Həbs olunan məmurların əmlakı niyə müsadirə olunmur?

25-07-2022, 12:27           
Həbs olunan məmurların əmlakı niyə müsadirə olunmur?
Ölkə mətbuatında son vaxtlar vəzifədən azad edilən məmurların mülklərinin siyahısı yayılır. Siyahılardan məlum olur ki, həmin məmurlar doğrudan da dövlət büdcəsini talayıb, külli miqdarda varidata sahib olublar. Bir çox ictimai şəxslər isə hesab edirlər ki, korrupsiya və rüşvətə qurşandığı üçün həbs olunan məmurların əmlakı müsadirə edilərək, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə sərf edilməlidir.

Bəs, nədən rüşvətxor və korrupsioner məmurların, qeyri-qanuni yollarla varlanan oliqarxların mülkləri müsadirə edilmir?

Məsələ ilə bağlı

hüquqünas Ələsgər Məmmədli Bakupost.az -a açıqlama verib.

O, bildirib ki, məhkəmə prosesində şəxsin əmlakının müsadirə olunması nəzərdə tutularsa, bu, mümkündür:

“Şəxsin fərdi olaraq hansısa hüququ pozub-pozmadığını məhkəmə müəyyən edir. Məhkəmədə bunların cinayətinin sübut olunub-olunmaması məsələsi var. Konstitutsiyamızın 63-cü maddəsi təqsirsizlik prezumpsiya hüququnu tanıyır. Yəni, məhkəmənin qərarı olmadan şəxsə cinayətkar deyə və onu cinayət əməlinin törədicisi kimi təqdim edə bilmərik. Əgər məhkəmə prosesi və istintaqın gedişi zamanı şəxsin təqsiri tam sübut olunursa , o zaman həmin təqsirin cəzası çərçivəsində həm də əmlakının müsadirəsi nəzərdə tutulursa, əmlak müsadirə olunur. Amma əgər müsadirə olunmadan cəza müəyyən olunursa, yaxud qanunvericilikdə elə nəzərdə tutulubsa, o zaman hansı əməli törətməsinə baxmayaraq, məhkəmə onun əmlakının hamısını əlindən almaya bilər. Bu baxımdan məsələni ayrımaq lazımdır”.

Ə.Məmmədli ölkəmizdə məhkəmə-hüquq sisteminin işinə də diqqət çəkib:

“Məhkəmələrin və istintaqın nə qədər obyektiv olub-olmaması isə ayrı məsələdir. Bu da sual altındadır. Çünki Azərbaycanda bir çox səs-küylü məhkəmə işləri olub və nəticə etibarı ilə qısa bir müddətdən sonra mühakimə olunan şəxslər hansısa səbəblərdən həbsdən azad olunublar. Hətta bir müddət sonra onlaryenidən əvvəllki həyat tərzini davam etdiriblər. Bu aspektdən baxanda, əlbəttə, cəmiyyətdə ciddi bir sual var ki, cinayət törətmiş, böyük vəsaitlər mənimsəmiş şəxslərin əməlləri məhkmədə hüquqi qiymət alandan sonra niyə onların əmlakları, mənimsədiyi pullar müsadirə olunmur? Bu, əlbəttə ki, məhkəmə-hüquq sisteminin etimad məsələsidir. Azərbaycanda məhkəmə sisteminin problemi çox ciddi problemlərdən biri olaraq qalır. Bu düzəlmədiyi müddətcə cəmiyyətin vicdanı rahatlamaz. İlk növbədə məhkəmə sistemi obyektiv, ədalətli olmalıdır. Qərarlarını qanunlara uyğun şəkildə verməlidirlər. O zaman cəmiyyət razı qalar və bu kimi sullar da yaranmaz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.