“Rus dünyası (Russkiy Mir)” işğal etdiyi yerlərə hansı dəyərləri gətirir?

22-03-2022, 18:25           
“Rus dünyası (Russkiy Mir)”  işğal etdiyi yerlərə hansı dəyərləri gətirir?
Bu gün dünyanın gözü-qulağı Mariupoldadı, Kreml ordusu şəhəri viran qoyub, üç minə yaxın dinc vətəndaşın həlak olduğu deyilir. Şəhərin hərbi-strateji önəmini anlayıram, işğalçı Rusiya Ukraynanın Azov dənizinə çıxışını tam bağlamaq, qondarma “Luqansk Xalq Respublikasının” və "Donetsk Xalq Respublikasının" vilayət sərhədlərinə qədər bərpa etmək, qondarma “LXR və DXR”-dən işğal etdiyi Krıma quru yol açmaq – bütün bunları görmək mümkündür. Amma, məncə Kremlin Mariupolu darmadağın etməsinin başqa səbəbləri də var:
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazır. Daha sonra politoloq yazır:
1) Mariupol rusdilli şəhərdir, Kreml orada gül-çiçəklə qarşılanmağı gözləyirdi, əvəzində ən çox itki verdiyi şəhərlərdən biri oldu,
2) Luqansk şəhərini 8 ildir işğal edən, orada qondarma qurum yaradan Rusiya, şəhərin infrastrukturuna yatırım etməyib, şəhər sovetdənqalma görkəmdə yaşayır

(1-ci foto Luqanskın mərkəzi meydanıdır, Leninin heykəli olan), amma Mariupol son 8 ildə əsl Avropa şəhərinə çevrilmişdi

(2-ci foto Mariupolun “rus dünyasının” gəlməsindən bir neçə həftə qabaq çəkilib) – özünüz fikir verin, Rusiyanın idarəçiliyi ilə Ukraynada seçilmiş Merlərin idarəçiliyinin fərqini görün, bu fərq Kremli də qəzəbləndirir, hekayəsini dağıdır deyə şəhərə divan tuturlar.

Üçüncü foto Rusiyanın 90-larda işğal etdiyi, 2008-də isə rəsmən tanıdığı qondarma “Abxaziya Respublikasının” paytaxtı Suxumun mərkəzi meydanıdır. Hələ heç parlament binasını, mərkəzi meydanı belə təmir etməyiblər, şəhər haqqında çəkilmiş video-reportajı da şərhlərdə yerləşdirəcəm, özünüz baxın – Rusiya işğalı, separatizm, Abxaziyadakı seçkisizlik, klanların savaşı Gürcüstanın hüquqi haqqı olan torpaqları nə günə qoyub. Klanlar 30 ilə yaxındır ki, Moskvadan aldıqları dotasiyalar uğrunda daxili savaş aparırlar.

Dördüncü fotoda isə Batumidir, Suxumi şəhərindən cəmi 195 km məsafədə yerləşir, Saakşvilinin bir güllə atmadan belə Rusiyanın planını, işğal etmək cəhdini pozduğu, Abaşidzeni qovduğu Acarıstandır.
Cəmi 15 ilə Batumi regionun ən gözəl şəhərlərindən birinə çevrildi, seçkili Mer institutu, investisiyalar, turizmin inkişafı Batumini gözəlləşdirdi. Əgər Rusiyanın Acarıstanı da işğal və qondarma respublika yaratmaq planı baş tutsaydı, bu gün həmin şəhər elə Suxuminin, Luqanskın gününə qalardı.
Rusiyanın ayaq dəydiyi yer inkişafdan qalır, xalqın idarəetmədə iştirakı bloklanır, rüşvət, korrupsiya, büdcənin dağıdılması baş verir – “Rus dünyası (Russkiy Mir)” məhz bu “dəyərləri”, separatizm, dağıntılar, inkişafdan qalmanı özü ilə gətirir.
Bu görüntülər həm bizə, rəsmi Bakıya, həm də bu gün Xankəndində “Rus dünyasına” bel bağlayan, onlara sığınan separatçılara dərs olmalıdır – Rəsmi Bakı Mer institutunun yaradılmasına, yerli özünüidarəetmənin bərqərar olmasına, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı və üst kimlikdir) Azərbaycana inteqrasiyası üçün ağlabatan plana, proqrama acil ehtiyac var. Rəsmi Bakı ölkənin inkişafı üçün elə bil cəlbedici iqtisadi, hüquqi model təklif etməlidir ki, bütün azərbaycanlılar, vətəndaşlar üçün insan sifətli, rifah içində yaşanabilən məmləkət olsun – bunun yolu isə hərbi qələbəmizi də özündə ehtiva edən yeni Konstitutsiyanın qəbulundan keçir (Yeri gəlmişkən, bu gün Qazaxstanda illərdir bizim dediyimizi edirlər – yeni Konstitutsiya və idarəetmə modelinin qəbuluna hazırlıq gedir, bu haqda daha detallı növbəti yazıda).
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.