Geosiyasi mənzərədən KƏNARDA QALAN ERMƏNİSTAN – TƏHLİL

1-06-2022, 08:15           
Geosiyasi mənzərədən KƏNARDA QALAN ERMƏNİSTAN – TƏHLİL
Dünyanın siyasi mənzərəsinə baxanda açıq-aşkar görünür ki, Ermənistan heç də bu mənzərədə özünə yer tapa bilmir. Bu işğalçı ölkənin bu zamana qədərki fəaliyyəti, işğalçılığı dövlət siyasəti olaraq qəbul etməsi, yenə də məkrli niyyətlərə meyilli olması artıq bütün dünyada ikrah yaradıb desək, yanılmarıq. Hazırda dünyada müşahidə olunan mənzərə heç də ermənilərin xeyrinə deyil və onlar özləri də kənarda qaldıqlarının fərqindədirlər. Elə bu səbəbdəndir ki, erməni xalqını küçə və meydanlardan yığışdırmaqda Ermənistan hakimiyyəti çətinlik çəkir. Bütün dünyada baş verən hadisələrə, Ermənistanın bu hadisələrdən kənarda qalmasına görə doğru addım atmaq, doğru yol seçmək əvəzinə, bu ölkənin hakimiyyəti ancaq müxalifəti təqib etməkdə davam edir.

İndi ermənilər özləri də çox yaxşı görür və müşahidə edirlər ki, ölkələr biri-birləri ilə münasibətləri normallaşdırmağa, daha da yaxşılaşdırmağa maraqlı olduqları halda, ölkələri əlaqələr quranlara, bu əlaqələri genişləndirənlərə qoşulmur və Ermənistan bu sırada, münasibətləri normallaşdıranlar sırasında yoxdur. Əksinə, Ermənistan bir ölkə olaraq daxili çəkişmələrlə məşğuldur və erməniləri bir az da qızışdıran elə budur. Bəlkə də sıravi ermənilər bu zamana qədər öz ölkələrində stabillik, sabitlik, inkişaf istiqamətində, digər ölkələrlə münasibətlərin normallaşdırılması yönündə bircə dənə addım görsəydilər, bu ölkədə bu boyda xaos yaranmazdı. Məsələ burasındadır ki, ermənilər geosiyasi mənzərədə özlərinə yer tapa bilməyən ölkələrinə görə özlərini çox kənarda hiss etdikləri üçün narahatdırlar və bundan sonrakı vəziyyətlərinin necə olacağı mənasında sıxıntıları da başadüşüləndir.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın öz ölkəsinin tezliklə İsraillə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirməsi, sözün həqiqi mənasında ermənilərin narahatlığına səbəb olub və hiss olunur ki, onların kürkünə birə düşüb. “Türkiyə ilə İsrail arasında münasibətlərin daha müsbət səviyyəsinə çatmaq üçün addımlar atacağıq”, deyən cənab Ərdoğanın Türkiyə və İsrail qazın Şərqi Aralıq dənizindən Türkiyə vasitəsilə Avropaya çatdırılması ilə bağlı danışıqlar aparılacağı barədə fikir söyləməsi, bu barədə “Yeni Şafak” nəşrinin sitat gətirməsi erməni cəmiyyətində rezonans doğurub. Türkiyə Prezidentinin İsrail tərəfinin hazır olduğunu bəyan etməsi barədə, Türkiyənin bu çərçivədə fəaliyyətini davam etdirdiyi haqda bildirməsi Qüdslə Ankaranın mövqelərinin yaxınlaşmasının sübutudur və ermənilərin yuxularını ərşə çəkən də budur. İndi erməniləri həm də narahat edən sual odur ki, görəsən hadisələr bununla məhdudlaşacaqmı? Məsələ burasındadır ki, məhdudlaşmayacağı tamamilə mümkündür və daha inandırıcı görünür. Ümumiyyətlə, ermənilərin həzm edə bilmədikləri hadisələrin gözləri önündə cərəyan etməsi, dünya düzənində özlərini görməmələri onları narahat etməyə bilməz. Məhz dünya geosiyasi xəritəsinin onların gözləri qarşısında tamamilə yenidən formatlaşdırılması, yeni ittifaqların, tandemlərin, blokların yaradılması, bunların hamısından Ermənistanın kənarda qalması ermənilər üçün də, onların ölkələri üçün də arzuolunan deyil və bu xalqın narahatlıqları da bu mənada anlaşılandır.

Bütün dünyada münasibətlərin formalaşdırılması, normallaşdırılması istiqmətində izlənilən müsbət tendensiyanın fonunda Ermənistanda nə baş verir? Ermənilər öz ölkələrində nəyi müşahidə edirlər? Onlar çox yaxşı görür və anlamağa başlayırlar ki, Ermənistan indi beynəlxalq əlaqələr, ən əsası da qonşuları ilə normal münasibətlər qurmaq əvəzinə yalnız daxili siyasi qarşıdurmalarla məşğuldur. Bu ölkənin daxilində hakimiyyət davası gedir, halbuki, Ermənistanın daha vacib, taleyüklü məsələləri var və bu ölkənin hakimiyyəti məhz bütün bunların həllinə can atmalı idi.

Yenə də Ermənistanda mitinqlər gözlənilir və hələ də bu ölkənin müxalifətinə yenidən etirazlar vəd edilib. Bu ölkənin hakimiyyəti də onlara öz təbirincə, öz anlayışına uyğun reaksiya verəcəyi qənaətindədir, yəni onlara qarşı təzyiqlərin tətbiq ediləcəyi təkzib edilə bilməz. Hələ də Ermənistan daxili çəkişmələrlə məşğuldur və uzun zaman bununla məşğul olacağını da inkar etmək mümkün deyil. Diplomatik arenada məğlubiyyət ardınca məğlubiyyət dadını yaşayan Ermənistan hələ bundan sonra daha böyük məğlubiyyətlər astanasındadır. Ermənistan bir ölkə olaraq xaos içindədir, qarşıdurmalar baş alıb gedir.

Kütlənin sırasında olanlar, yəni adi erməni xalqının sıravi nümayəndələri mitinqlərə çıxdıqda, etiraz aksiyalarına qoşulduqda özlərini haqlı hesab edirlər. Onlar düşünürlər ki, Ermənistan rəhbərliyi bu ölkənin acınacaqlı mövcud durumuna görə adekvat addımlar atmır. Bakıda bir neçə gün dalbadal “TEXKNOFEST” festivalının keçirilməsi, orada təyyarələrin, helikopterlərin, zirehli texnikaların, pilotsuz uçuş aparatlarının, o cümlədən Bayraktar AKINCI və Bayraktar TB2 pilotsuz təyyarələrinin nümayiş etdirilməsi ermənilər tərəfindən mesaj olaraq qəbul olunur. Bir növ qorxu hissi də duyulmaqdadır. Türkiyənin Daxili İşlər Nazirliyi, Türkiyə Milli Təhsil Nazirliyi, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, Türkiyə Müdafiə Sənayesi İdarəsi, müdafiə şirkətləri olan ASELSAN, Baykar, HAVELSAN, ROKETSAN, STM, TEI, Türk Aerokosmik Sənayesi və Türkiyə Kosmos Agentliyi festivalda öz stendlərini açmaları da erməni cəmiyyətini narahat etməyə bilməzidi və elə də oldu.

Eyni zamanda, Türkiyənin STM şirkətinin Bakıda Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün taktiki pilotsuz uçuş aparatları və dəniz platformalarını təqdim etməsi də işğalçı ölkədə narahatlıq doğurub. Türkiyə və Azərbaycanın birgə texnopark yaradacağı barədə məlum olduğu haqda özlərinin mətbuat səhifələrində rastlaşdıqları zaman ermənilərin halını təsəvvür etməmək mümkün deyil. Ələlxüsus, “Baykar”ın texniki direktoru Səlcuq Bayraktarın Şuşaya səfər etməsi haqda özlərinə məxsus mətbuat səifələrinin məlumat yayması erməni işğalçılarını tamamilə qorxuya salıb. “Dünya türklərin gücünü görsün, yerini bilsin”, deyə Bayraktarın fikirləri barədə öz mətbuat səhifələrindən eşitdiklərindən həyəcana düşən ermənilər dünyanın heç bir ölkəsinin bu sözlərə reaksiya verməməsinə görə özlərindən çıxdıqlarını qəti şəkildə gizlətmirlər.

Bütün bunları, sadalananları müşahidə etdikləri halda Ermənistanın KTMT-dəki yerini belə ermənilər necə qiymətləndirə bilərlər? Bu sözügedən təşkilatın belə öz münasibəti işğalçı ölkədə bəllidir. Azərbaycan və Türkiyə qüdrətlə və məntiqi əsasla bir yerdədir və Ermənistanda da hamı bunu başa düşür. Bunu başa düşənlər öz ölkələrinin vəziyyətini müqaisə belə edə bilmirlər və sıxıntılarına da, ölkədə yaratdıqları xaosa da səbəb budur. Üstəlik, Rusiyadan, KTMT-dən, hətta ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ və Fransadan da gözləntiləri erməniləri qane etmir və bu arada Türkiyə və İsrail münasibətlərinin normallaşması da onlar üçün arzuolunan sayıla bilməz. Ermənistan hökumətinin heç bir əlaqələr qurmağa, dövlətlərlə, xüsusən də qonşu ölkələrlə münasibətləri normallaşdırmağa can atmaması, diqqətini yalnız müxalifətlə mübarizəyə yönəltməsi əslində, bu ölkənin geosiyasi mənzərədə kənarında qaldığını göstərir.

Müəllif: İnam Hacıyev
sia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.