Məhkəmə müdafiəsi hüququna məhkəmənin “vəkil sapalağı”
Bu gün, 08:14

MPM-in 67-ci- vəkilin prosesdə məcburi iştirakı maddəsi ləğv edilməlidir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 67.1-ci maddəsinə görə,
kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə
yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul
edilir və işdə iştirak edən şəxslər iclasda yalnız vəkillə birgə iştirak edirlər. 2007-ci ildən
qanuna edilən bu “vəkil sapalağı”nın başlıca məqsədi- amacı mülki prosesin
iştirakçılarının peşəkar hüquqi yardımla təmin edilməsi olsa da, gerçəkdə hüquqa,
məhkəmə təminatına qadağadan özgə bir şey deyil. Nədən məqsədlə, niyyətlə arzu,
nəticə-sonuc düz gəlmir. Ən başlıcası, söhbət keyfiyyətli hüquqi yardımdan gedirsə,
vətəndaşın istədiyi hüquqçunun xidmətindən yararlanmağına qadağa qoyulması, yalnız
Azərbaycan Respublikasında vəkil kimi səlahiyyəti təsdiq olunmuş şəxslərin, yəni
Vəkillər Kollegiyasının üzvlərinin “diplomlarının- orderlərinin tanınması” dövlət
hakimiyyətinin səmimiliyini heçə çıxarır. İcra hakimiyyətindən qanunvericiyə qəbul
etdirilən, məhkəmə hakimiyyətinin peşəkar hüquqi yardım tanımasına baxın, hüquq
doktorundan, professordan, keçmiş hakimlərdən, prokurorlardan, ədliyyə işçilərindən,
vəkillərdən, ... VK-nın orderi tələb olunur! Hüquq doktoruna sıradan “paykovoy” vəkil
yardım edəcəksə, hansı keyfiyyətli hüquqi yardımdan danışmaq olar? Eyni zamanda
mülki proses iştirakçısını zorla vəkillə müqavilə bağlamağa məcbur etmək heç də xoş
niyyətdən xəbər vermir. Yaşayış minimumunun 300 manat, vəkil orderinin 320 manat
civarında olduğu ölkədə vəkillə müqavilə bağlamağın mümkünsüzlüyü şübhə doğurmur.
Düzdür, qanunverici maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış
minimumundan əhəmiyyətli dərəcədə aşağı olan şəxslərə, 1-2-ci dərəcəli əlillərə, insan
alverinin qurbanlarına , məişət zorakılığından əziyyət çəkmiş şəxslərə, valideynini itirmiş
və ya valideyn himayəsindən məhrum olmuş şəxslərə, ünvanlı dövlət sosial yardımı alan
ailənin üzvlərinə, işsiz statusu olan şəxslərə dövlət hesabına hüquqi yardımla təmin
olunmaq hüququ verir, amma hüququn gerçəkləşməsini məhkəmənin uyğun
qərardadından asılı edir. Məhkəmə hakimiyyəti ədalət, vicdan hissini unudub, qərəzini
qüvvəyə mindirəndə heç bir əlil-qazi, yetim-yesir arayışı yardıma çatmır. Ünvanlı sosial
yardım, əlillik, pensiya təyinatında məmur-həkim “resepti” kimi, vəkil təyinatında da
hakim-vəkil yoxlaması “büdcənin pulsuz vəkil haqqı ilə çökdürülməsinə” yol vermir.
İnzibati mübahisələrə dair işlərdə kassasiya icraatında vəkilin məcburi iştirakı nəzərdə
tutulmasa da, hüquqi yardım göstərmək vəzifəsi məhkəmənin üzərinə qoyulsa da,
hakimlər nəinki İPM-in 13 və 48-ci maddələri əsasında özləri yardım edir, heç dövlət
hesabına vəkil ayrılmasını da təmin etmədən iddianı mümkün saymırlar. Halbuki Ali
Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli, 5 saylı “İnzibati məhkəmə icraatında
iddianın mümkünlüyünə dair” Qərarının 3-cü bəndində yardım etmək vəzifəsinə əməl
edilmədən iddianın mümkün sayılmamasının yolverilməzliyi təsbit olunub. Di gəl, kimdir
prosessual qanunvericiliyi, Ali Məhkəməni, Plenumu sayan? Hakimlərin saydığı yalnız
qeyri-prosessual sifarişdir. Qeyri-prosessuallığa, məhkəmə qərəzinə baxın, Bakı
Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (Şərafət Məmmədova, Pərviz Hüseynov,
Cahangir Yusifov, Aytən Oruczadə və s. və i.a, tam tərkibdə) 1-ci dərəcəli Qarabağ
əlilinin kassasiya hüququna 3 il olar qadağa qoyub ki, vəkildən imtina əsas insan və
vətəndaş hüquq və azadlığıdır və 3 il qabaq qəbul olunmuş vəkildən imtina
qərardadı preyudisial akt sayılır, daha heç vaxt 1-ci dərəcəli əlilə dövlət hesabına
vəkil ayrıla bilməz!(?) Ali Məhkəmə də bu preyudisiallığı qüvvəyə mindirib, Konstitusiya
Məhkəməsi də 1 ildir susmaqla Konstitusiyanın qüvvəsiz olduğunu, əlillərə, yetimyesirə yardım etmədiyi gerçəkliyini təsbit edir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da dövlət hesabına hüquqi yardımdan
1-2-ci dərəcəli əlillərə, yetim-yesirə pay düşmədiyini aktlaşdırmaqda İnzibati
Kollegiyadan geri qalmır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2 il qabaq 2
ayrı tərkiblə (sədrlik edən Günay Axundova, Cəmilə Musayeva, Fuad Babayev və
sədrlik edən Fuad Abdıyev, Fərrux Qasımov , Anar Tanrıverdiyev) “Azərişıq” ASC-yə
qarşı xidmərtən imtinaya qiymət verilməsi tələbi ilə Sabunçu məhkəməsinin (Adilə
Paşayeva) cavabdehin qeyri-prosessual basqısı ilə istehlakçı hüququnun müdafiəsi
ilə bağlı işin inzibati məhkəməyə aid olması “əsasında” icraata xitam verməsi
qərardadından şikayəti təmin etməyib və kassasiya şikayəti verməyə də dövlət hesabına
vəkildən imtina edib ki, iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin pensiyası, gəlirləri vəkilin
dövlət hesabına ayrılmasına əsas vermir. 2 ildir Prezident (Administrasiyası), Milli Məclis,
Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası eyni iş üzrə 2 ayrı apellyasiya heyətinə MPM-in 67-
1.1, 67-1.4.1 maddəsinin tələbini anlada bilmir, sadəcə məhkəmə anlaqsızlıq edir. 2-3 il
geriyə getməyə ehtiyac yoxdur, Bakı Apellyasiya Məhkəməsinin mülki və inzibati
kollegiyaları kassasiya hüququna qadağa qoymaq barədə “məhkəmə təcrübəsinin
vahidliyi” prinsipinə elə can-başla əməl edirlər ki, keçmişə şükür edirsən!
MPM-in 402.2.2-ci maddəsinə görə, kassasiya şikayətinin geri qaytarılması haqqında
qərardaddan (ali instansiyanın şikayəti mümkünsüz sayıb qaytarması istisna olmaqla)
kassasiya şikayəti verilə bilər. Bakı AM-in MK-sının (sədrlik edən Rafael Eyvazov, Fuad
Babayev, Cəmilə Musayeva) hüquqi faktın müəyyən edilməsindən imtina
qərardadından 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayəti geri qaytarılıb və MPM-in
402.2.2 maddəsi əsasında bu geriqaytarma qərardadından kassasiya şikayəti verməyə
dövlət hesabına vəkil ayrılmasına ərizə verilib. Ərizəyə baxılmadan şikayət kassasiya
instansiyasına göndərilib. 1-ci dərəcəli əlil kassasiya qaydasında işə baxan heyətə dövlət
hesabına vəkil ayrılmasına ərizə verib. Ali instansiya işi vəkilin tərtib etməməsi əsası ilə
mümkün saymayıb və geri qaytarıb. İndi bir aydır Bakı AM-in sədri Rafael Eyvazov olan
heyəti dövlət hesabına vəkillə təminat barədə əlilin ərizəsinə baxmır. Xumar Mərdanova,
Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyünün kassasiya hüququna vəkil qadağası da
çeşidli bəhanələrlə zəngindir. Bəhanəyə baxın, 1-ci dərəcəli Qarabağ əlilini məhkəməyə
müraciət etdiyinə görə 400 manat cərimə edən üçlüyün qərardadından şikayət geri
qaytarılıb, kassasiya hüququ təmin edilməyib ki, 1-ci dərəcəli əlil olmaq, SN-in rəyi
ilə xaricdə müalicəyə ehtiyacın olması barədə tibbi sənədlər imkansızlığı sübut
etmir və dövlət hesabına vəkil ayrılmasına əsas vermir. (?) Onu da vurğulayaq ki,
cərimə qərarı inzibati xəta aktıdır və belə işlərdə vəkilin iştirakı məcburidir. Xumar
Mərdanova və heyəti isə MK-nın sədri Rafael Eyvazovun qeyri-prosessual göstərişini
prosessual qanunvericilikdən üstün tutur. Niyə də tutmasın, 1959-cu ildən özgənin
əmlakı olan mənzili ələ keçirməyə 12 ildən sonra apellyasiya aktı ilə nail olmaq
sədrin razılığı olmadan mümkün deyil axı! İndi sədrin tapşırığına necə əməl etməmək
olar?
Nə isə, uzatmayaq, yoxsa bir qəzet səhifəsinə sığmaz. Göstərilənlər MPM-in 67-ci
maddəsi ilə təsbit olunan vəkilin prosesdə məcburi iştirakının kassasiya hüququna,
məhkəmə müdafiəsi hüququna qadağadan özgə bir şey olmadığını sübut edən
faktlardır. Bir hüquq ki, məhkəmənin qərəzindən asılı ola, o hüququn gerçəkləşməyəcəyi
bəri başdan bəlli edir. Onu da vurğulamaq mütləqdir ki, işlərə yazılı icraat qaydasında,
yəni tərəflər çağırılmadan, iclas keçirilmədən baxılması qanuniləşibsə, vəkilin məcburi
iştirakına nə ehtiyac? Bu ehtiyac yalnız və yalnız vətəndaşın hüququna qadağadan
yanadır. Qadağanın aradan qaldırılması vəkilin məcburi iştirakının qanundan çıxarılması
ilə mümkündür.
Məğrur Bədəlsoy
TEREF