ABŞ-ın separatçılara maliyyə yardımı ilə bağlı XİN-dən AÇIQLAMA

5-07-2022, 12:45           
ABŞ-ın separatçılara maliyyə yardımı ilə bağlı XİN-dən AÇIQLAMA
ABŞ 2023-cü ildə Ermənistana 60 milyon dollar, Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarına isə 2 milyon dollar maliyyə yardımı ayırmağı planlaşdırır.

ABŞ Nümayəndələr Palatasının Xarici Təxsisatlar Komitəsi tərəfindən bildirilib ki, Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək.

“Komitənin tövsiyəsinə Qarabağda minatəmizləmə fəaliyyətləri üçün ən azı 2 milyon dollar daxildir... Komitə Qarabağdakı münaqişənin humanitar təsiri, sağlamlıq və digər insan ehtiyacları, mənzil, ərzaq təhlükəsizliyi, su və kanalizasiya sahələrində yaranan problemlərdən narahatdır”,– məlumatda deyilir.

Redaktor.az ABŞ-ın Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarına maliyyə yardımı planlaşdırması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mövqeyini öyrənib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirdi ki, bu, bir layihədir və tövsiyə xarakterlidir.

“Burada söhbət ABŞ Nümayəndələr Palatasının Xarici Təxsisatlar Komitəsi çərçivəsində oxunuşdan keçən layihədən gedir, yəni bu bir qanun yox, layihədir. Eyni zamanda, bu hesabat, buradakı müddəalar tövsiyə xarakteri daşıyır. ABŞ-ın təxsisatlar qanunu kimi qəbul edilməsi üçün onun Senatın və Nümayəndələr Palatasının ümumi iştirakı ilə konfransdan müzakirəyə keçib qəbul olunması gərəkdir. Bu proses gələn ilin əvvəllərinə qədər uzanacaq”, - deyə XİN sözçüsü qeyd etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.