Dərslər sentyabrın 1-də başlasa, nə olar - rəylər

24-06-2022, 08:21           
Dərslər sentyabrın 1-də başlasa, nə olar - rəylər
Ekspert: “Neçə ildir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq, bunun ancaq mənfi nəticələrini görürük”

Yenə də tədris ilinin sonunda valideynlərin, şagirdlərin narazılığı baş qaldırıb. İnsanlar dərs ilinin iyunun 14-də bitməsinə etiraz edirlər. Qeyd edək ki, dünyanın bir sıra ölkələrində yeni dərs ili ənənəyə uyğun olaraq sentyabrın 1-də başlayır. 1 sentyabr həm də “Bilik günü” kimi qeyd olunur. “Bilik günü”nün dünyanın ayrı-ayrı ölkələrində fərqli vaxtda və fərqli qaydada keçirilməsi ənənəsi də var.

Məlumdur ki, əvvəllər ölkəmizdə də dərs ili sentyabrın 1-də başlayırdı. Sonradan bu tarix sentyabrın 15-i ilə əvəzləndi. Ancaq bu qayda neçə illərdir ki, narazılığa səbəb olur. Dərs ilinin yenidən sentyabrın 1-də başlaması müzakirə olunur və bu qaydanın yenidən tətbiq edilməsi təklif edilir. Bununla belə, bu təklif ictimaiyyət arasında fikir müxtəlifliyinə səbəb olub. Belə ki, bir qisim mütəxəssis dərs ilinin sentyabrın 1-də başlamasının tərəfdarı olsa da, bəziləri buna qarşı çıxır.

Təhsil Nazirliyindən isə bildirilib ki, bu məsələ müzakirə olunmur.

Bildirilir ki, xüsusilə paytaxt Bakıda adətən sentyabrın 15-nə qədər kəskin istilərin olması bu hala təsir edən amillərdən biridir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kurikulum əsasında götürüldüyü üçün vaxt alır. Dərslər sentyabrın əvvəlinə keçirilərsə, o zaman gərək imtahanlar yanvar ayına təyin olunsun.

Təhsil eksperti Kamran Əsədovun mövzu ilə bağlı “Yeni Müsavat”a açıqladığı fikirlər diqqət çəkdi: “Qeyd edim ki, 2004-cü ilə qədər ”Bilik günü" sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Ardınca edilən dəyişikliklə 2015-2016-cı tədris ilindən ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatır. Qeyd edim ki, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar. Digər tərəfdən, dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olunan iki həftə bərpa edilə bilər".

Ekspert ayrı-ayrı ölkələrdə dərs ilinin başlama-bitmə vaxtlarını misal çəkərək onların təcrübələrini bölüşüb: “Əgər beynəlxalq təcrübəni əsas götürürüksə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr ”Bilik günü"dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Ermənistanda məktəblər 1 sentyabrda açılır və mayın sonuna qədər davam edir. İranda isə dərslər sentyabrda başlayıb iyuna qədər davam edir. Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir. İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir. İsraildə 1 sentyabrda başlayan təhsil prosesi iyunun 20-nə qədər davam eləyir. İtaliyada məktəblər sentyabrın ilk 15 günlüyündə başlayır və iyunda başa çatır. Amma Böyük Britaniyanın digər subyekti Şotlandiyada dərslər avqustun ortalarında, yaxud sonlarında başlayıb növbəti il iyunun sonlarına və iyulun əvvəllərinə qədər davam edir".

K.Əsədov qeyd edib ki, ABŞ-da “Bilik günü”nün konkret tarixi yoxdur: “Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblər ”Bilik günü" sentyabr ayının ilk bazar ertəsi, yaxud cümə axşamına təsadüf edir. Amma ölkənin cənubunda dərslər iyulun sonları və avqustun əvvəllərindən başlayır. Standart tədris prosesi 42 həftəni əhatə edir və iyun ayının ilk bazar ertəsinə qədər davam edir. İyul-avqustda tədrisə başlayan məktəblər isə mayın ilk bazar ertəsi dərslərə stop deyir. Ümumiyyətlə, heç bir ölkədə dərs ili hər hansı ayın ortasından yox, ayın əvvəlindən başlayır. Bizdə də sovetlər vaxtında dərs ili sentyabrın 1-dən hesablanırdı və bu çox uğurlu seçim idi. Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq. Lakin bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Belə düşünürəm ki, bu qərar bir qədər tələsik atılmış addım idi.

Düzdür, dünyada tədris ilinin uzun olması bütün ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu həm də kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biridir. Avropa Birliyinə aid olan və dünyanın müasir, inkişaf etmiş ölkələrində tədris ili bizim tədris ilindən ən azı 4-6 həftə uzundur. Onlarda ümumtəhsil məktəblərində orta təhsilin müddəti də 12-13 il, hətta 14 il hesablanır. Tədrisin daha uzunmüddətli olması və daha çox təhsil inkişafa yönəlmiş addımlardan biridir. Burada ancaq müsbət cəhətləri görmək mümkündür. Təcrübə göstərir ki, bizim təqvimdə çoxlu sayda bayram tətilləri və qeyri-iş günləri olduğundan bu, orta məktəblərdə tədris planının tam şəkildə həyata keçirilməsinə mane olur. Mövzuların birləşməsi, yazı işləri və onlar üzərində səhvlərin təhlili işinin aparılmaması, yekun dərslərin keçirilməməsi kimi məsələlər şagirdin biliyinin obyektiv qiymətləndirilməsinə təsir edən amillərdəndir. Lakin son 5-6 ilə baxanda görürük ki, dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimlərin, həm də şagirdlərin vaxtını alır. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. Apardığım sorğuda iştirak edən şagirdlər qeyd edir ki, məktəbdə oxuyarkən tədris ilinin sonuna yaxın yalnız istirahət haqqında fikirləşirlər. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur. Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilməz".

Ekspertin fikrincə, isti havada şagirdlərin dərsə getməsi sağlamlıq cəhətdən də əlavə problemlər yarada bilər: “Belə ki, istidə yorğun, halsız uşaqlar bir də məktəbdə əlavə olaraq yüklənirlər. Bu isə onların səhhətinə yaxşı təsir göstərməyə bilər. Mənim fikrimcə, dərs ili əvvəlki qaydada olsa, daha məqsədəuyğun olar. Bu, uşaqlardan əlavə, valideynlər üçün də artıq problemdir. İyunda övladını məktəbə aparıb-gətirmək onlar üçün də çətin və zəhmətlidir. Çünki bu ayda artıq bir çoxları istirahət və tətil planları qurur. Vaxtı 14 gün uzatmaqla nəyəsə nail olmağın mümkün olmadığını hesab edirəm”.

Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, tədris ili sentyabrın 15-i başlanıb, mayı 31-də bitməlidir: “Tədris ilinin nə vaxt başlanıb bitməsi məsələsinə ümumi yanaşdıqda təhsildə əsas kəmiyyət göstəricisi deyil. Biz təhsilin keyfiyyəti üçün çalışmalıyıq. Müxtəlif ölkələrdə dərslər fərqli tarixlərdə başlanır. Keçmiş SSRİ ölkələrində tədris ili 1 sentyabr-25 may aralığındadır. Biz isə müstəqil ölkəyik və özümüzə məxsus təhsil ənənəsi formalaşdırmalıyıq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.