Avropa Ağ Evin daxili intriqalarını diplomatik masada uğura necə çevirir?

Bu gün, 09:54           
Avropa Ağ Evin daxili intriqalarını diplomatik masada uğura necə çevirir?
İlk növbədə qeyd etmək lazımdır ki, Parisdə ABŞ-ı Stiv Uitkoff və Marko Rubio təmsil edirdi. Avropada Uitkoff və Rubioya münasibət tamamilə fərqlidir. Uitkoff heç bir siyasi-diplomatik təcrübəsi olmayan, sadəcə Trampın dostu olduğu üçün vəzifəyə gətirilmiş təsadüfi bir şəxs kimi qiymətləndirilir. Təbii ki, Rubioya münasibət fərqlidir — o, ciddi və təcrübəli siyasətçi kimi qəbul olunur və avropalılar onunla dialoqa açıqdırlar.
Bundan əlavə, Uitkoff və Rubio arasında gərginlik və rəqabət var. Çünki Uitkoff Yaxın Şərq və Ukrayna məsələlərində faktiki olaraq dövlət katibi funksiyalarını yerinə yetirir ki, bu da Rubionun narazılığına səbəb olur.
Parisə gəlincə, Makron bu daxili gərginlikləri yaxşı bildiyi üçün Uitkoffu nümayişkaranə şəkildə diqqətdən kənarda saxladı və Rubionun rolunu xüsusi olaraq vurğuladı. Britaniyalılar və almanlar da eyni mövqe sərgilədilər — Uitkoffu nə “görür”, nə də “eşidirdilər”.
Makronun əsas məqsədi Uitkoffun gətirdiyi planı neytrallaşdırmaq və Rubionun vasitəsilə Makron-Starmer planına dəstək qazanmaq idi. Rubio bu oyuna qarşı deyildi və nəticə olaraq, məhz o, Lavrova zəng etdi və məhz o, ABŞ-ın prosesdən çəkilə biləcəyini, vaxtın isə günlərlə ölçüldüyünü bəyan etdi.
Bu ultimatum açıq şəkildə Rusiyaya yönəlmişdi.
Eyni zamanda, Ukrayna müdafiə naziri Ümerovun bu gün verdiyi “Ukrayna ABŞ planının 90%-ni dəstəkləyir” bəyanatı da onu göstərir ki, Avropa və Ukrayna üçün qəbul olunan mövqe Rubionunkudur. Uitkoffla isə heç kim danışmaq istəmir və bu da dolayısı ilə Trampa mesaj kimi qəbul edilir.
Gələn həftə intensiv diplomatik həftə olacaq və London görüşünə qədər bir çox məqamlar aydınlaşacaq.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.