Putinin son nəfəsindəki yeni Qarabağ ssenarisi: Türklər arasında müharibə planı

4-07-2022, 16:24           
Putinin son nəfəsindəki yeni Qarabağ ssenarisi: Türklər arasında müharibə planı
Özbəkistanın Qaraqalpaqıstan Muxtar Vilayətinin paytaxtı Nukusda etirazların yatırılması nəticəsində ölənlərin sayı rəsmi məlumatlara görə, 18 nəfərə çatıb.

Ümumilikdə, təhlükəsizlik qüvvələri tərəfindən iğtişaşların yatırılması zamanı 243 nəfər xəsarət alıb, onlardan 94-ü xəstəxanalardadır. Bəzi yaralıların vəziyyəti ağırdır. 149 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Özbəkistan Milli Qvardiyasının və Baş Prokurorluğunun nümayəndələrinin iyulun 4-də birgə keçirdiyi brifinqdə belə deyilir.

Milli Qvardiyanın mətbuat xidmətinin rəhbəri Davron Jumanazarov bildirib ki, xəsarət alan 243 nəfərdən 38-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Bundan başqa, 516 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. Saxlanılan şəxslər barəsində araşdırma aparılır. Onların bəziləri inzibati qaydada cəzalandırılıb və sərbəst buraxılıb. Özbəkistan Milli Qvardiyası Qaraqalpaqıstan sakinlərini və qonaqlarını fövqəladə vəziyyət rejiminin tələblərinə əməl etməyə, səbəb olmadan küçəyə çıxmamağa və müxtəlif mənbələr tərəfindən yayılan məlumatlara inanmamağa çağırıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanın suveren statusunun ləğvinin ölkə konstitusiyasına təklif edilən dəyişikliklər sırasına daxil edilməyəcəyini bildirsə də, muxtar respublikada vəziyyət gərgin olaraq qalır. Yəni etiraz aksiyalarından sonra Özbəkistan hakimiyyəti yeni konstitusiya ilə Qaraqalpaqıstanın muxtar respublika statusunu saxlamağa məcbur olub. Buna baxmayaraq, sabitlik tam bəpra olunmayıb. Bölgədə avqustun 4-ə qədər fövqəladə vəziyyət elan edilib. Qazaxıstanın Mangistau vilayətindən Qaraqalpaqıstana keçmək istəyən 100 nəfərdən artıq qaraqalpaq sərhədlər bağlı olduğundan Özbəkistana buraxılmayıb.

Etirazçıların tələbləri qəbul olunsa da, Özbəkistan Konstitusiyasının 74-cü maddəsinin olduğu kimi saxlanılması ölkənin ərazi bütövlüyü və suverenliyi üçün ciddi problem olaraq qalır. Həmin maddədə qeyd edilir ki, Qaraqalpaqıstan Respublikasının Özbəkistan Respublikasından Qaraqalpaqıstan xalqının ümumi referendumu əsasında ayrılmaq hüququ var. Bu isə adıçəkilən bölgədə separatçılığın baş qaldırması üçün kifayət qədər hüquqi əsas yaradır. Üstəlik, Qaraqalpaqıstanın 20 il müddətinə Özbəkistanın tərkibinə daxil olması ilə bağlı 1993-cü ildə imzalanmış müqavilənin müddəti başa çatıb. Konstitusiyanın 70-ci maddəsi Qaraqalpaqıstanın suveren respublika kimi Özbəkistanın tərkibinə daxil olmasını nəzərdə tutur. Özbəkistan Konstitusiyasının yeni mətninə təklif edilən əlavə və dəyişikliklərdə Prezident Mirziyoyevin respublika statusunu ləğv etmək cəhdi isə əks-təsirə bərabər oldu.

Görünür, rəsmi Daşkənd Qaraqalpaqıstan məsələsini həlli üçün müddəti başa çatmış 20 illik sazişi yeniləməyə maraq göstərməyib və bunu Özbəkistanın ərazi bütövlüyünə təhlükə hesab edib. Ona görə də Prezident Mirziyoyev Qaraqalpaqıstana müstəqillik qazanmaq hüququ verən maddələri ölkənin ana qanunundan çıxartmağa üstünlük verib. Eyni zamanda, müqavilənin müddətinin bitməsindən istifadə edən qaraqalpaqlar Özbəkistanın tərkibindən ayrılmaq və müstəqil dövlətə çevrilmək haqqında referendum keçirə bilər.

74-cü maddənin Özbəkistan Konstitusiyasından çıxarılması da bu problemin qarşısını almaq məqsədi daşıyıb. Lakin Özbəkistan Konstitusiyasına görə, Qaraqalpaqıstanın suveren hüquqları ilə bağlı olan 70, 71, 72,73,74 və 75-ci maddələr qaraqalpaq xalqının razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Şavkat Mirziyoyev respublika statusunun ləğvi barədə təklifi geri götürməklə qaraqalpaqların Özbəkistanın ana qanunu ilə təsbit olunmuş hüquqlarına hörmət etdiyini nümayiş etdirməyə çalışır.

Ancaq son hadisələr Mərkəzi Asiyada özbək və qaraqalpaq türkləri arasında münaqişə mənbəyinin formalaşdığını deməyə əsas verir. Bu, 1988-ci ildən sonra Özbəkistanda iki türk xalqı arasında baş vermiş növbəti milli münaqişə ola bilər. Həmin vaxt özbəklər və Ahıska türkləri arasında qanlı təxribatın törədilməsi sonuncuların Azərbaycana deportasiyası ilə nəticələnmişdi.

Qaraqalpaq türkləri Özbəkistanın tərkibində yaşasa da, Qazaxıstana daha yaxın hesab edilir. Hətta 1924-cü ildə Qaraqalpaq Muxtar Vilayəti yaradıldıqdan sonra 1930-cu ilə qədər Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibində olub. 1930-cu ildən isə Özbəkistan SSR-in ərazi-inzibati tərkibinə daxil edilib. Hazırda qaraqalpaqların bir hissəi Qazaxıstanda yaşayır. Ona görə də Qaraqalpaqıstanın iki ölkənin sərhədində yerləşdiyini nəzərə alsaq, yarana biləcək münaqişənin Qazaxıstan ərazisinə keçmək ehtimalı yüksəkdir. Yəni separatçılıq və silahlı toqquşma yalnız Özbəkistanı əhatə etməyəcək. Bu, Özbəkistanla Qazaxıstan arasında müharibəyə də gətirib çıxara bilər.

Bölgədə hazırlanmış təxribatların da əsas hədəfinin məhz Mərkəzi Asiyada güclənən türk birliyini pozmaqdan ibarət olduğu aydınlaşır. Türk Dövlətləri Birliyi daxilində inteqrasiyanın artması geostrateji əhəmiyyətə malik Mərkəzi Asiyada maraqları olan Rusiya, Çin kimi dövlətləri narahat edir. 1925-ci ildə Tacikistan SSR-ni yaratmaqla bölgədəki türk xalqları arasında birliyi pozmağa çalışan Rusiya indi də Qaraqalpaqstanda 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində həyata keçirdiyi ssenariləri davam etdirmək istəyir.

Özbəkistanda yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, iğtişaşların məqsədi türk dövlətləri arasında birliyi pozmaq və Turan ideyasını gözdən salmaqdır:


“Bu, Rusiyanın fitnələridir. Rusiya türk dövlətləri arasında sürətlə gedən siyasi və iqtisadi inteqrasiyaya mane olmağa çalışır. Lakin hesab edirəm ki, bu təxribatlar baş tutmayacaq. Artıq Qaraqalpaqıstanda vəziyyət qaydaya salınıb. Artıq Türk Dövlətləri Birliyi və hər bir ölkə bu təxribatlardan özünü sığortalamağa çalışacaq. Ruslar son nəfəsdə qarşıdurma yaratmaq istəyirlər. Bunlardan biri Türk Dövlətləri Birliyi, Turan ideyasıdır. Amma onların Ukraynada olduğu kimi, bu məsələdə də uğur qazana bilməyəcəklərini əvvəlcədən söyləmək mümkündür”.

Qabil Hüseynli onu da bildirdi ki, Özbəkistanla Qazaxıstan arasında müharibə ehtimalı inandırıcı görünmür:

“Çünki qaraqalpaqların bir neçə nəfər nümayəndəsi Rusiya Prezidenti Putinə müraciət edib. Yəni təxribatın başında Rusiya dayanır. Amma Qazaxıstanla Özbəkistan arasında təxribat törədə bilməyəcək. Üstəlik, hər iki türk dövlətinin başçısı dostdur. Onların arasında Türkiyə kimi böyük vasitəçi dövlət var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.