarşısını almaq məqsədilə həmin əraziyə müxtəlif təyinatlı texnikalar cəlb edilib. Texnikalar vasitəsilə bəndlər daha da bərkidilir.

Eyni zamanda Göytəpə şəhəri və rayonun Həsənli və Bəziravan kəndlərində bəzi evlərin həyətlərinə yağış suları dolduğundan həyətlər su altında qalıb. Rayon Fövqəladə hallar komissiyasından verilən məlumata görə, hazırda Mişarçay su anbarı tam nəzarətdədir. Bəzi həyətlərə dolmuş suların çəkilməsi istiqamətində zəruri tədbirlər görülür.

Hələlik rayonda vəziyyət ciddi olaraq qalır. Hazırda yağıntı davam etdiyindən bəndin daşması ehtimalı qalmaqdadır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.