Rusiya Azərbaycan-Ermənistan məsələsində inhisarçı mövqeyini itirir - Görünəni budur...

4-05-2022, 11:28           
Rusiya Azərbaycan-Ermənistan məsələsində inhisarçı mövqeyini itirir -
“Azərbaycan Ermənistanı sülh sazişi imzalamağa məcbur etməlidir. Problemin qalmasına kimlərinsə çalışmasından asılı olmayaraq, biz problemi həll etməliyik və Azərbaycan hazırda bunun üçün çalışır”. Dia.az xəbər verir ki, bu fikirləri Reyting.az-a siyasi analitik Elçin Şıxlı deyib.

Elçin Şıxlının iddiasına görə, Rusiya Azərbaycan-Ermənistan probleminin həllini istəmir və hazırda buna mane olmağa çalışır.

E. Şıxlı bildirib ki, Azərbaycan-Ermənistan məsələsində Qərbin də müəyyən istəkləri var: “Azərbaycan indi Avropa üçün neft-qaz tranziti baxımından olduqca əhəmiyyətlidir. Biz coğrafi nöqteyi-nəzərdən həddən artıq əhəmiyyətli bölgədəyik. Üstəlik, söhbət təkcə əhəmiyyətli yerdən getmir, Azərbaycanın həm də infrastruktur var. Söhbət bizim neft-qazımızdan da getmir. Əlbəttə, ölkəmizdə neft-qaz var, amma bu, Avropanı təmin etmək üçün yetərli deyil. Qazaxıstanın da, Türkmənistanın da neft və qazı var. Bunlar isə Azərbaycan üzərindən Gürcüstan və Türkiyə xətti ilə Avropaya ötürülə bilər. Rusiya neft və qazından Avropa ölkələrinin asılılığını azaltmaq üçün biz bir vasitəyik. Bu baxımdan Avropa istəyir ki, Azərbaycanda, ələlxüsus da bölgədə əmin-amanlıq olsun. Bu sabitlik üçün Azərbaycan prezidenti dəqiq çərçivə göstərir və deyir ki, Ermənistan bizimlə sülh müqaviləsi imzalasın, biz buradakı yerli ermənilərin vətəndaşımız olaraq hüquqlarını təmin edəcəyik. Beləcə, bölgədə əmin-amanlığı təmin edə bilərik.

Üstəlik, Ermənistana və Gürcüstana da əməkdaşlıq təklif edirik. Bundan yaxşı nə ola bilər?”.

E. Şıxlının fikrincə, əslində Avropanı buna inandırmaq lazımdır: “Zənnimcə, bir çox hallarda Avropa buna inanır. Sadəcə, arada bir - xüsusən də seçkiqabağı erməni lobbisinin könlünü almaq üçün bəzi Avropa ölkələri ermənilərin başını sığallayır. Bundan o tərəfə heç nə olası deyil...”.

Müsahibimiz bildirib ki, hazırda Azərbaycan-Ermənistan danışıqlarında ağırlıq Avropanın üzərinə düşür: “Rusiya tədricən bu prosesdə inhisarçı mövqeyini itirir. Ümumiyyətlə, ABŞ-ın Minsk qrupunun həmsədri olaraq Rusiya ilə eyni masa arxasında oturması mümkün deyil. Odur ki, Minsk qrupu da tarixin arxivinə gedir. Ortaya Avropa Birliyi çıxır. Belə baxdıqda Avropa İttifaqı özünü Rusiyadan daha sivil, daha mədəni aparır və problemi onlarla müzakirə etmək daha asandır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.