Azərbaycan geri çəkilmədi: Dəhliz açılacaq...
1-07-2022, 09:49

Azərbaycan dünyanın nəqliyyat mərkəzinə çevrilmək üzrədir. Regionun lider dövləti olan Azərbaycan dünya üçün ciddi əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin keçəcəyi coğrafi mövqedə yerləşir. 44 gün ərzində Ermənistan üzərində qazanılan tarixi qələbə nəticəsində torpaqların işğaldan azad olunması isə bu meqalayihələrdə Azərbaycan üçün əlavə imkanlar yaratdı.
Söhbət Zəngəzur dəhlizinin açılmasından və bu dəhlizi birləşəcək digər nəqliyyat yollarından gedir ki, Azərbaycan bununla bağlı möqeyini dəfələrlə açıq şəkildə ortaya qoyub. Xatırlamaq yerinə düşər ki, 10 noyabr üçtərəfli Bəyanatda da nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın tələbi və istəyi ilə yer alıb. Bununla bağlı kapitulyasiya aktını imzalayan Ermənistan və bəyanatın qarantı olan Rusiya üzərinə öhdəlik götürüb. Ermənistan tərəfi bu məsələdə öhdəliklərindən yayınmağa çalışsa da, Azərbaycanın qətiyyətli mövqeyi bu prosesdə həlledici rola malikdir.
Prezident İlham Əliyev dəfələrlə bununla bağlı Azərbaycanın qəti mövqeyini ifadə edib. Prezident İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında da bu məsələyə toxundu və Azərbaycanın birmənalı mövqeyini hər kəsin diqqətinə çatdırdı.
“Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Azərbaycan Vətən müharibəsində Qələbədən, Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb”, - deyə Prezident çıxışında vurğulayıb.
Digər tərəfdən, önəmli məqamlardan biri də Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmasıdır. Azərbaycan həm coğrafi, həm də regiondakı gücünə və mövqeyinə görə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyev Zirvə Toplantısında çıxışında bu məqamlara da toxunub və bildirib ki, Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir:
“Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadəyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.
Azərbaycanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsində əsas səbəblərdən biri də Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadə verilməsidir. Bu limanın yükdaşımalardakı rolu hazırkı dövr üçün əvəzedilməzdir.
“Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub”, - deyə Prezident İlham Əliyev deyib.
Göründüyü kimi, Azərbaycan mövqeyində qətidir. Yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin başlanması da gözlənilir. Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldəki son görüşündə bununla bağlı razılığa da gəlinmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, qısa zaman sonra Azərbaycan dəmir yolu, dəniz, hava və avtomobil (yükdaşıma) nəqliyyatında dünyanın əsas aparıcı ölkəsi olacaq. Teref.az-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan bir dövlət kimi inkişaf etmək üçün dəhlizlər məsələsini həll etməlidir:
“Zəngəzur dəhlizinin açılması və eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının Azərbaycanda keçən hissəsi bizim üçün çox vacibdir. Prezident İlham Əliyev də Azərbaycanın bu məsələyə nə qədər önəm verdiyini bir daha bəyan etdi. Zəngilan səfərində də biz gördük ki, Füzuli-Ağbənd yolu faktiki bitmək üzrədir. Dəmir xətləri çəkilib. Rusiya-Ukrayna müharibəsi nəticəsində Çindən, Hindistanda Avropaya gedən yüklərin daşınması dayanıb. Bu baxımdan Zəngəzur dəhlizi bütün dünya üçün vacib məsələyə çevrilib. Azərbaycanın isə bu məsələdə mövqeyi birmənalıdır: Zəngəzur dəhlizi bütün variantlarda açılacaq. Zəngəzur dəhlizi məsələsində Türkiyənin, Orta Asiya dövlətlərinin də marağı var. Çin, Böyük Britaniya və Avropa ölkələri də Zəngəzur dəhlizinin açılmasına maraqlıdır. Təbii ki, Ermənistan bütün yollardan istifadə edərək buna mane olmağa çalışacaq. Rusiya nə qədər ermənipərəst mövqedən çıxış etsə də, onlar da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, ən azından ona görə ki, Türkiyəyə quru yolla çıxış əldə edəcəklər. Bütün hallarda görünən odur ki, Azərbaycan öz maraqlarından geri çəkilməyəcək”.
Göründüyü kimi, Azərbaycan dünyanın nəqliyyat mərkəzinə çevrilmək üzrədir. Eyni zamanda, Azərbaycanın bu mövqeyi eyni zamanda siyasi və iqtisadi tərəfdaşlarının sayını artırır. Bu da Azərbaycanın gücünün göstəricisidir.