Ramazanla bağlı Ay mübahisəsi - təfriqə salan kimlərdir?

5-05-2022, 08:46           
Ramazanla bağlı Ay mübahisəsi -
Ötən illərdə olduğu kimi, bu il də Ramazan ayının son günü ilə bağlı dartışmalar müşahidə olundu. Belə ki, Şamaxı Astrofizika Rəsədxanası mayın 2-də Ayın göründüyünü bildirdikdən sonra Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq, ölkənin bütün məscidlərində bayram namazları qılındı. Lakin bəzi din xadimləri Ayın görünmədiyini iddia edərək, bayramın əslində İranda olduğu kimi, mayın 3-də keçirilməli olduğunu bildirdilər. Sosial şəbəkələrdə yayılan iddialara görə, bəzi dindarlar bayram günü məsciddə bayram namazı qılınmayacağını bildiriblər.

Qeyd edək ki, İranda Ayın görünmədiyini əsas gətirərək, din xadimləri bayramı mayın 3-də qeyd etdilər. Bayramı mayın 3-də qeyd edənlər arasında Pakistan, Hindistan, Banqladeş də var idi.

Beləliklə, az qala hər il Ramazan təqvimində ortaya çıxan bu fərq ölkədə narahatlıq yaradır. Bəs bunun qarşısını nə zaman almaq mümkün olacaq?

Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
Ceyhun Məmmədov: “Həmin insanları tapıb ifşa etməli, inzibati qaydada cəzalandırmalıyıq”

“Çox təəssüflə qeyd etmək lazımdır ki, biz davamlı olaraq bir sıra dini məsələlərin hansısa dairələr tərəfindən siyasiləşdirildiyinin şahidi oluruq. Mövcud qaydalara görə də əgər dövlətin dini idarəsi fətva verirsə, elmi rəsədxanası Ayın görünməsini təsdiqləyirsə, həmin ölkənin vətəndaşlarının üzərində vəzifə odur ki, onlar həm dini idarənin, həm də ölkənin bu qərarlarına hörmət etsinlər.

Əslində Ramazan birlik, bərabərlik ayıdır. Bu insanlar bilməlidirlər ki, onların atdığı bu addımlar Allah qarşısında da bir günahdır, çünki ölkəmizdə müsəlmanlar arasında dini birliyi, həmrəyliyi pozurlar. Aydın məsələdir ki, bu məsələ bir sıra hallarda hansısa idarələr tərəfindən bilavasitə məqsədli şəkildə siyasiləşdirilir ki, bu da yolverilməzdir.

Təsəvvür edin, bayram günündə Azərbaycanda nə qədər çaşqınlıq, ayrı-seçkilik yarandı. Müsəlmanların birliyini, həmrəyliyini qorumaq daha önəmlidir, nəinki hansısa fətvanı əsas gətirib bu barədə insanlarda çaşqınlıq yaratmaq. Təəssüf ki, dünyanın bu qədər inkişaf etməsinə baxmayaraq, belə bir hal yenə də yaşanır".

Millət vəkili qeyd etdi ki, problemin qarşısını almaq üçün artıq inzibati addımlar atmağın zamanı gəlib:

“Bu çaşqınlığı yaradanlar tapılmalı və cəzalandırılmalıdır. Xatırladım ki, bizim qanunvericilik, dini etiqad azadlığı haqqında qanun da buna imkan verir. Yəni gözümüz görə-görə kimlərinsə ölkəmizdə qarşıdurma yaratmaq istəməsinə, fikri ayrılığı yaratmasına soyuqqanlı qalmaq olmaz.

Daha bir sual, necə olur ki, bütün müsəlman ölkələri bayramı mayın 2-də qeyd edir, amma hansısa ölkə bayramı mayın 3-nə salır? Bu necə olur? Biz bunu hansı formada anlayaq və başa düşək? Necə olur ki, Türkiyədə, ərəb ölkələrində Ay görünür, amma hansısa ölkədə görünmür?

Bizim əsasımız var, bu cür insanlarla bağlı tədbir görülsün ki, növbəti illərdə bu cür çaşqınlıq təkrarlanmasın. Əgər biz inzibati qaydada tədbir görməsək, bu işlərin qarşısını almasaq, hər il eyni çaşqınlıq yaşanacaq.

Bizim öz siyasətimiz, dini idarəmiz, dini komitəmiz var. Niyə insanları bu qurumlara qarşı inamsızlığa səsləyirlər? Bu, dövlət təhlükəsizliyi məsələsidir. Həm də əxlaq, dini baxımdan da günahdır. Ona görə də bir daha qeyd edirəm ki, biz bununla bağlı ciddi tədbir görməli, maariflənmə aparmalı, həm də bunu edən insanları müəyyənləşdirib ifşa etməli, cəzalandırmalıyıq".

Tural Abbaslı: “Əslində vəziyyət çox qəlizdir, ona görə də... ”

AĞ Partiya sədri Tural Abbaslı mövzuya bu cür şərh bildirdi: “Bu, çox problemli məsələdir. Şamaxı Rəsədxanasının Ayın görünməsini elan etməsi, əlbəttə ki, elmi yanaşmadır. Lakin dindarlar daha çox dini liderlərin sözünə itaət edir. Düşünürəm ki, bu, Azərbaycanın təkbaşına həll edə biləcəyi məsələ deyil. Çünki uzun illərdir ki, Azərbaycanda İran şiə, Türkiyə sünni məzhəb məsələsi var. Burada Azərbaycan nə edə bilər? Kimisə məcbur etmək olmaz. Bu baxımdan vəziyyət çətindir və nəzərə alsaq ki, Azərbaycan həm İranla, həm də Türkiyə ilə sərhəddir, ölkəmizdə həm şiə, həm də sünni camiyəsi var, ona görə də dövlət konkret olaraq mövqe qoya bilmir. Çünki narazılıqlar baş verə bilər. Ona görə də məsələni tənzimləmək lazımdır.

Əlbəttə ki, təqvimlə bağlı fərqlilik olanda söz-söhbət yaranır, anlaşılmazlıq olur, amma hələlik bunun əksi də yoxdur. Sadəcə, lazımdır ki, İran bu məsələdə daha konstruktiv mövqe tutsun və ortaya dünya müsəlmanlarından fərqli mövqe qoymasın. Lakin təəssüf ki, illərdir yaradılan təfriqə var və bu davam etməkdədir. Bir daha qeyd edirəm ki, vəziyyət çox qəlizdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.