Araik Xankəndidən QOVULURMU?

23-03-2022, 10:41           
Araik Xankəndidən QOVULURMU?
Bu yaz günlərində iki xəbər arasında sinxronluq əlahiddə və xüsusi diqqət çəkir: bir - Azərbaycan Ermənistandan (!) Xankəndiyə verilən qazı kəsib, ermənilər soyuqdan donur, ikincisi, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kiminlə Qarabağdakı erməni silahlılarının çıxarılmasını müzakirə edib. Teref.az-ın məlumatına görə, anaxeber.info qeyd edir ki, hər iki informasiyanın bir-biri ilə hansı bağlantısının olduğunu sual edənlər olmamış deyil. Amma mübtədar və xəbər o qədər sadədir ki, açmasını tapmaq üçün gizli şifrələri çözməyə ehtiyac yoxdur. Çünki hakimiyyət erməni silahlı dəstələrinin çıxarılması üçün həm masada, həm praktik iş aparmağa məcburdur.
Ona görə Rusiya hərbi rəhbərliyi ilə danışıqlar aparılmaqla separatçıların, qaçaq-quldur erməni silahlılarının evakuasiyasına xeyir-dua alınmasına səy göstərilir. Hakimiyyət hamımızdan daha dərin informasiyaya malikdir və bilir ki, Putin isteblişmentinin razılığı olmadan 10 noyabr sənədində göstərilən 4-cü bənd, yəni sülhməramlıların olduğu ərazidən erməni silahlı dəstələrinin çıxarıması mümkün deyil. Bu, Ermənistanın iradəsindən kənarda olan, hərbi mahiyyətdən daha çox siyasi yük daşıyan məsələdir və birbaşa Rusiyanın kurasiyasındadır.
Hərbi faktora qalsa, təkcə Hadrutda olan “Komandos” briqadalarımız iki günə onları biçməklə Xankəndi və ətraf ərazilərdən silib-süpürə bilər. Odur ki, bu problem siyasi rəng daşıdığı üçün hakimiyyət il yarımdır danışıq aparır, Rusiyanı razı salmağa çalışırdı, amma istəyinə tam nail ola bilmirdi. İndisə yeni fürsət yaranıb, yeni boyut əmələ gəlib və iqtidar da anlayır ki, Qarabağdakı silahlı ermənilər məsələsini həll etməsə, 44 günlük müharibədə hərb meydanında əldə edilən qələbəni tamamilə xalqa həzm etdirmək nonsens olacaq.
İqtidar ideoloqları yaxşı görürlər ki, 2020-ci il, 10 noyabr gecəsindən bəri ictimai rəy nədən ibarətdir - qələbənin yarımçıq olduğunu deyənlər var, Xocalı, Xocavənd, Əsgəran sualları yağır, niyə beynəlxalq axtarışa verilmiş Araikin Şuşadan 5-10 kilometr aralıda Xankəndindəki kabinetində əl-ayağını uzadıb rahat oturduğunu, tutub Bakıya gətirilmədiyini soruşurlar. Və bu suallar, mühakimələr tükənmir.
O baxımdan yeni şanslar meydana çıxıb və ilk dəfə K.Vəliyev rus generalla ilin-günün bu saatında, Rusiya-Ukrayna müharibəsinin ağır dövründə erməni silahlılarının çıxarılmasını müzakirə edir: bununla, hakimiyyət demək istəyir ki, Dağlıq Qarabağ terrorçulardan təmizlənməli, yalnız sülhməramlılar mülki erməni əhalisinin olduğu ərazilərdə qalmalıdır.
Eyni zamanda, Rusiya başının Ukraynaya qarışdığı vaxtda bu danışıqları aparmaqla ismarış verir ki, Azərbaycanın istəklərinə bir o qədər etiraz etmir, yəni niyə də olmasın, ancaq həm də bir mesaj çatdırır ki, Ukrayna ilə yanaşı ikinci front açır. Sadəcə, ikini cəbhədə rus tərəfi iştirak etmir, göz yumur. Hazırda iki seçim var: əvvəla, problemin erməni separatçıları üçün ağrısız həlli - “itiqovan” əməliyyatı başlamamış, araiklər, balasanyanlar itki verməmiş Rusiyanın təlimatı ilə bölgədən çıxırlar, ya da aniterror əməliyyatlarında cəhənnəmə vasil edilirlər.
Hələlik belə görünür ki, Rusiya məsələni dinc yolla, mərhələli şəkildə həll etmək istəyir və eləcə də Azərbaycandan isə istənilir ki, onları tələsdirməsinlər. Əgər ssenari üzrə gedilərsə, Vəliyevin rus generalla danışıqlarının ardıcıllığı olarsa, Kreml-Bakı arasında əsl centlmen və müttəfiqlik anlaşması olduğunu söyləyə bilərik.
Hərçənd buna hələ də çoxlarının inanmağı gəlmir. Çünki “artsax” rejimi və Qarabağda separatizmin mövcudluğu Rusiyaya hər zaman lazımdır, Azərbaycanın və Ermənistanın başı üzərinə asılmış “domokl qılıncı” kimi görünməkdədir. Sadəcə, əksəriyyət sual verə bilər ki, həqiqətən Rusiyanın separatçıları çıxarmaq kimi belə bir niyyəti varsa, bizə qarşı xoşməramlı münasibət haradan qaynaqlanır? Əlbəttə ki, buna dərhal cavab var - Ukrayna müharibəsinin başlanmasından iki gün əvvəl Moskvada imzalanan müttəfiqlik bəyannaməsi...
Bu, dünyanın Rusiyanın üzərinə getdiyi bir zamanda Azərbaycanın dost əlini uzatması, hakimiyyətin sədaqət nümunəsi və tarixi bir müttəfiqlik sənədi idi. Bəs, Bakı Şuşa bəyannaməsindən sonra Moskva sənədi imzalayırsa, bundan özünün qoparacağı, alacağı olmamalı idimi? Təbii ki var və onlardan biri də Rusiyanın razılığı ilə Qarabağın dağlıq bölgəsindən “artsax özünü müdafiə batalyonu” adlı qanunsuz silahlı birləşmələrin çıxarılmasıdır. Əvəzində Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğu davam edir - Gümrüdə 102-ci hərbi baza, Qarabağda sülhməramlılar...
Ona görə təhlillərimiz kimi proqnozlar özünü doğruldarsa, Vəliyevlə rus generalın danışıqlarından sonra aprel-may aylarında dinamiklik müşahidə olunarsa (hətta apreldə antiterror əməliyyatları üçün ordumuz hazırlıq vəziyyətinə gətirilir), bu nəticənin səbəbini Moskvada imzalanmış müttəfiqlik bəyannaməsində axtarmaq, Rusiyanın Azərbaycana bir jesti kimi qiymətləndirmək lazımdır.
Yeri gəlmişkən, mart başlayandan Qarabağdakı ermənilərin ah-naləsi, şivəni, qazsız qaldıqlarını söyləməsi də göstərir ki, ciddi şəkildə arxa-dayaqsız, ümidsiz buraxılıblar. Ona görə Ermənistan rəsmiləri və Qarabağdakı erməni separatçıları sülhməramlılara şikayət edirlər ki, Azərbaycan Qarabağa uzanan qaz boru xəttindən qazın nəqlini dayandırıb. Ermənistanın Azərbaycan ərazisindən Qarabağa uzanan boru xətti qanunsuz tikilib. Bu boru xəttini işğal dövründə tikiblər. Azərbaycan öz torpaqlarını əksər hissəsini işğaldan azad etdikdən sonra boru xəttinin bir hissəsi nəzarətimiz altına keçib. Ermənistan həmin boru xəttiylə bağlı Azərbaycanla danışıqlar aparmalıdır. Boru xəttiylə qazın nəqli qanunvericiliyimizlə tənzimlənməlidir.
Digər tərəfdən qaz ölkəsi olan Azərbaycan erməni vətəndaşlarının yanacaqla təminatını özü həll edə bilər. Ancaq bunun üçün Qarabağın tamamında Azərbaycan qanunlarının icrası təmin edilməlidir. Əgər Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılar bu reallığı qəbul etmək istəmirlərsə, bölgəyə qazın, suyun və işığın verilməsində fasilələrin yaranacağı faktını qəbul etmək məcburiyyətindədirlər...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.