Şoyqudan Qərbə silah alveri ittihamı - o, nə demək istədi?

7-07-2022, 10:49           
Şoyqudan Qərbə silah alveri ittihamı -
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynada xüsusi əməliyyat Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənə qədər davam edəcək. Bunun ardınca o, Qərbin Ukraynadakı münaqişəni uzatmaq üçün Kiyevə irimiqyaslı silah tədarükünü davam etdirdiyini söyləyib.

Şoyqunun iddiasına görə, Qərbin Ukraynaya verdiyi silahların bir hissəsi Yaxın Şərqə və “qara bazar”a çıxır. Rusiya müdafiə naziri bildirib ki, son 10 gündə Ukraynada 170 əcnəbi muzdlu məhv edilib. 99 nəfər isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək Ukrayna ərazisini tərk edib. Faktiki olaraq mesaj verilir ki, Qərb ölkələri Ukrayna müharibəsindən istifadə edərək, “qara bazar”da silah satır. Ekspertlər bu ittihamda həqiqət payı görürmü? Ukrayna müharibəsində gizli yolla silah satmaq maraqları olan ölkələr varmı və hansıdır?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bu kimi açıqlamaların real əsasının olmadığını düşünür: “Rusiya Ukrayna ilə müharibə başlayan gündən paralel şəkildə informasiya müharibəsi də aparır və kimin nə qədər qazanmasından asılı olmayaraq tərəflər bu silahdan maksimum yararlanmağa çalışırlar. Şoyqunun dedikləri də məhz bu siyasətdən qaynaqlanır. Deyilənlərdə təəccüblü heç nə görmürəm. Çünki belə hadisələr istənilən qaynar nöqtədə baş verir. Bunu kütləvi hal kimi təbliğ etmək, dediyim kimi, savaşın bir növüdür. Ukrayna ərazisində birilərinin könüllü, birilərinin muzdlu dediyi döyüşçülər var və bunu rəsmi Kiyev gizlətmir. Eyni zamanda indiyədək hər iki tərəfdən minlərlə insan öldüyünü nəzərə alsaq, onların arasında mülkü əhali və yerli əsgərlərlə bərabər xaricdən gələn döyüşçülərin də olması təbiidir. Həmçinin istər könüllü olsun, istərsə də muzdlu, kənardan gələnlərin istədikləri vaxt qayıtması halları dünyanın istənilən qaynar nöqtəsində ola bilər. Əgər Şoyqunun özü Ukraynada minlərlə, hətta 20-30 min arası muzdlunun olduğunu bildiribsə, yalan ya doğru olmasına baxmayaraq 99 nəfərin ölkəsinə qayıtmasını, yaxud 170 nəfərin ölməsini qələbələri kimi qələmə vermək gülüncdür.

Elşən Mustafayev: “Ukraynaya ayrılmış silahların qara bazara çıxarılması inandırıcı deyil”

Rusiya tərəfdə də Yaxın Şərqdən, Suriyadan Əsəd tərəfdarlarının döyüşdüyü və kütləvi şəkildə həlak olduğu barədə Ukrayna tərəfi məlumatlar yayır. Yəni müharibənin yazılan qanunlarından biri kimi informasiya savaşı gedir və adətən hərbi əməliyyatlar gedən zonalarda təbii görünə bilən hadisələri bəzəyib təbliğat materiallarına çevirmək cəhdləri mövcuddur. Eynilə Ukraynaya ayrılmış silahların qara bazarda satılması faktlarını da bu yolla şişirdirlər. İstənilən müharibədə bundan istifadə edərək qara bazarda silah satışı ilə məşğul olmaq istəyən qruplar olub və bundan sonra da olacaq. Amma Ukrayna müharibəsində istəsələr belə kimlərsə onlara yardım üçün verilmiş silahları kütləvi şəkildə qara bazara çıxara bilməz. Kimlərinsə haradansa 5-10 avtomat ələ keçirib satmaq məqsədilə gizlətməsi faktları ola bilər, hansı ki, belə məxluqlar hər yerdə var. Amma Şoyqunun dediyi kimi, Ukraynaya ayrılmış silahların qara bazara çıxarılması inandırıcı deyil. Maraqlarına qarşı olduğundan silahları tədarük edən Qərb və ABŞ buna imkan verməz. Rusiyanın öz təcrübəsində belə hallar olduğundan hamıya öz gözü ilə baxır. Məsələn, 90-cı illərdə rus-çeçen müharibəsi zamanı on minlərlə rus əsgəri çeçenlər tərəfindən öldürülmüşdü. Çeçenlərə isə silahları hərbi anbarlardan rus generalları satırdı. Dünyanın heç bir ölkəsində belə hal indiyədək olmayıb”.

Şəhla Cəlilzadə: “Ortada milyardlarla dollar həcmində istifadə ünvanı bəlli olmayan silah-sursat qalır ki...”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə ortada ünvanı bəlli olmayan silah-sursatların qalmasından söz açdı. O hesab edir ki, bu silahlar cinayətkar qrupların əlinə keçə bilər: “Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) Baş Katibi Jürgen Stok Ukraynaya göndərilən silahlar mövzusunda böyük maraq və həyəcan doğuran bir açıqlama verib. Bu açıqlamaya görə, Ukraynada silah dövriyyəsinin çox sürətli olduğu, bu vəziyyətin Avropanın daxilində və xaricində qaçaqmal silahların sürətli şəkildə yayılmasına səbəb ola biləcəyi, o cümlədən beynəlxalq cinayət təşkilatlarının silah-sursat axtarışında olduğu nəzərə alınaraq, mövcud vəziyyətin qlobal cinayətkarlıq səviyyəsinin ümumi artmasına gətirib çıxara biləcəyi vurğulanır. O, həmçinin qara bazarda silah ticarətinin artmasının qarşısının alınması üçün nəzarət mexanizminin gücləndirilməsini təklif edir. BBC-nin açıqladığı məlumata görə, 2022-ci ilin 6 ayı ərzində Ukraynaya ümumilikdə 30-dan çox dövlət tərəfindən külli miqdarda hərbi yardım edilmişdir. Həmin müddətdə Ukraynaya hərbi yardımın həcmi 100 milyon dollardan çox olan ümumilikdə 15 ölkə (ABŞ, Böyük Britaniya, Polşa, Almaniya, Kanada, Norveç, Çexiya, Yunanıstan, Estoniya, Latviya, Avstraliya, İsveç, Fransa, Danimarka və İtaliya) adı qeyd olunur ki, bunların da Ukraynaya ümumilikdə 30 milyard dollardan çox hərbi dəstək göstərdikləri qeyd olunur. Bu yardımın ən böyük hissəsi ABŞ (25,45 milyard dollar), Böyük Britaniya (2,53 milyard dollar - bu rəqəmə 30 iyunda elan olunan 1,2 milyard dollar həcmində yardım daxil edilməyib), Polşa (1,81 milyard dollar), Almaniya (1,48 milyard dollar) və Kanadanın (0,8 milyard dollar) payına düşür. Zelenski Rusiyaya qarşı müharibənin bir aylıq xərcinin Ukraynaya 5 milyard dollara başa gəldiyini, müharibənin isə 4 ay yarımdır davam etdiyini nəzərə alsaq, ortada milyardlarla dollar həcmində istifadə ünvanı bəlli olmayan silah-sursat qalır ki, bunun da beynəlxalq cinayətkar qrupların əlinə düşmə ehtimalı mövcud şəraitdə olduqca yüksəkdir. Müvafiq narahatlıq qlobal polis təşkilatı tərəfindən də dilə gətirilirsə, deməli, real vəziyyət artıq kritik həddədir. Təşkilatın rəhbəri Stok, silahlarla bağlı məlumatların paylaşıldığı ortaq bir data bazasının olduğunu və üzv ölkələri bu bazadan istifadə etməyə dəvət edərək, əks təqdirdə qlobal silah mafiyası ilə mübarizə aparmağın çətin olacağını vurğulamışdı. Qeyd edim ki, ABŞ Əfqanıstana külli miqdarda silah daşımış, lakin 2021-ci ilin avqustunda ölkədəki hərbi varlığını sonlandırarkən buradakı silahlar Talibanın əlinə keçmişdi. Hazırda Ukraynadakı mövcud xaos və müharibə fonunda böyük həcmdə silahın tədarük edilməsi və burada toplanması, beynəlxalq silah cinayətkar qrupları üçün əlverişli şəraiti daha da artırır. Ukraynaya Qərbdən gələn silahların xüsusilə təhlükəli olan terrorist qrupların əlinə keçmə ehtimalı (bununla bağlı artıq müəyyən həyəcan siqnalları da alınır), həmçinin Rusiya ilə müharibə uzandıqca Ukraynanın ”Avropanın Suriyası"na çevrilməsi ehtimalı mövcud kritik vəziyyətin real müstəvidə daha da pisləşməsinə gətirib çıxara bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.