Qarabağdakı qanunsuz dəstələr üçün gerisayım başlayıb - NƏ BAŞ VERİR?

26-07-2022, 09:26           
Qarabağdakı qanunsuz dəstələr üçün gerisayım başlayıb - NƏ BAŞ VERİR?
Ötən həftənin siyasi olaylarından biri də iyulun 22-də Rusiya XİN-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin qəfil Bakı səfəri oldu. Çünki bu ziyarətlə bağlı qabaqcadan hər hansı anons verilməmişdi.

Xatırladaq ki, Xovayev hazırkı vəzifəsinədək ATƏT-in Minsk Qrupunun sonuncu rusiyalı həmsədri olub. Bakıda onu xarici işlər naziri Ceyhun Bayramov qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyini vurğulayıblar. Bundan əlavə, normallaşma prosesinin irəli aparılması və konkret nəticələrin əldə edilməsi üçün bütün səylərin səfərbər edilməsinin əhəmiyyəti qeyd edilib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlərin müzakirə edildiyi deyilir.

*****

Diqqətçəkicidir ki, xüsusi nümayəndə Prezident İlham Əliyev tərəfindən qəbul edilməyib. Səfər ümumən son vaxtlar rəsmi Bakının 10 noyabr üçtərəfli sənədinin məlum bəndlərinin, xüsusən də qanunsuz erməni hərbi birləşmələrin Qarabağdan çıxarılmasını nəzərdə tutan 4-cü bəndin hələ də icrasız qalmasından dolayı Rusiyaya ünvanlı açıq narazılıqlarından dərhal sonraya təsadüf edir. Yada salaq: az öncə İlham Əliyev Rusiya tərəfinin bu ilin iyun ayınadək həmin bəndin həyata keçəcəyinə söz verildiyini, lakin vədə əməl olunmadığını söyləmişdi.

Bu mənada səfərin Azərbaycanın haqlı tənqidləri ilə bağlı olması istisna deyil. Hər necə olmasa, Moskvaya ən azından Ukrayna ilə davam edən müharibə səbəbi ilə Güney Qafqazın açar ölkəsi Azərbaycanla münasibətlərdə hansısa gərginliyin, təlatümün yaranması əl vermir. Həm də ermənilərə görə. Üstəlik, Putinin özünün imzası duran bir sənədin həyata keçməyən bəndlərindən söhbət gedir. Gözləyək görək, rəsmi Bakının əsaslı iradlarına Kremlin cavabı nə olacaq?

Bir şey dəqiqdir ki, Rusiya da, Qərb də qalib Azərbaycanın 44 günlük müharibə ilə yaratdığı yeni reallıqla barışmaq zorundadır. Bu proses gedir və mütləq öz tam məntiqi sonluğuna çatacaq. Az-çox analitik qabiliyyəti olan ermənilər də bunun fərqindədirlər.

*****

Məsələn, radikal müxalifətçi Respublikaçılar Partiyasının sədr müavini (rəhbəri eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyandır) Armen Aşotyan hesab edir ki, daha rəsmi Brüssel (Avropa İttifaqı) üçün “Dağlıq Qarabağ problemi”, “erməni hərbi əsirlər problemi” mövcud deyil.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün Facebook səhifəsindəki birbaşa efirdə bildirib.

“Mənim qənaətim bu il iyulun 18-də Avropa Komissiyasının baş katibinin Bakı ilə imzaladığı rəsmi sənədə əsaslanır. Sənəd Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsinə dair hesabat adlanır. Yəni Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Bakı ilə əlaqələri, qiymətləndirmələri, problemləri və müxtəlif sahələrdə qeydə alınan uğurları ümumiləşdirilib. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Ancaq bu mətn boyu heç olmasa bircə dəfə ”Dağlıq Qarabağ" ifadəsi işlədilmir. Ermənistan-Azərbaycan problemlərindən danışan rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib və yalnız bir dəfə azərbaycanlıların dözümlü yanaşdığı “Qarabağ” sözündən istifadə edib", - deyə Aşotyan vurğulayıb.

Çıxışına davam edən müxalifətçi eyib: “Avropa İttifaqının rəsmi cavabına görə, Dağlıq Qarabağ daha mövcud deyil. Bu, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsidir. Onun üçtərəfli görüş zamanı etdikləri, yəni ”Dağlıq Qarabağ" ifadəsini işlətməkdən imtinası indi artıq rəsmi sənədlərdə əks olunur".

*****

Öz növbəsində azərbaycanşünas-ekspert Tatevik Ayrapetyn mövcud reallıqlar fonunda Ermənistanın faktiki tək qaldığını, hətta qonşu İrana belə etibarın olmadığın etiraf edib.

Bu yerdə yada salaq ki, ötən həftə Tehranda reallaşan “üçlü sammit”də İranın ali dini lideri Əli Xomeneyi Zəngəzur dəhlizini nəzərdə tutaraq, region ölkələrinin ərazi bütövlüyünün Tehran üçün “qırmızı xətt” olduğunu bildirib. Bənzər mövqe indiyədək İranın digər rəsmi şəxslərinin dilindən də səslənib. Ayrapetyan isə deyir ki, “Ermənistanın ərazi bütövlüyü İrandan ötrü gerçəkdən də ”qırmızı xəet"dir, amma İran Ermənistanın xilaskarı deyil və ilk növbədə öz maraqlarını güdür".

Ayrapetyan həmçinin əmindir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qoşunların “artsax”dan çıxarılmasına dair bir neçə gün qabaq verdiyi məlum bəyanatdan Bakı yeni güc tətbiqi və Qarabağda antiterror əməliyyatının aparılmasına bəraət qazandırmaq üçün istifadə edə bilər.

“Həm də aydındır ki, bu məsələdə Qərbdən dəstək gözləməyə dəymir. Qərb Bakıya qarşı heç bir sanksiya tətbiq etməyəcək”, - deyə o əlavə edib.

Beləcə, həm tükəndiklərinin, həm də təkləndiklərinin yavaş-yavaş fərqinə varan mənfur qonşular nə qədər tez ağla gəlib gerçəyi qəbul eləsələr, çıxış yolunun qonşu Azərbaycan və Türkiyə ilə təcili dil tapmaqdan keçdiyini dərk eləsələr, bir o qədər özlərinə yaxşılıq eləmiş olarlar. İkinci və daha sarsıdıcı “Dəmir yumruğu” yeməkdən yayınarlar. Gerisayım başlayıb...
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.