Rus saytlarını bloklayaq, yoxsa üzr istədək?

30-06-2022, 08:04           
Rus saytlarını bloklayaq, yoxsa üzr istədək?
Rusiyanın tanınmış aparıcısı Vladimir Solovyov Qarabağdakı terrorçu-separatçı rejimin mənsubu David Babayanla müsahibəyə görə birbaşa efirdə Azərbaycandan üzr istəyib.

O, canlı yayımda etiraf edib ki, Babayanla müsahibə Rusiya-Azərbaycan münasibətlərinə zərbə ola bilər. Qeyd edək ki, V.Solovyovun terrorçu ilə müsahibəsinə görə "RİA Novosti" Azərbaycanda blok edilib.

Bəs üzrdən sonra "RİA Novosti" Azərbaycanda blokdan çıxarılmalıdırmı? Ümumiyyətlə, xarici maraqlara xidmət edən digər medialar da "RİA Novosti" kimi blok olunmalıdır?

TEREF.AZ yazır ki, deputat Bəhruz Məhərrəmov Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan dövləti ölkədə hər hansı xarici media orqanının yayımının dayandırılmasında maraqlı deyil: "Xüsusən də qərəzsiz, vicdanlı və peşəkar informasiya yayımı ilə məşğul olan hansısa saytın fəaliyyətinin bloklanması arzuolunan deyil. Lakin hansısa media qurumu milli maraqlarımızı və beynəlxalq hüququn ümumtanınmış prinsiplərini pozaraq suverenliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüzlə bağlı təhdidlər yağdırırsa, bizə qarşı informasiya savaşı açırsa, təbii ki, belə hallara göz yumula bilməz və yumulmur da. Bilirsiniz ki, 44 günlük savaş boyu aparıcı Vladimir Solovyov dəfələrlə Azərbaycana qarşı qərəzli və çirkab kampaniyanın önündə gedən isimlərdən olub. Qısa müddət öncə isə Solovyov Qarabağdakı terrorçu-separatçı rejimin mənsubu David Babayanla müsahibə etmək, eyni zamanda, separatçıları "münaqişə tərəfi" adlandırmaqla növbəti dəfə cizgini keçib.

Amma gördük ki, o, artıq Azərbaycandan üzr istədi. İndi isə Solovyovun fəaliyyət göstərdiyi bütün KİV-lərin Azərbaycanda bloklanması məsələsi ictimai şəkildə müzakirə olunur. Amma hesab edirəm ki, məsələyə fərqli prizmadan baxmalıyıq".


Deputat əlavə edib ki, xarici media qurumların bloklanması texniki baxımdan mürəkkəb məsələ deyil: "Lakin gəlin baxaq, bloklama həmin media orqanının fəaliyyətindən, öz mövqeyindən geri durmasına səbəb olurmu? Biz bloklamaqla yalnız Azərbaycanda yayımı dayandırırıq, həmin media qurumu isə öz çirkabını yenə davam edir və yenə də dünya ona görür və eşidir. Bu mənada məsələyə daha köklü yanaşmalıyıq. Məsələnin köklü həlli nədir? İlk növbədə məsələyə dövlətlər səviyyəsində qarşılıqlı aydınlıq gətirilməli və qarşılıqlı öhdəliklər götürülməlidir. Necə ki, bir neçə gün öncə Azərbaycan və Rusiya arasında bənzər addım atıldı. Bildiyiniz kimi, iyunun 24-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” saziş imzalandı və bu sənədlə tərəflər öz informasiya məkanından bir-birinə mümkün təhdidləri bloklamağı öhdəsinə götürdülər. Bu, o deməkdir ki, Rusiya ərazisindən hər hansı media orqanının anti-Azərbaycan fəaliyyəti, bundan sonra Rusiyanın öhdəlikləri ziddinə olduğu üçün belə cəhdlər ən azından Rusiyanın özünün iradəsinə qarşı olacaq. Əvvəldə də qeyd etdim, Vətən müharibəsi boyu Solovyov anti-Azərbaycan fəaliyyəti ilə məşğul oldu və ümumiyyətlə, geri addım atmadı. Müvafiq saziş imzalanandan sonra isə vəziyyət dəyişib. Özünüz şahid oldunuz ki, Solovyov təxribatlarından qısa zaman sonra birbaşa efirdə Azərbaycandan üzr istədi və etiraf etdi ki, törətdiyi təxribat Rusiya-Azərbaycan münasibətlərinə zərbə ola bilər. Demək ki, Prezident İlham Əliyevin strategiyası həmişə olduğu kimi bu dəfə də özünü doğrultdu. Digərə tərəfdən, Solovyovun timsalında baş verənlər Rusiya mediası, xüsusən erməni oliqarxların nəzarətində olan Rusiya KİV-ləri üçün ciddi bir dərs oldu. Anladılar ki, artıq anti-Azərbaycan təxribatları sadə məsələ deyil və ortada Rusiyanın özünün öhdəlikləri var. Bu mənada hesab edirəm ki, biz saytların bloklanmağındansa elə Rusiya ilə imzalanan sazişin nümunəsindəki alət və mexanizmlərə daha çox üz tutmalıyıq. Bloklamaq isə dövlətin öz ixtiyarında olan məsələdir və həmişə mümkündür".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru