“RUSİYA QƏRB TEXNOLOGİYALARINI OĞURLAMAĞA CƏHD GÖSTƏRƏCƏK” - “Moskva bildirib ki, onlar...”

6-04-2022, 09:34           
“RUSİYA QƏRB TEXNOLOGİYALARINI OĞURLAMAĞA CƏHD GÖSTƏRƏCƏK” -
Qərb dünyasının ağır sanksiyaları ilə üzləşən Rusiya üçün ən böyük zərbələrdən biri onun müasir texnologiyalardan məhrum edilməsidir. Yaxın perspektivdə Rusiyanın bu sahədəki vəziyyəti daha da pisləşəcək. Bir çox ekspertlər hesab edirlər ki, bu ağır problemi həll etmək üçün Rusiya kiber vasitələrin köməyi ilə Qərb texnologiyalarını oğurlamağa cəhd göstərəcək.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “The National İnterest” nəşrində bu mövzuda dərc olunan “Nəyə görə Rusiya Qərb sanksiyalarını kompensasiya etmək üçün intelektual mülkiyyətin oğurlanmasına ümid bəsləyə bilməz” başlıqlı məqalədə bir çox maraqlı məqamlar yer alıb:

”Ukraynada müharibə başlayanda əksər şərhçilər Rusiyanın Ukraynaya qarşı kütləvi kiber hücum təşkil edəcəyini gözləyirdi. Hesab olunurdu ki, Rusiya Ukraynaya hərbi zərbə ilə yanaşı ciddi kiber zərbəsi də vuracaq və ümumi nəticədə ölkənin maliyyə-bank və iqtisadi sistemini sarsıdacaq. Ancaq belə görünür ki, ABŞ-ın Ukarynaya bu sahədə göstərdiyi kömək hədər getməyib. İnformasiya texnologiyası və elektronika sahəsində Rusiyanın Qərbdən geri qalması yeni bir şey deyil. Sovet İttifaqı bütün tarixi boyu Qərblə özünün arasındakı texnoloji səviyyədəki uçurumu qapatmaq istəyib. Lakin buna heç zaman nail olmayıb.

Soyuq müharibə zamanı SSRİ Qərbin əldə etdiyi elmi- texniki nailiyyətləri mənimsəmək üçün həmişə cəhdlər göstərib. Sovet iqtisadiyyatı böyük istehsal səviyyəsinə çatsa da, kommunistlərin ən nikbin dəyərləndirmələrinə baxmayaraq, onlar sənayenin inkişafı üçün sürətli innovativ yeniliklər edə bilmirdilər.

SSRİ imkan düşdükcə Qərbdən texnoloji məhsullar satın alırdı, ancaq bu mümkün olmayanda(ABŞ ixraca nəzarət tətbiq etdiyi üçün) texnologiyanı oğurlamağa girişirdi.

Belə səylər nəticəsində müəyyən uğurlar qazanılsa da, Sovet sənayesi proqram təminatı və elektron hesablama texnologiyası sahəsində ABŞ-dan geri qaldığı üçün rəqabətə davamlı məhsullar buraxmaqda çox çətinlik çəkirdi.

Soyuq müharibə bitəndən sonra Rusiya dünya texnologiya aləminə qoşuldu və beynəlxalq standartlara cavab verən intelektual mülkiyyət haqqında qanun qəbul etdi. Lakin Rusiya heç zaman intelektual mülkiyyətin nümunəvi müdafiəçisi olmayıb. Ancaq SSRİ dağılandan sonra dünyanın texnoloji nəhənglərindən investisiya almaq üçün müəyyən uğurlar qazanıb.

Ukraynaya hücumuna görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunandan sonra Moskva bildirib ki, onlar intelektual mülkiyyətin qlobal rejimdə qorunmasında iştirak etməyəcəklər.

İndiyədək Rusiyada olan xarici şirkətlər Ümumdünya Ticarət Təşkilatının müvafiq müqavilələri əsasında çalışblar. Moskvanın davranışları heç zaman ideal olmasa da bu, Rusiyaya qlobal tədarük zəncirində iştirak etməyə və özünün xarici ölkələrdəki intelektual fəaliyyətindən (istər patent, istərsə də müəllif hüququ olsun) müəyyən gəlir götürməyə imkan verib. Rusiyanın həmin rejimdən imtina etməsi onun qlobal texnoloji sistemdə iştirakına ciddi təsir göstərəcək.

Hazırda Rusiya əksər beynəlxalq texnoloji məkanlardan uzaqlaşdırılıb. Rusiyanın beynəlxalq patent sistemindən çıxması sadəcə, özünü təcrid deməkdir. Bundan sonra Rusiya sənayesinin müasir texnoloji innovasiyaya girişi kəskin şəkildə məhdudlaşacaq.

Görəsən, biz irəlidəki dövrdə Rusiyanın kiber vasitələrdən istifadə etməklə Qərbin intelektual mülkiyyətini oğurlamasını görəcəyikmi? Hər şey ola bilər.

İntelektual mülkiyyətin oğurlanması siyahısında Moskva heç də birinci yerdə getmir. Çində intelektual mülkiyyətin oğurlanması üçün institutlaşmış bütöv infrastruktur yaradılıb. Çində qabaqcıl texnologiyanın ölkənin innovasiya sahəsinə necə təsir göstərəcəyini öyrənmək, sonra isə onların sənaye bazasına inteqrasiyasını təşkil etmək üçün müvafiq strukturlar formalaşdırılıb.

Amma Rusiyada belə quruluşlar çox azdır, ona görə ki, Rusiya iqtisadiyyatı əsas etibarı ilə xammal hasilatı ilə məşğuldur və SSRİ-yə nisbətən çox az sənayeləşib. Əgər ölkədə ciddi innovasiya sektoru yoxdursa, o zaman rusiyalı xakerlərin Qərbin intelektual mülkiyyətini oğurlamasının bir faydası yoxdur. Digər yandan isə Rusiyanın müdafiə sənaye bazası köhnəlmiş sistemlərin modernləşdirilməsi və onların yenidən istehsalına yönəlib.

Əlbəttə, Rusiyada kompyuter texnologiyası üzrə istedadlar var və onlar öz kiber səylərini intelektual mülkiyyətin oğurlanmasına yönləndirə bilərlər. Amma bu səylərin dəstəklənməsindən ötrü Rusiya hökumətinə institutlaşmış bürokratik sistem lazımdır.

İntelektual mülkiyyəti oğurlamaq elə də asan iş deyil. Məsələn, ABŞ-ın ən müasir “F-35” təyyarəsinin texniki sənədlərini oğurlmaq nə dərəcədə mümkündür?

Əgər dövlət səviyyəsində müvafiq bürokratik aparat yaradılmayıbsa, o zaman ayrı-ayrı kommersiya sirlərinin, patent ərizələrinin və ya hətta ən məxfi patent sənədlərinin oğurlanması mənasız olacaq. Çünki əldə edilən materiallar hökumətin dəstəyi ilə sənayenin innovativ inkişaf strategiyasına xidmət etməlidir.

Rusiya yeni texnoloji şəraitə adaptasiya olmalıdır. 1980-ci illərin sonundan indiyədək Moskva belə bir vəziyyətlə hələ qarşılaşmayıb. “Soyuq müharibə” dövründə ABŞ və onun müttəfiqləri öz intelektual mülkiyyətlərini çox ciddi qoruyurdular.

Sözsüz ki, Rusiya özünün kiber üsullarına əl gəzdirmək məcburiyyətində qalacaq. Ancaq Moskva bir müddətdən sonra hansı ağır vəziyyətlə qarşılaşdığını əyani şəkildə görəcək”.

Vaqif Nəsibov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.