Hamilə müəllimlər imtahandan “kəsilib”: - “Hətta kök qadınlardan da şübhələniblər ki...”

4-05-2022, 20:55           
Hamilə müəllimlər imtahandan “kəsilib”: -
Müəllimlərin işə qəbulu prosesində növbəti mərhələlərdən biri müsahibədir.

Bugünlərdə bir çox müəllim MİQ prosesinin müsahibə mərhələsində iştirak edib. Xatırladaq ki, ötən il keçirilən imtahandan bir neçə ay sonra müsahibə prosesi reallaşıb. Lakin növbəti müsahibə xoşagəlməz amillərlə yadda qalıb. Belə ki, çox sayda, hətta yüksək nəticə göstərmiş müəllimin məhz şəxsi amillərlə bağlı müsahibədən keçmədiyi bildirilir.

Müəllimlər sosial şəbəkələrdə öz etirazlarını bildirərək müsahibədən “kəsilmə”səbəbləri kimi hamilə, yaxud hicab geyimində olmaları göstərilir.
Son dövrlərdə bir sıra iş elanlarında əsas kriteriyarlardan biri kimi xarici görünüşün “böyük əhəmiyyət kəsb etdiyi” nə artıq adət etmişik. Ancaq müəllimlərin işə qəbulunda bu kimi nüansların da şahidi olmağa başladıq.

Doğrudanmı bu gün ölkədə müəllimin biliyi deyil, xarici görünüşü daha önəmlidiir? Teref.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, 2013-cü ildə Təhsil Nazirliyində kadr dəyişikliyi olduqdan sonra təhsil islahatlarının yeni bir mərhələyə qədəm qoyduğu düşünüldü:

“Müəyyən addımlar atıldı. Ancaq çox təəssüflər olsun ki, 10 ilə yaxındır Təhsil Nazirliyini idarə edən şəxslər təhsil sahəsində nə təhsili, nə də təcrübəsi olan şəxslərdir. Son 10 ildə təhsil sahəsində ancaq eksperimentlərin keçirildiyini görürük. Bizim gənc kadrlar adlandırdığımız kadrlar islahatları ancaq kadr dəyişməkdə görür. Müəllimlərin işə qəbulu mərhələsi ötən ilin iyun ayında keçirilib və müəllimlər 7 aydır ki, həmin məktəbdə müəllim kimi çalışırlar. Dərs dediyi auditoriyada şagirdlər, valideynlər, kollektivdə kifayət qədər nüfuz qazanıblar. Biz onlara aprelin sonunda, may ayında müsahibə keçiririk. Nə qədər gülünc bir vəziyyətdir. Zimbabvedən başlayaraq dünyanın heç ölkəsində təhsil ictimaiyyətinin başına belə bir vəziyyət gətirilmir. Bir müəllim 7 ay çalışdıqdan sonra 5-10 dəqiqə müddətində müsahibə aparılır və müsahibəni aparan məktəb direktorları və rayon təhsil şöbəsinin rəhbərləridir. Onlar aparıcı məktəb direktorlarıdır ki, 700 manat əmək haqqı ilə yaşaya bilmir. O müsahibəyə gələn gənc kadrın qarşısına qırmızı bir xətt çəkir və qarşısını alır. Hansı ki, o məktəb direktoru bir dəfə də olsun dərsə girmir, ən yaxşı halda 6 saat dərs deyir”.

Ekspert deyib ki, burada əsas problemlərdən biri hicab məsələsi olub: “Mən 2013-2016-cı ildə 21 müsahibə komissiyanın sədrlərindən biri olmuşam. Bizə konkret tapşırıq verildi ki, hicablıları, hamilə qadınları “kəsin”. Nə olursa-olsun hicablı ilə hamilələr getməməlidir. O zaman bir qədər fərqli idi. Hamilələri ona görə kəsirdilər ki, gedib uşaq dünyaya gətirəcək, qismən ödənişli sosial məzuniyyəətə çıxacaq, yenidən orada dərs alacaq və s. Hamilələrlə bağlı bu, Azərbaycan qanunvericiliyini ayaq altına almaqdan başqa heç nə deyil. Əmək Məcəlləsinin 242-ci maddəsi var ki, hamilə olmaq və yaxud 3 yaşına qədər uşağı olmaq səbəbilə qadınla əmək müqaviləsi bağlamaqdan imtina edilə bilməz. Parlamentin qəbul etdiyi və ölkə başçısının imzası olan bir qanundur.

Hamilə qadın uşaq dünyaya gətirəcək və Vətən üçün əsgər böyüdür. Həmin körpə ana bətnində olanda o ananı niyə bu qədər stresə salırlar? Mən başda cənab nazir olmaqla sual vermək istəyirəm-“O, öz anasının bətnində olsaydı, onun anasını işləməkdən məhrum etsəydilər və ana işləməsəydi, bu gün nazir oxuya bilərdimi?”

Yaxud mən digərlərinə bu sualı ünvanlayıram. Bu, böyük tərbiyəsizlikdir, xalqa, cəmiyyətə hörmətsizlikdir. Təhsil Nazirliyini başa düşürük ki, nə istəyir, orada müəyyən adamlar onu edə bilir. Bəs dövlət orqanları hara baxır? Bu, birbaşa dövlətə vurulan mənəvi zərbələrdən biridir. Gənc kadrların qarşısında şərt qoyurlar ki, hamiləsənsə, işləyə bilməzsən. Ancaq Prezidentin imzası ilə olan sənəddə göstərilir ki, bu səbəbdən onu işə götürməyə bilməzsən. Gülünc məqam odur ki, hər insanın bir fiziki quruluşu var və o kök, arıq və s. ola bilər. Bir qədər kök olan 4-5 qadın müəllimlərlə bağlı məsafədən şübhələniblər ki, onlar hamilədir. Əslində isə onlar hamilə deyil. Bu, hamilə qadınlara bağlı Azərbaycan cəmiyyətinə edilən tərbiyəsizlikdir”.

Hicab məsələsinə gəldikdə isə ekspert bildirdi ki, müəllimlərin korporativ geyim forması var və bu gün ona heç kim əməl etmir:

“Mini yubkada, dar cins şalvarda məktəbə gəlmək olar, normal baş örtüyü ilə olmaz. Mənə müraciət edənlər arasında hicablı xanımlar var, normal zahiri görünüşə malikdirlər. Yaxud da Təhsul Nazirliyi rəsmən elan etsin ki, İslam dəyərlərini daşıyan insanlar təhsildən kənar olsun. Bu da gülüncdür. Konkret tapşırıq var, insanları müsahibədən bilərəkdən kəsin”.

Həmin müəllimlərin apellyasiyadan kəsilməsi ilə bağlı ekspert deyir ki, onların şikayəti araşdırmalı, videolentə baxmalıdır, əgər müəllim haqlıdırsa, nəticə ləğv edilməli, müəllimin xeyrinə qərar qəbul edilməlidir:

“Əgər komissiya düzgün qərar qəbul edibsə, rəsmi şəkildə müəllimə bildirilməlidir ki, hansı səbəblər var. Bundan sonra müəllim apellyasiyanın qərarı ilə bağlı məhkəməyə müraciət edə bilər. Apellyasiyada kim tanış tapa bilir, çox az sayda şəxs də də keçə bilir, kimin tanışı yoxdursa, tapşırıq gəlir ki, kəsin. Bu bir faktdır ki, 10 ildir təhsilin problemləri həllini tapmır, bu müddətdə 3 nazir dəyişilib. Burada söhbət nazirdən getmir. TN-in İnsan resurları şöbəsinin müdiri var. Onun insan resurlarından xəbəri yoxdur. Düşünürəm ki, böyük siqnaldır və bu kimi məsələlər ölkədə sosial gərginliyi artırmağa xidmət edir. Burada hər bir insanın taleyindən söhbət gedir. Əgər hicablıdırsa, onu ali təhsil alımağa qoymasınlar. Bir çoxları ali məktəblərə ödəniş ediblər. Hətta 59 bal toplayanı kəsiblər. Hamısı yüksək bal toplayanlardır və 7 aydır bu insanlar məktəbdə dərs deyirlər. Fikrimcə, bu müsahibə komissiyasına tapşırıq verən şəxslər pozucu fəaliyyətlə məşğuldurlar və dövlərt orqanları bu məsələni nəzarətə görüməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.