Bunları evimizdən necə qovaq?
3-07-2022, 11:41

Teref.az: Sən Allah, bizim cəmiyyətin zövqünə bax. Ən reytinqli verilişlərimiz cəmiyyətimizin hansı İQ-də olduğunun dəqiq göstəricisidir. Əslində, bu zövqdə, bu düşüncədə olan insanlar toplusunu heç cəmiyyət də adlandırmaq düzgün deyil...
Gündə 3 saat Xoşqədəm və Zaurun süni stress şoularına baxan adamda hansı pozitiv həyat eşqi ola bilər? Zaur Kamalın canlı efirdəki şitliklərinə saatlarla tamaşa edən hansı “ağıllı”dan ağıl gözləmək olar?
Bir az ağlı, məntiqi, dünyagörüşü olan adam bu proqram deyilən düşüklüyə 5 dəqiqə də baxa bilməz. Özünü çox qəribə hiss edər. Tamaşaçı kimi utanıb xəcalət çəkər ki, mən gör, nəyə baxıram.
Axı ailə, məişət mövzularını nə qədər müzakirə etmək olar?! Kimin arvadı kiminlə yatdı, kimin kişisi kimin evindən çıxdı, filankəsin uşağının əsl atası kimdir, qaynata gəlininə niyə göz vurub... İyrənclikdir. Bu mövzuları efirdə müzakirə etmək, buna şərait yaratmaq ürəkbulandırıcıdır.
Dediyim kimi, problem təhsildən başlayır. Təhsil probleminin isə həlli heç üfüqdə də görünmür... Ölkənin vətəndaşları nə qədər savadsızdırlarsa, bu proqramların izləyiciləri o qədər çox olacaq. Təhsil geri getdikcə xoşqədəmlər, zaurlar irəli gedəcək. Kütlələri böyüyəcək. Onlar hakimi-mütləq olacaqlar hər birimizin evində.
Fuad İsmayıl