“Ananı, bacını bura gətirəcəyik” deməklə uşaqları qorxudublar

6-05-2016, 10:19           

«Avroviziya məhbusları»nın valideynləri ədalət tələb edir

Ali Məhkəmədə növbəti proses iyunun 9-da keçiriləcək

Mayın 5-də Ali Məhkəmədə hakim Inqilab Nəsirovun sədrliyi ilə “Avroviziya məhbusları” – 29 nəfərin barəsindəki hökmdən kassasiya şikayətinə növbəti baxış təyin olunmuşdu. Ancaq təqsirləndirilən şəxslərdən biri – Samir Sanıyevin hökmdən məhkəməyə kassasiya şikayəti gəldiyindən proses növbəti dəfə iyunun 9-na kimi təxirə salındı.


Ali Məhkəməyə kassasiya şikayət təqdim edənlər “Eurovision-2012″ mahnı yarışması ərəfəsində prezidentə sui-qəsdə cəhdə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovnikini öldürməkdə və başqa ağır cinayətlərdə ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşlarıdır.

Məhkumların məhkəmə prosesində iştirak edən yaxınları deyirlər ki, iş üzrə çıxarılmış hökm ədalətsiz, əsassız və qanunsuzdur.

“Terroristin böyüyü Eldar Mahmudovun özüdür”

Həbsdə olan Nizami Səlimxanovun anası Xatın Səlimxanova övladını MTN əməkdaşlarının qanunsuz saxladığını və sonradan həmin qanunsuzluqlarla da həbsə məhkum edildiyini deyir: “Terroristin böyüyü Eldar Mahmudovun özüdür. Bizim övladlarımızı 15 il, bəzilərini isə ömürlük həbsə məhkum etdirib. Oğlum ali təhsillidir, 4-5 dil bilir, əsli-nəcabəti olan bir nəslin – Səlimxanovların nümayəndəsidir. Ondan terrorist olar? Məhkəmələr o dövrdə MTN-də yazılan ittiham aktlarını təsdiq etməklə məşğul idi. Çünki məhkəmələr Eldar Mahmudova baxırdı, hakimlərin bir çoxu ondan qorxurdu. Biz valideynlər Ali Məhkəmənin hakimi Inqilab Nəsirovdan ədalətli qərar gözləyirik”.

X.Səlimxanova deyir ki, dəfələrlə dövlət qurumlarına müraciət ediblər, amma cavab almayıblar.

“Məgər fikirləşmək cinayətdir?”

Həbsdə olan Elmir Nurəliyevin anası Məhluqə Nurəliyeva deyir ki, oğlunu 2012-ci il aprelin 5-də evə silahlı basqın edən 20-yə yaxın MTN əməkdaşı yatdığı yerdən aparıb. “Oğlumu döyə-döyə apardılar. Həbs olunandan sonra Eldar Mahmudovun cinayətkar qrupu, özləri cinayətkar olduqları halda oğluma ən ağır işgəncələr verməklə ağır cəzaya məhkum etdirdilər. Oğlumun heç bir cinayəti yoxdur, məhkəmədə də heç bir cinayəti sübut olunmayıb. Məhkəmədə hakimlər deyirdilər ki, sən bunu fikirləşmisən. Yəni ittihamda yazılanları fikirləşmisən. Məgər fikirləşmək cinayətdir? Belə çıxır ki, demokratik ölkədə fikirləşmək də olmaz… Bir ana kimi istəyərdim ki, cənab prezident MTN-in cinayətkar işçilərinin sonadək ifşa olunmasına, tutulmasına nail olsun”- deyə vurğulayır.

“4 ildir oğluma dərman daşıyıram, sağalmır…”

M.Nurəliyeva ittihamın absurd olduğunu diqqətə çatdırır: “Evrovison” keçirilməzdən 1 il əvvəldən, hələ “Cristal Hall” tikilməzdən, ümumiyyətlə, bu tədbirin Azərbaycanda keçiriləcəyi bilinməzdən əvvəl 29 nəfəri tutub salmışdılar ora. Həmin “statya”ları bizim uşaqların üstünə qorxutmaqla, “ananı, bacını bura gətirəcəyik” deməklə qoyublar. Onları sıraya düzüb bir-bir toka veriblər, olmazın işgəncələrə məruz qoyublar. Elələri var ki, qabırğalarını sındırıblar. Onlara saxta ifadələri belə imza etdiriblər. Oğlum işgəncələrdən sonra 4 ildir ki, xəstədir. O qədər vurub-döyüblər ki… 4 ildir ona dərman daşıyıram, sağalmır… Bizim övladlarımız niyə görə kimlərinsə saxta ittihamları ilə həbsdə qalmalıdır? Biz prezidentə müraciət edirik, ona əlimiz çatmır. Bu iş yenidən araşdırılsın.

“2 körpə uşaqla Allahın ümidinə qalmışıq”

Məhbuslardan birinin həyat yoldaşı olan, adının çəkilməsini istəməyən hicablı qadın deyir ki, 2 körpə uşaqla Allahın ümidinə qalıblar: “Evrovision” məsələsində tutulan 29 nəfərin içində həyat yoldaşım da var. Onlara MTN-in binasında dəhşətli işgəncələr verilib. Hətta onları məhkəmə binasına gətirəndə elə gətirirdilər ki, sanki dəhşətli terror aktı törədiblər. Başlarına qara torba keçirmişdilər. Halbuki tutulanlar bu ölkədə kiməsə xətər törətməyiblər. Hətta bir qarışqanı əzməyə qıymayan insan bu boyda dövlətə necə ziyan verə bilər ki? Xahiş edirəm ədalətli qərar verilsin. Körpə uşaqlar ortalıqda qalıb. Övladımın biri xəstədir. Mən onun dərmanlarını alıb çatdıra bilmirəm. Xahiş edirəm bu dəfə, bu məhkəmədə ədalətli qərar verilsin, bizim övladlarımızın ataları, anaların günahsız övladları azad olunsun”.

“Istintaq real faktlara deyil, ehtimallara əsaslanıb”

Samir Sanıyevin vəkili Nəsimi Isayev isə MTN-də iş üzrə ilk gündən doğru-dürüst araşdırma aparılmadığını deyir: “Bu iş MTN-də istintaq olunan işlər sırasında ən qeyri-obyektiv işdir. Istintaq real faktlara deyil, kiminsə ehtimallarına əsaslanıb. 2011-ci ildə azərbaycanlı cütlük ”Evrovision” musiqi yarışmasında qalib olub, tədbirin 2012-ci ildə Azərbaycanda keçiriləcəyi qərarlaşdırılıb. Ittiham aktında yazıbkar ki, guya tutulanlar “mahnı yarışmasının keçiriləcəyi ”Christal Hall”u partlatmaq istəyiblər. Sual olunur, 2011-ci ildə kim bilə bilərdi ki, Azərbaycan bu yarışmada qalib gələcək? Ittiham aktında bu cür uyğunsuzluqlar var. Iş tamamilə absurd işdir. Samir Sanıyevi və digər iki şəxsi ömürlük həbsə məhkum ediblər. Guya bu şəxslər hakimiyyəti zorla ələ keçirmək istəyiblər. Amma işdə bir ifadə belə yoxdur ki, kim və necə hakimiyyəti ələ keçirmək istəyib. Heç bir dəlil-sübut olmadan belə qondarma ittihamlar verib və məhkum ediblər. Yazırlar ki, guya sərhəddən çantalarla silah keçiriblər. Amma ortada heç bir fakt yoxdur. 29 nəfəri bu cür qondarma ittihamlarla həbs ediblər. Iş Ali Məhkəmədədir. Ümid edirik ki, MTN-dəki məlum həbslərdən sonra, nazir Eldar Mahmudovun, Akif Çovdarovun rəhbərliyi ilə qondarma işlər aparılması məlum olandan sonra nəhayət ki, bu saxta işə Ali Məhkəmə ədalətlə baxacaq. Gec də olsa həqiqət üzə çıxdı, Eldar Mahmudov və dəstəsi oradakı qanunsuzluqlara görə işdən çıxarılıb tutuldular. Ümid edirik ki, hakimlər bu işə ədalətlə baxacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.